ƏYLİSLİNİN “ƏMMA”SI


ƏYLİSLİNİN “ƏMMA”SI
Əkrəm Əylislinin “Daş yuxular”ını mütaliə edib, neçə vaxtdır onun ətrafında gedən “dava-dalaşları” izləməkdəyəm. İlahi, bu haqda nə qədər oxumaq olar?! Onu deyim ki, bu “Daş yuxular” təkcə gündəmi deyil e, əminəm ki, bəzilərinin yuxularını da zəbt edib. Məsələn, mən o gün yuxuda görürəm ki, Lazım gəlib, müharibə başlayıb, Yerevanı almışıq, bu tarix boyu “başıbəlalı”, “yazıq” ermənilərə olmazın zülmünü edirik; Nə bilim, günahsız insanları balkondan atmalar, məsum körpələrin dərisini soymalar, qız-gəlinlərinə təcavüz etmələr, 1 milyondan çox insanını didərgin salmalar və s. Yuxudan ayılıb bir millət olaraq özümüzü lənətlədim : bu qədər qəddarlıqmı olar?!

Nə isə, keçək əsas mətləbə. Cavanlıqda FB-da belə bir status paylaşmışdım:
“Amma”-dan əvvəl deyilən təriflər “amma”-dan sonra deyiləcək həqiqətlərin acısını azaltmaq üçündür.
Bəli, Əylisli müəllimin əsəri haqda fikirlərimi bilmək istəsəz, deyərdim ki, onun povestində bir çox şeylərin artıq olması ilə yanaşı, həmdə “amma”-dan sonrakı acı həqiqətlər çatmır. Erməniləri öyüb, tərifləyib, müqəddəsləşdirib və s…olsun, amma sonra hamımıza, elə Əkrəm müəllimin özünə də gün kimi aydın olan acı həqiqətləri də önə çəkmək lazım idi. O zaman bilinərdi ki, bu “məddahlıqda” kişinin məqsədi var imiş: Bu yolla acı həqiqəti erməniyə yedirtmək!

Əkrəm müəllim əsər haqqında polemikalarda qeyd edir ki, “bu əsərimlə mən erməniləri dostluğa, sülhə çağırmışam”. Tutaq ki, bu doğrudan da belədir və tutaq ki, sənin hədəfin iki xalqı sülhə çağırmaq olub. Amma axı hədəfin müqəddəs olması ona çatdıran iyrənc yolları da müqəddəsləşdirmir. Sən məqsədinə çatmaq üçün erməniyə əməlli-başlı YALTAQLIQ etmisən, axı bu lap “işi üçün erməniyə dayı da deyər” məsəlinə oxşadı. Kimə lazımdı yaltaqlıq əsasında qurulan sülh və dostluq?!

İstənilən iyrənc yolla məqsədə çatmaq, ümumiyyətlə “əsas odur ki, məqsədimə çatım” prinsipi xaraktersiz insana, xaraktersiz topluma aid olan bir xislətdir axı. Etiraz edənlərin də demək istədikləri budur, Əylislinin hədəfi ilə heç kimin işi yoxdu, hədəfə çatmaq üçün onun seçdiyi yoldu hamını hiddətləndirən.

Bəli, vəziyyətin bu hala gəlib çıxmasının günahının bir çox hissəsi də Əylislini amansızca müdafiə edənlərin üzərinə düşür. Əylisli səhv etmişdi? Etmişdi. Onu qorumaq lazım idi? Lazım idi. Amma necə? Onun bütün yazdığı qarayaxmalara “söz azadlığı” altında haqq verərəkmi?!

Erkin Qədirlinin bir gözəl sözü var: “liderlərinizi öz tənqidlərinizlə qoruyun!”
Bəli, bəlkə də Əkrəmi müdafiə edənlər bu yolu seçsəydilər indi nə onun qulağını kəsməyə cəhd olardı, nə də kitabları yandırılardı. Cammat həmdə buna hiddətləndi ki, bir qrup “azad” düşüncəli yazıçılar başladılar onu heç vəchlə qınamadan yüzdə yüz haq verməyə. Ayıbdı axı, bu qədər də yox də. Əsas arqumentləri də bu idi:
“Əkrəmin bir cümləsini yaza bilməyənlər indi ona hücum çəkib”.

Ay lələm, məsələn, MOO (ədəbiyyat üzrə son Nobel mükafatçısı) gəlir girir həyətimə və ailəmi, uşağımı, özümü təhqir edir, söyür…İndi mən deyəcəm ki, yox qardaş, o Nobel alıb deyə mən ona cavab verməməliyəm?! Axı bizim Nobel alan əbiyyatçımız da yoxdu ki, gedim onu çağırım MOO-ya cavab versin.

PS. Mənim boya-başa çatdığım kənd (Kalinovka) rus kəndidi. 1990 –cı ilin 19 yanvarı erməni əsgərlərindən formalaşmış Rus qoşunları gəlib millətimizi qıran gecə kəndimizdə yaşayan bütün ruslar, eləcə də bizim qonşumuz “Tot Nastya” və “ded Vasya” gil gecə ilə aradan əkilmişdilər. Yəqin düşünmüşdülər ki, biz də cavab olaraq onları qıracayıq. 1 həftə keçdi, qayıdıb gördülər ki, nə inki onların heçnəyinə toxunmamışıq, hətta onları qorumuşuq da. Üstəlik həyətlərində bağlı qalan iti düz 1 həftə yemləmişik ki, nənəm demişkən, ağzı bağlı heyvandı, acından ölməsin.
Sizi inandırım ki, qayıdıb vəziyyəti belə görəndən sonra onların bizə münasibəti tamam dəyişdi. Onu da deyim ki, ara-sıra qoz yığmaq üçün onların həyətinə keçəndə daha həyətlərindəki it də hürmürdü bizə, yəni deməyim odur ki, Allahın İTİ də bizim (azərbaycanlıların) necə insan olduğumuzu dərk etmişdi…

İlqar Kamil. 16. 02. 2013
/Yenises.ru/


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir