ƏGƏR BIR DƏFƏ…


ƏGƏR BIR DƏFƏ...

Əgər bir dəfə “sənsizlik” xəstəliyindən ölmüsənsə, onda, zaman bitib həyatın sonu gəldiyində ikinci dəfəki ölümün, hər necə olur olsun, birincidən daha dözülməz və daha ağrılı ola bilməyəcək. Çünki, nəfəs ala-ala ölmək, ölə-ölə yaşamaq – hər çətindən daha çətin, hər əzabdan daha əzablıdır.

…Sabahlar durursan, həyatın yeksənəklikləri səni həmin andaca əhatə edir. Həmin andan hər gün gördüyün adiliklərə bürünür, hər zamankı maskanı geyirsən. Qeyri-iradi yerindən durursan… çay qoyursan…, istəsən də, istəməsən də bir şeylər yeyirsən və gündəlik işlərini görməyə başlayırsan. Nəfəs də alırsan, köks də ötürürsən… Kənardan səni seyr edən olsa – bu insan sağdır, yaşayır, deyər əlbəttə. Amma yaşamaq sadəcə nəfəs almaqdırmı? Yeriyə bilmək, danışmaq, oturmaq, durmaq – bunlar yaşamaqdırmı? Bəlkə də. Şərti və şərtsiz reflekslərimizin cəmi bəlkə də yaşamaqdır. O zaman bəs ölüm nədir? Hiss edə bilməmək, duymamaq, toxuna bilməmək… Bunların toplusu ölümdürsə, bir insan həm sağ, həm də ölü ola bilərmi?
Tibbin hələ də cavab tapa bilmədiyi o qədər suallar var ki… Bunlardan biri də “sənsizlik” sindromudur. Simptomlarını sadalasam ən məşhur alimlər belə diaqnoz qoymaqda çətinlik çəkərlər. Bəziləri diferensial diaqnoz zamanı bunu aqoniya ilə səhv də sala bilərlər… Çox bənzəyir. Uzanan ölüm… Amma aqoniyadakı xəstə bu dünyaya yenidən dönmək arzusunda olan, içi həyat dolu birisi ola bilər. “Sənsizlik”də isə ilk öncə arzular, sonra isə ürək ölür. Döyünə-döyünə, yaşada-yaşada. Çox qəribə bir orqandır ürək – sirri sonadək açılmamış bir möcüzədir.
“Bxaqavad Gita”” adlı mübarək bir kitab var. Onun içindəki şeirlər və onların açıqlamaları yaxın bir dost kimi insana təsəlli verməyi bacarır. Yazılarda deyilir ki, insanın ruhu – bir saç telinin ucunun sahəsini yüzlərlə dəfə kiçiltdikdə alınan ölçüdən daha kişikdir. Amma möhtəşəm və ölümsüzdür. Onu gözlə görmək və məhv etmək mümkün deyil. Və bu ölümsüz ruh ürəkdə yerləşir.
Bəlkə də ürəyin qəribəliyi elə bundadır. Bəlkə də o üzdəndir ki, o, insanın bütün dərdlərini və acılarını özündə cəmləşdirir. Varlığını ağrılarla, çırpıntılarla bildirməyi bacarır. Titrəmirsə, çırpınmırsa – ruhun sənin yanında deyil demək ki…

Ötənləri bitən bilib
Üzü doğru gələcəyə dayanmaq nə gözəl imiş!
Dadlı-şirin yuxu görüb gecə yarısı oyanmaq,
Həyəcandan min bir rəngə boyanmaq da…
Həyatında fırtınalar qopsa belə,
Hər tərəfə hiylə, yalan hopsa belə
Məhəbbətə inanmaq da!
“Nə zamansa olar”, – deyə arzu etmək,
Xəyallara dalıb getmək,
Ümidləri gəmi edib adiliklər dəryasında batmamaq da.
Yol gözləmək,
Həsrətini çəkdiyinin vüsalına catmamaq da
Gözəl imiş!

Vay o gündən,
Inanasan çatdığının həmin ünvan olmasına!
Baxmayasan o açdığın qapıların arxasına –
Nifrət dolu bir keşmişin zərbəsindən
Parça-parça olub sına ümidlərin,
Ləkə düşə bəyaz donlu sabahının yaxasına!
Bax o zaman,
Arayırsan əcəlini,
Ölüm belə şirin olur!
Arzulara aldanmağın yaraları hər yaradan dərin olur.
Yalnış düşən naxış kimi ilmə-ilmə sökülürsən,
Damla-damla kiçilirsən.
Təkliyinə şükür deyib öz qınına çəkilirsən.

Rusiya Yazarlar birliyinin üzvü Afaq Şıxlı.
Moskva.


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir