“ƏDƏBİYYAT DA QƏRIBDIR… BİZİM DÜNYAMIZDA!”


Şairə Afaq Şixli ilə musahibə

* Salam, Afaq xanım! Azərbaycan Yazıçılar Birliyinin Moskva bölməsinin məsul katibi seçildiniz. Bu, necə oldu və siz bunu necə dəyərləndirirsiniz?

– Hər vaxtınız xeyir olsun! İnanın ki, Azərbaycan informasiya agentliklərinin təyinatıma bu qədər diqqət verəcəklərini gözləmirdim. Sevindiricidir.

2014-cü ilin sonunda Azərbaycan Yazıçılar birliyinin üzvü olmuşam, dəqiq desəm, qurultaydan sonra yaradılan komissiyanın ilk təsdiqlədiyi üzv mənəm. Düşünə bilərsiniz ki, niyə belə gec? Yadımdadır, “Səni düşünürəm” adlı dördünçü kitabım yeni işıq üzü görmüşdü və mən onu Moskva Şəhriyar Ədəbi mədəni cəmiyyətinin üzvü istedadlı və tanınmış yazarımız Sultan Mərziliyə təqdim edəndə, yazarlar birliyinin üzvü olub olmadığımı soruşdu. “Yox” dediyimdə, çox təəcübləndi və “Nəyə görə sənədlərini vermirsən? Sənin şeirlərini çox bəyənirik…” – dedi. Sonradan, sənədlərimi də elə cəmiyyətin sədri cənab Vasif Məmmədov və şair Sultan Mərzili toplayıb birliyə göndərdilər.

Məsələ ondadır ki, hər zaman çalışmışam ki, bir işə o zaman əl atım ki, özümü buna layiq bilim, daxili rahatlıq hissim olsun. Yalnız on kitabın (bunlardan üçü xarici dildə), yüzlərcə məqalənin və bədii tərcümələrin müəllifi, Rusiya və Avrasiya yazarlar birliyinin üzvü olduqdan sonra, mən özümü vətənimin yazarlar birliyinin üzvü olmağa layiq hesab etdim. Düşündüyümə görə, hər bir insanın içində özünütənqid və qürurunu cilovlama gücü olmalıdır.

Bu günlərdə isə, AYB Moskva bölməsinin sədri hörmətli alim Tofiq Məlikli, bölməmizin iclasında mənim məsul katib olmağım haqda təklifi səsə qoydu. Yekdilliklə bu təklifə razılıq verildi. Şadam, çünki görmək istədiyim çox iş var, planlarım, layihələrim var. Bu yaxınlarda, bizim bölmənin üzvlərinin sayının az olması haqda narazılıqla dolu yazılar oxudum bəzi saytlarda. Bir yana baxanda həqiqətdir, sayımız 10-12 nəfərdən çox deyil. Lakin, burada o qədər gözəl yazan, gənclərimiz var ki. Hər biri, zamanla, gələcəyin ünlü şairləri, nəsr ustaları olacaq yüksək potensiala malikdirlər.

Bəzilərinin kitablarımı yoxdur? Çox yaxşı məlumdur ki, kitab məsələsi indi ancaq və ancaq maddi durumla bağlı problemə çevrilib. Pulu olan hər bir adam bərbad yazılarını toplum halına sala bilir, elə gözəl yazılar da olur ki, maddiyyat üzündən yığcam vəziyyətə gələ bilmir. Elə kitablar götürmüşəm əlimə ki, qırmızı qələmlə əvvəlindən sonuna kimi redaktə etmişəm, kitab lalə rəngi alıb. Somerset Moemin gözəl bir fikri var, o deyir ki, yaxşı əsərdə müəllifin çəkdiyi əziyyət hiss olunmamalıdır, əsər – xoşbəxt təsadüfün nəticəsinə bənzəməlidir. Bu o mənada deyilib ki, zorla ”mən şair olmalıyam, məni tanımalıdırlar” deyə oturulub nəsə yazılmamalıdır. Yazı özü axıb gəlməli və səni məcbur etməlidir ki, onu vərəğə köçürəsən.

İnşaAllah, Moskvada gənclərin ədəbi inkişafı ilə bağlı arzularımı həyata keçirmək fikrindəyəm. Ədəbiyyata qədəm qoyduqları dövrlərdə onlara tərifdən, şişirdilmiş mükafatlardan daha çox, ədəbi dəstək və öyrədəcək müəllim lazımdır. Qalan hər şey özü zamanla gəlib yerini tapacaq.

– Şairlik nə deməkdir sizin fikrinizcə?

– Şairlik haqda hamı fəlsəfi fikirlər yürüdür. Təkrara yol vermək istəməzdim, amma Şairlik haqda düşündüklərimi belə deyərdim:

Şairlik – insanın ruhi vəziyyətidir. Ondan asılısan, o sənə hökm edir, nəyi harada necə və kimin haqqında yazacağına o qərar verir. Yazılasını yazmayanda dəli kimi olursan, yazandan sonra – yağışdan sonra torpağın yanğısı sönən kimi, təravətlənən kimi, sənin də ürəyinin yanğısı sönür.

Şairlik – Allah vergisidir, onu inkar edənlər də, ona qarşı duranlar da günah edirlər!

Şairlik – (istedaddan əlavə) sonadək hər anını öyrənməklə və bildiyini öyrətməklə keçəcəyin bir yoldur. Bu yolun başlanğıcında olanlar var, yolu yarı edənlər, sonunda zirvəyə ucalanlar var.

Zirvəni aşıb bizim görmədiyimiz, təxəyyül gücümüzün yetmədiyi dünyaya varanlar var. Bax həmin o dünyanı fəth edənlər – Nizamilər, Nəsimilər, Füzulilərdir… Onlar şairlikdən Düha dərəcəsinə ucalmışlardır. Onlar artıq Azərbaycan ədəbiyyatı xəzinəsinin ləl-cəvahirləridir.

İndi çoxları kimisə alçaltmaq istəyəndə onun yaradıcılığını Nizami, Füzuli ilə müqayisə edir. Bu böyük savadsızlıqdır! Hər kəsi onlarla müqayisə etmək – Azərbaycan ədəbiyyatını XVI əsrdən sonra şairsiz qoymaq deməkdir. Halbu ki, bizim Molla Pənahımız, Molla Vəli Vidadimiz, Səməd Vurğunumuz, Rəsul Rzamız, Bəxtiyar Vahabzadəmiz, Məmməd Arazımız da olub… Müasir dövrümüzün də öz istedadları vardır.

Onsuz da, biz beləyik. Gözəl görmək istəyən gözəl görəcəkdir, yox mütləq bir əmma qoymaq istəyən olacaqsa, onun mümkünü yoxdur, Səməd Vurğun da olsan, Bəxtiyar Vahabzadə də olsan! Hər kim olsan!

* Şer yazmağa nə vaxtdan başlamısınız, ilk şeriniz hansı olub?

– Gözümü açandan bəri dostum və sirdaşım kitablar olub. Məktəbə beş yaşından getmişəm. İlk dəfə ibtidai sinif müəlliməmiz Bahar müəlliməyə şeirə bənzər iki bəndlik yazmışam… İkinci şeirim, nə qədər qəribə də olsa, “Xəyalım” adlanırdı. O da iki bənd idi. Və ən yaxşı xatırladığım, “Azərbaycanım” adlı şeir idi, hansı ki, həqiqətən də ilk şeirim hesab edirəm. Onda 7-8 yaşım olardı. Bir bənd vardı o şeirdə:

Belə bir məsəl var, demiş atalar,

Hər kəs öz elində olur bəxtiyar.

Qürbətdə xan olcaq, hey diyar-diyar

Gəzim dilənərəm vətənimdə mən…

Təəccüblüdür ki, uşaqkən, bəlkə də gələcək taleyimi hiss edərək, qürbət həyatını qələmə almışam…

Sonralar tibb universitetində oxuduğum illərdə demək olar ki, heç şeir yazmamışam. Bilmirəm nə ilə əlaqələndirə bilərəm bunu, amma yəqin ki, təbabətə həddən ziyadə aludə olmuşdum, ondandır.

Sonralar şeirlərimi yalnız özüm üçün yazırdım və heç kitab halına salmağı belə düşünmürdüm. “Qəlbimin dedikləri”” adlı ilk kitabım 2003-cü ildə böyük qardaşım Söhrab Şıxlinskinin və ailə dostumuz professor İsaxan İsaxanlının təkidi ilə işıq üzü görüb. Bu tarixi mən ikinci dünyaya gəlişim hesab edirəm! Düşünürəm ki, mən ancaq ədəbiyyat üçün yaranmışam. Ona olan sevgim o qədər təmiz və səmimidir ki, kimsə qısqanmamalıdır. Bəlkə də məni şair edən, ədəbiyyatla əkizləşdirən – Vətəndən uzaqlarda yaşamağımdır. Hesab edirəm ki, Ədəbiyyat elə alidir ki, o da qəribdir… bizim dünyamızda.

* Rus dilində şeir kitablarınız varmı?

– Rus dilində hələ ki, bir kitabım var, şeirlər toplusudur. Rus dilində ikinci kitabım isə, inşaAllah, hekayə və povestlərimdən ibarət olacaq.

Əsərlərimi tanınmış rus şairi, bütün türk dünyasını tərcümə etməklə məşğul olan Mixail Sinelnikov, şair Sergey Karatov, şair-tərcüməçi İlham Bədəlbəyli və rəhmətlik şairimiz Sabir Abdullanın istedadlı və gənc şair qızı Leyla Şəkili çeviriblər.

Rusca kitablarımın azlığına səbəb – tərcüməçilərə qarşı həddən ziyadə həssas olmağımdır.

Mənə hər bir sətrin qeyri-səmimi tərcüməsideyil, şeirin məğzinin, demək istədiyimin tam olaraq oxuculara çatdırılması vacibdir. Mexaniki tərcümə ilə, canlı ədəbi tərcüməni – əllə toxunmuş xalçanın maşın toxunması ilə müqayisəyə bənzədirəm.Tərcüməçi müəllifin qəlbinə, ruhuna bələd olmalıdır. Tərcümə olunan heç bir əsər tərcümə olunduğu dilə aid deyil, hətta tərcüməçi müəllifin özü olsa belə…

* Moskvada nə vaxtdan yaşayırsınız?

– 15 ildir ki, Moskvada yaşayıram. Öncəki illərə baxanda, son illər ərzində daha tez-tez gəlirəm Vətənimə. Bizim burada yaşamağa başladığımız 2000-ci illərdəki Moskva ötən əsrin 70-80-ci illərindəki Moskva deyildi. Nə də insanların düşüncəsi və davranışı o zamankı deyildi. Biz birdən-birə dəyişən ayrı bir rus xalqını tanımağa başladıq. Orta məktəbdə oxuyarkən qış tətillərinə gəldiyimiz qonaqpərvər şəhərə deyil, sanki ayrı bir şəhərə düşdük.

Qürbətdə ötən illərin hamısı bizim ömrümüzün bir parçasıdır. Geri dönməyən, qaytarılmayan…

Zindanı – məcrası, məlul gölmüşəm…

Kimsələr duymaz ki, inləyəndə mən!

Təklikdən özümü iki bölmüşəm,

Danışan da mənəm, dinləyən də mən.

Bütün bu həsrət, bu nisgil, bu acı şeirə, sözə çevrildi. Ədəbiyyat olmasaydı, dostlar, həmkarlar olmasaydı yəqin ki qürbət həyatı daha da dözülməz olardı.

* Azərbaycandakı və Rusiyadakı ədəbi mühutimiz arasındafərqi izah edə bilərsinizmi?

– Azərbaycanda dostlarım çoxdur. Hər zaman hər yerdə demişəm – onlar mənim Vətəndə səsim, sözüm, özümdürlər. Mən olmayan yerdə də, düşünürəm ki, onlar varsa mən də oradayam. Bəzən məndən xəbərsiz belə, şeirlərimi, məqalələrimi qəzetlərə, saytlara verirlər. Bakıda olan zaman isə özümü həqiqətən də nağıllar dünyasında şəhzadə kimi hiss edirəm, hörmətlə və sevgiylə qarşılanıram. Əslində Vətənim – elə mənim nağıllar dünyamdır, ürəyimin məndə uzaqda yaşadığı yerdir.

Moskvadakı ədəbi mühitimiz isə, əlbəttə ki, Azərbaycandan daha kiçikdir, biz burada sayca azıq. Lakim bu o demək deyil ki, az işlər görürük. Xeyir! Gördüyümüz işlərlə sanki qəlbimizdəki vətən həsrətini kompensasiya edirik. Öz dilimizi özgələrə sevdirdikcə, torpağımıza və xalqımıza daha yaxın oluruq. Gözəl şairlərimiz, ədəbiyyatsevərlərimiz var. Kəlbəcər həsrətli Nəsib Nəbioğlu var burada, hansı ki, təmənnasız sevgiylə bizim şeirlərimizi müxtəlif ölkələrin jurnallarında, almanaxlarında dərc etdirir. Qarabağ yanğılı Sultan Mərzili var… Azərbaycan şeirlərini rus dilində səsləndirən İlham Bədəlbəyli var, şair-publisist Əliş Əvəz, Maya Bədəlbəyli var, gənc şairlərdən Yaşar Süleymanlı, Nilufər var… Bu yaxınlarda Moskva Şəhriyar ƏMC-nin üzvlərindən iki nəfərin: tarix elmləri doktoru Əşrəf Hüseynlinin və hüquqşünas Abbas Ağdabanlının şeir kitablarının təqdimatı olacaq. Göründüyü kimi, əbəbiyyat sevgisi nə harada yaşamağa, nə də sahib olduğun sənətə baxmır. O, varsa var…

* Rus ədəbi mühiti haqda nə deyə bilərsiniz? O, sizə daha yaxındırmı? Nə kimi hadisələr baş verir bu mühitdə?

– Bakıda dəfələrlə olmuş, azərbaycansevər rus şairi Y.B.Reyn deyir ki, rus xalqının yenilməz bayrağı – onun ədəbiyyatıdır! Məncə bu elə azərbaycan xalqına da aiddir.

2015-ci il – Rusiyada ƏDƏBİYYAT ilidir. Həm də, A.S.Puşkin və A. Delviq tərəfindən əsası qoyulmış “Literaturnaya qazeta”nın 185 illiyidir. Bu xüsusla hələ ilin ilk aylarından başlayaraq möhtəşəm tədbirlər, yazıçı və şairləri ruhlandıracaq təltif mərasimləri təşkil olunur. Məsələn, Literaturnaya qazetanın təşkil etdiyi ödüllərdən biri – Qızıl və Gümüş Delviq medalları və mükafatıdır.

Rus ədəbi mühitini mənə sevdirən – onların nümayəndələri arasındakı təmiz münasibət, distansiya və dürüstlükdür.

Bəzən bizimkilərin yersiz adama yersiz tərifi üz qızardır, tənqidi isə çox zaman sadəcə kimisə ruhdan salmaq, gözdən düşürmək, irəli gedənə həsəd aparmaqdan irəli gəlir. Dostun səhvini üzünə vurmamaq, pisini gizlətmək, birləşmələr, qruplaşmalar və s… ürəkağrıdıcı hallar var… Əgər biri sənin ayağını tapdalayıbsa, istedadlı da olsa onun yaxşısını görməməzlikdən gəlmək var.

Ruslarda isə, tərifdirsə – bir-birinin uguruna gözləri yaşaracaq qədər sevinirlər. Tənqiddirsə – bu tənqiddə bir damla belə qərəz yoxdur.

Artıq iki ildir ki, dekabr ayının 17-də Azərbaycan və rus şairləri birgə poeziya gecəsi keçirilir. Bu gecənin ənənəvi olaraq hər il eyni zamanda keçirilməsi haqda, 2015-ci il yanvarın 27-də AYB Moskva bölməsinin toplantısında qərar verildi. Olduqca mənalı və dəyərli olan belə tədbirlər iki xalqın ədəbiyyat adamlarını daha da yaxınlaşdırır, bir-birinə tanıdır.

* Çağdaş Azərbaycan ədəbi mühiti ilə ayaqlaşa bilmisinizmi? Bu mühitdə nələr sizi qane etmir?

– Müasir dövr elə bir dövrdür ki, düşünənlərin yerini, düşünənləri müzakirə ednlər tutub. Karl Kraus, müasir ədəbiyyatı – xəstənin özünün özünə yazdığı reseptə bənzədirdi. Bu haradasa düzgün müqayisədir, lakin düşünürəm ki, xəstənin özü də həkim ola bilər. Onda, yazılan resept də düz olar… Eləcə də müasir ədəbiyyat – yaxşı oxunaqlı, mənalı və dəyərli yazılar çoxdur. Mənasız, dəyərsiz, heç kimə lazım olmayan, oxucunun zövqünü pozan, müasir oxucu kütləsini şikəst edən yazılarsa, ondan da çoxdur. Məni dəhşətə gətirən isə, həyatını ədəbiyyatla bağlamaq istəyənlərin nəzəri baxımdan savadsızlığı və bir də, ədəbiyyatdan şöhrətə yetmək üçün alət kimi istifadə edənlərin sayının artmasıdır. Unutmayaq ki, bütün ömrünü ədəbiyyata həsr edən Maksim Qorki deyib: “Ədəbiyyat – böyük məsuliyyət tələb edən bir işdir. O, istedadı ilə qürrələnib öyünməyi sevmir!”

Alçina Bəşirli
Moskva-Bakı


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir