ƏGƏR BIR DƏFƏ…


ƏGƏR BIR DƏFƏ...

Əgər bir dəfə “Sənsizlik” xəstəliyindən ölmüsənsə, onda, zaman bitib həyatın sonu gəldiyində ikinci dəfəki ölümün, hər necə olur olsun, birincidən daha dözülməz və daha ağrılı ola bilməyəcək. Çünki, nəfəs ala-ala ölmək, ölə-ölə yaşamaq – hər çətindən daha çətin, hər əzabdan daha əzablıdır.

…Sabahlar durursan, həyatın yeknəsəqlikləri səni həmin andaca əhatə edir. Həmin andan hər gün gördüyün adiliklərə bürünür, hər zamankı maskanı geyirsən. Qeyri-iradi yerindən durursan… çay qoyursan…, istəsən də, istəməsən də bir şeylər yeyirsən və gündəlik işlərini görməyə başlayırsan. Nəfəs də alırsan, köks də ötürürsən… Kənardan səni seyr edən olsa – bu insan sağdır, yaşayır, deyər əlbəttə. Amma yaşamaq sadəcə nəfəs almaqdırmı? Yeriyə bilmək, danışmaq, oturmaq, durmaq – bunlar yaşamaqdırmı? Bəlkə də. Şərti və şərtsiz reflekslərimizin cəmi bəlkə də yaşamaqdır. O zaman bəs ölüm nədir? Hiss edə bilməmək, duymamaq, toxuna bilməmək… Bunların toplusu ölümdürsə, bir insan həm sağ, həm də ölü ola bilərmi?

Tibbin hələ də cavab tapa bilmədiyi o qədər suallar var ki… Bunlardan biri də “sənsizlik” sindromudur. Simptomlarını sadalasam ən məşhur alimlər belə diaqnoz qoymaqda çətinlik çəkərlər. Bəziləri diferensial diaqnoz zamanı bunu aqoniya ilə səhv də sala bilərlər… Çox bənzəyir. Uzanan ölüm… Amma aqoniyadakı xəstə bu dünyaya yenidən dönmək arzusunda olan, içi həyat dolu birisi ola bilər. “Sənsizlik”də isə ilk öncə arzular, sonra isə ürək ölür. Döyünə-döyünə, yaşada-yaşada. Çox qəribə bir orqandır ürək – sirri sonadək açılmamış bir möcüzədir.

“Bxaqavad Gita”” adlı mübarək bir kitab var. Onun içindəki şeirlər və onların açıqlamaları, yaxın bir dost kimi insana təsəlli verməyi bacarır. Yazılarda deyilir ki, insanın ruhu – bir saç telinin ucunun sahəsini yüzlərlə dəfə kiçiltdikdə alınan ölçüdən daha kişikdir. Amma möhtəşəm və ölümsüzdür. Onu gözlə görmək və məhv etmək mümkün deyil. Və bu ölümsüz ruh ürəkdə yerləşir.
Bəlkə də ürəyin qəribəliyi elə bundadır. Bəlkə də o üzdəndir ki, o, insanın bütün dərdlərini və acılarını özündə cəmləşdirir. Varlığını ağrılarla, çırpıntılarla bildirməyi bacarır. Titrəmirsə, çırpınmırsa – ruhun sənin yanında deyil demək ki…”


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir