Əməliylə ayağa qaldıran və ya …


Əməliylə ayağa qaldıran   və ya …
“Qoy danışsınlar”ı susduran Müsəlman Qadını

O müsəlman qadını sarsılmaz inamı, əsl ana məhəbbəti və qırılmaz ümidi ilə dünyanın bu hisslərdən çox uzaq düşdüyü bir vaxtda bütün ekran başındakıları çaşdırdı.

O Türk anası İctimai palatanın üzvü Sergey Markovu: “Mən şok içindəyəm, söz tapa bilmirəm”-deyib aglatdı, Dövlət Dumasının deputatı Roman Xudyakovu “imkandan istifadə edib bu müqəddəs qadının əlini öpüm”-deyib qarşısında baş əydirdi.

Bütün bunlar Rusiyanın 1-ci kanalında efirə gedən “Pust qovoryat”” (“”Qoy danışsınlar””) proqramında Müsəlman qadının rus gəncinə yardım etdiyini anladan verilişdə yaşandı.

Hadisənin təfərrüatına varmazdan deyim ki, maddiyyatın mənəviyyata əks təsirinin təsdiqi olaraq vara-dövlətə, şan-şöhrətə yaxınlaşdıqca mərhəmətdən, məhəbbətdən uzaqlaşan bir dünyada yaşayırıq.

“Qürbətdir” deyib qapılarımızın kilidini çoxaltdıqca, urəyimizin də qapılarını bizə ehtiyacı olanlara qapatmışıq. Hasarlarımızı insan boyundan uca etdikcə, insanı münasibətləri hasarlayıb aramıza süni sərhədlər çəkmişik.

Qardaş qardaşı, bacı bacını evindən qovub. “El-elə sığar, ev-evə yox”- misalını əlimizdə bayraq, dilimizdə şüar etmişik. Bəhanəmiz, bəraətimiz də imtahana hazırlıqsız tələbənin məğzindən xəbərsiz oğurluq konspekti kimi əlimizin altında hazır olub.

Amma bütün bəhanələrin bitdiyi məqam var. Ki onu sadə bir Türk qadını göstərdi. Göstərdi ki, insanlıq hələ ölməyib. Göstərdi ki, məhəbbətin, mərhəmətin doğması, yadı, dini, dili, milliyyəti, sərhəddi olmur!

– Siz əməliniz və şəxsi nümunənizlə çox-çox diplomatların, siyasətçilərin edə biləcəyindən çox etmisiniz! 4 il, hər gün kimsəsiz bir rus gəncinin qayğısını çəkmək gücü Sizdə haradandır?

Türkiyədə, Antalyanın Aksu rayonunda 2008-ci ildə avtoqəzaya düşən rus gənci himayəsinə götürüb doğma anası kimi baxan türk qadınından bəhs edən Rusiyanın 1-ci kanalının “Pust qovoryat” verilişində Andrey Malaxovun verdiyi bu suala Gülsüm Kabadayının cavabı bu oldu:

-Rəbbimdən…

O Gülsüm Kabadayı ki, “Möhtəşəm yüzil” serialında özününkü saydığı bir xristian qadın Hürrəmə rəğbət və qururla baxan bu millətə öz timsalında daha bir Türk Hürrəmini göstərib ayaqda alqışla qarşılatdı. Həm də hesabsız-kitabsız…

2008-ci ildə Antalyada maşının altında qalan gənclə Gülsüm Kabadayı xəstəxanada rastlaşıb. Həmin xəstəxanada yatan baldızına qulluq edın Gülsüm həkimlərin sag qalacağına az ümid etdikləri naməlum rus oğlanı Türkiyə hökümətinin razılığı ilə himayəsinə götürərək kirayədə yaşadığı evinə gətirib. Elə o gündən 3 oğul anası olan Gülsüm Kabadayı 4 ildir ki, duyğusuz və hərəkətsiz yad gəncə dogma balası kimi baxır, qayğısını çəkir. Öpə-öpə, laylasıyla oxşaya-oxşaya, əzizləyə-əzizləyə həm də. Övladları da ailənin yeni Ümidini qardaş qəbul ediblər. Hətta İslam məktəbində təhsil alan Mehmet Ali:- “onu doğma qardaşımdam daha çox sevirəm. Çünki qardaşımın kimsəyə ehtiyacı yoxdur, Ümidin isə bu sevgiyə daha çox ehtiyacı var””-deyir.

Kiçik oğlu isə anasına deyib ki, ana, bizim əlimiz, ayagımız var, hərəkət edə bilirik. Amma Ümid abimdə bunlar yoxdur. Onun sənə daha çox ehtiyacı var.

Özü mərhəmətli olmaqla yanaşı, belə övladlar yetişdirən Ana qarşısında səcdə etməyib də nə edəsən?
Varlılıqdan kasıblığa həyatın hər üzünü görüb taledən şillə yeyən Gülsüm Kabadayı adını Ümid qoyduğu o şikəst gəncə minnətdardır. Niyəmi? Tanrı ona yaxşılıq etmək imkanını verdiyinə görə.

Öz doğma ata-anasına baxmaqdan usanan, taqətdən düşəndə onu qocalar evinə aparanlar, nəinki şikəst hətta sağlam övladından imtina edən analar varkən, adını-ünvanını bilmədiyi, dini, dili ayrı birinə yorulmadan, usanmadan baxan qadın-Ananın məhz “”cənnət ayaqları altındadır””. Hansı ki, o verilişdə bu ifadəni Gülsüm Kabadayı Ümidi doğan ana və bütün analar haqqında dedi.

Türkiyənin kasıb bir əyalətində sadə bir həyat yaşayan qadının dediklərindən artıq nə deyə, nə yaza bilərəm ki…

Gülsüm Kabadayı : “Mən çox zəngin idim. Mal- mülk Rəbbimindir, özü vermişdi, geri də aldı. Sonra müflisləşdik, kasıb olduq. Allah bizə verdiyi maddi varı alıb əvəzində Ümidi verdi. Ümid kimilərə kömək etmək xoşbəxtliyini bəxş etdi. Bundan böyük nə ola bilər ki?!”

İçindəki inam, qəbindəki mərhəmət, ölməyən ümidinlə hər kəsi ayaga qaldıra bilərsən! Əməlinlə dininə görə ayrı-seçkilik salıb, səni ikinci sort kimi qəbul edənlərin fikrində dönüş yaradıb, qarşında səcdə etdirə, əlini öpürə bilərsən. Budur, həqiqi məhəbbətin gücü!

Tünzalə Vəliqızı, Moskva


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir