Əbədi ezamiyyətə gedənlərdən xəbər var


Əbədi ezamiyyətə gedənlərdən xəbər var
Yanvar ayının 31-də “Əbədi ezamiyyət”” sənədli filminə ikinci dəfə baxdım. Azərbaycan Demokratik Cümhuriyyətinin qurucularından olan Məhəmməd Əmin Rəsulzadənin doğum günündə. Həmin gün Azərbaycan İctimai telekanalında “”Əbədi ezamiyyət”” sənədli filmini nümayiş ediləcəyini bilirdim. Bir müddət filmin təsirindən çıxa bilmədim, neçə dəfə duyğulandım, çox mükəmməl, olduqca təsirli filmdir. Həm filmin quruluşu, həm ssenarisi, həm musiqisi, aktyorların oyunu – hər şey cox mükəmməl və mənim düşündüyümdən də daha möhtəşəmdi. Filmi izlədikcə obrazların, deyimlərin, sifət ifadələrinin təsirindən, danışıq tərzindən çıxmaq o qədər asan deyil. Əsası odur ki, tarixi personajlara uyğun aktyorlar seçilməsi də uğurlu alınıb. Ümumiyyətlə filmdə seçilən atributlar tarixi reallığı özündə yüksək səviyyədə əks etdirir. Istedadlı peşəkar və həvəskar insanlar iştirak edib. Onların hamısı öz vəzifələrinin öhdəsindən layiqincə gəlib.

Hələ yanvar ayının 22-də Nizami Kino Mərkəzində Heydər Əliyev Fondunun dəstəyi ilə Bakı Media Mərkəzi tərəfindən hazırlanan “Əbədi ezamiyyət” sənədli filminin və “Qərib məzarlar” kitab-albomunun təqdimat mərasiminin keçirildiyindən də xəbərim vardı. O zamandan film haqqında öz təəssüratlarımı bölüşməyi düşünürdüm. Belə qənaətə gəldim ki, bu film tez-tez ekrana çıxsın, Azərbaycanın bütün telekanallarında, bütün bölgələrində, məktəblərdə nümayiş etdirilsin. Hətta MDB məkanında, azərbaycanlıların məskunlaşdığı ölkələrdə də filmin nümayiş etdirilməsi bizim xeyrimizə olardı.

“”Əbədi ezamiyyət”” filmi Azərbaycan Xalq Cümhuriyyətinin 1919-cu ilin yanvarında parlament sədri Əlimərdan bəy Topçubaşovun rəhbərliyi ilə Paris Sülh Konfransına ezam etdiyi nümayəndə heyətinin üzvlərinin ilk müstəqillik illərimizdə ən ağır missiyanı üzərinə götürən çətin, məşəqqətli, oğullarımızın acı, ağır taleyinə, həsr olunub. Bu film Azərbaycanın müstəqiliyinin asan başa gəlmədiyini, keşməkeşli yollardan keçdiyini, vətənpərvər oğullarımızın əzmkar mübarizəsi nəticəsində əldə edildiyini göstərir.
Əbədi ezamiyyətə gedənlərdən xəbər var

Bəs bu əbədi ezamiyyətə yollananlar kimlər idi? Əlimərdan bəy Topçubaşov Məmmədhəsən Hacıniski, Əkbərağa Şeyxüslamov, Məhəmməd Məhərrəmov, Miryaqub Mirmehdiyev, Ceyhun Hacıbəyov, sonralar nümayəndə heyətinə qatılan Abbas Atamalıbəyov və başqalarıydı.

Bu vətənpərvər insanlar qürbətin bütün iztirablarına sinə gərərək sevgili Azərbaycanına, doğma yurduna bu gün-sabah qovuşmaq arzusu ilə son dərəcə nisgilli bir ömür yaşamışdırlar. Müstəqil Azərbaycanı görmək onlara qismət olmadı, onların arzu və istəkləri gözlərində qaldı. Üzüntülü mühacir həyatı, əbədi ayrılıq, səbrin dəhşətli uzunluğu son ana kimi onların inamını sındıra bilmədi! Onlar öz şəxsi mənafeyi, öz şəxsi arzuları üçün yaşamadılar. Azərbaycan milli azadlıq idеalları, onların azadlıq və müstəqillik arzuları yarımçıq qalsa da, son günlərinədək qürbət həyatı onların vətən eşqini söndürə bilmədi. Zamanın, dövrün çətin sınaqlarına, ağır zərbələrinə məruz qalan, rüzgarın ən kiçik sevinclərindən belə məhrum olan, bu insanlar bu gün ekranında geriyə, doğma Azərbaycana döndülər, nəhayət bu gün xalqımız ədəbi ezamiyyətə gedənlərdən soraq tutdular. Onlar, bütün ömrü boyu Vətən həsrətiylə yaşadılar, vətən həsrəti ilə də haqq dünyasına qovuşdular.

Filmin yaradıcı heyəti bir il yarım müddətində Bakı, Tbilisi, Moskva, Sankt-Peterburq və Paris şəhərlərindəki arxivlərdə araşdırmalar aparıblar, müxtəlif insanlarla görüşərək, əldə etdikləri tarixi sənədlər, faktlar əsasında sanballı bir sənədli filmin ərsəyə gəlməsinə nail olublar. Həm də müvəffəqiyyətlə nail olublar. Bir saata yaxın müddətdə filmə baxan tamaşaçılar yorulmur. Filmin rejissoru Fariz Əhmədovun sözlərinə görə Topçubaşovun yaşadığı bütün ünvanları çəkilib, filmin üzərində 100-ə yaxın adam çalışıb, xüsusi musiqi bəstələnib.

Bəri başdan “Əbədi ezamiyyət” sənədli filminin bütün yaradıcı heyətinə, baş prodüser Arzu Əliyevaya, ideya müəllifi və baş məsləhətçi Ramiz Abutalıbova, prodüser Orman Əliyevə, quruluşcu rejissorlar,- Vüqar İslamzadəyə, Fariz Əhmədova, ssenari müəllifi Müsəllim Həsənova, quruluşcu operatorlar Rəşad Nuriyevə, Camal Atakişiyevə quruluşçu rəssam Şahin Həsənliyə, bəstəkar Orxan Bağırova, məsləhətçi Tahir Əliyevə filmin ərsə gəlməsində zəhməti olan bütün insanlara dərin təşəkkürümü bildirirəm.
Əbədi ezamiyyətə gedənlərdən xəbər var
Film boyu İnsanın tüklərini biz-biz edən kiçik şeir parçalarının ifası, möhtəşəm aktyor diqtəsi, insanı düşünməyə vadar edən monoloqlar məni heyran elədi:

Ürəkdə bəslənən amalımız iqbalı millətdir,
Yeganə nöqtəyi mətləb istiqlalı millətdir!”

Yaxud:

“Verin mənə yurdumu olsun cənnət bucağı,
Bir dövlət quralım ki, sülhün doğma ocağı!”

Yaxud:

“İsiqlal uğrunda bir qanlı kəfən,
Geymişəm, ölsəm də yaşasın vətən!”

Yaxud:

“Mənə dinmə, sus deyirsən,
Nə vaxtacan susacağam.
Böhranların, hicranların,
Məhbəsində qalacağam?
Niyə susum, danışmayım,
İnsanlıqda payım var.
Mənim ana vətənimdir,
Talan olan bu diyar.!”

Tanınmış diplomat Ramiz Adutalıbovun, tarix elmləri doktoru şərqşünas Solmaz Rüstəmova Tohidinin, (azərbaycan dilində), Fransa Ali İctimai Tədqiqatlar məktəbinin doktoru Giorgi Mamuliyanın rus (dilində) film boyu verdikləri təhlil və şərh mühacir həyatı yaşamağa məhkum olmuş ictimai-siyasi xadimlərinin həyat və fəaliyyətini açmaqla yanaşı, ilk müstəqillik dövrünün dəyişən ictimai-siyasi mənzərəsini, tarixi hadisələrin geniş təsvirini, ADR-in yaranmasını, fəaliyyətini və süqutunu, Azərbaycan Xalq Cümhuriyyətinin yarandığı mürəkkəb şəraiti, dövrün real mənzərəsini yaradır. Ağır faciələrə yol açan bu unudulmaz səhifələr ürəyimizi qürur hissi ilə dolduran səhifələrdir. O dövrün ictimai-siyasi xarakterini öyrənmək baxımından bu film çox dəyərli bir filmdir.

Film həm də tariximizin çox şanlı, amma uzun illər bizim üçün qaranlıq qalan, adlarını belə çəkməyə qorxduğumuz fədakar insanların həyatlarının açılması, tariximizin toz basmış qaranlıq səhifələrindən birinin öyrənilməsi baxımından diqqətəlayiqdir. Yaradıcı heyətin ilhamla, canla-başla, məsuliyyətlə, vətənpərvərliklə, deyərdim ki, lap ürək yanğısıyla çəkdikləri bu film məfkurə tariximizin, uzun illər gizli qalan həqiqətimizin həm xalqımıza, həm də dünyaya çatdırılmasında müstəsna rol oynayır. Bu film Azərbaycanımızın ilk azadlıq carçıları olan, ölkəmizin müstəqilliyi, xalqımızın azadlığı uğrunda canlarını qurban vermiş, öz həyatlarından keçən vətənpərvər oğullarımızın ruhuna ehtiramın təsdiqidir. Mühacir həyatına məhkum olmuş oğullarımızın istiqlal uğrunda apardığı mübarizənin ən sanlı səhifələrini açır, azadlıq tariximizə həsr olunan bu yolda özlərini qurban vermiş oğullarımıza, onların xatirəsinə ehtiramla qoyulmuş bir sənət abidəsidir.
Əbədi ezamiyyətə gedənlərdən xəbər var

Bu səpkidə filmlərin çəkilişi və nümayiş etdirilməsi gənclərimizin vətənpərvərlik tərbiyəsi işində onların Vətənə məhəbbət və sədaqət ruhunda böyümələrində, xalqımıza xas olan ən yaxşı mənəvi və əxlaqi keyfiyyətlərə yiyələnmələrində müsbət rol oynayır. Qarşımızda canlandırılan talelər Azərbaycanın tarixinin keşməkeşli dörünün mürəkkəbliyindən əyani surətdə təsəvvür yaradır. “”Əbədi ezamiyyət”” sənədli filmində çox qiymətli, zəngin,maraqlı tarixi faktlara əsaslanır. “”Əbədi ezamiyyət”” sənədli filmdə ən əsası odur ki, orada bizim tariximiz əks olunub. Bizim gənclərimiz tariximizi, milli-mənəvi dəyərlərimizi, müstəqillik tariximizi yaxşı bilməlidir. Bunları mütləq bilməlidirlər və qulaqlarında sırğa etməlidirlər ki, azadlıq elə belə başa gəlməz, azadlıq üçün, vətən üçün candan keçmək lazımdır. Hər kəs bilməlidir ki, müstəqilliyimiz hansı əziyyətlər, hansı zülümlər bahasına əldə olunub. Qoy gənclərimiz müstəqil dövlətimizin bizim ücün nə qədər dəyərli, nə qədər əziz olduğunu bir daha anlasınlar. Müstəqilliyimizi göz – bəbəyimiz kimi qorumalıyıq. Tariximizi daha dərindən tanımaq və tanıtmaq üçün belə filmlərə xüsusi yeri verilməlidir. Yeni nəslə vətənə sevgini aşılamaq, yaşadığımız acıları unutmağa qoymamaq filmin əsas qayəsi, ən başlıca vəzifəsidir. Filmi seyr edən gənclərimiz vətənimizin zəngin tarixi, xalqımızın zaman-zaman öz varlığını qorumaq üçün apardığı mübarizələr, azadlıq və müstəqillik uğrunda gedən mücadilələr haqqında biliklər əldə edir, bu biliklər əqidəyə çevrilərək onlarda vətənpərvərlik hisslərini daha da artırır.

1919-cu ilin yanvarın 11-də Azərbaycanın müstəqilliyinin tanınması xəbərinin Azərbaycana gəlməsi, yanvarın 14-də Parlamentin qarşısındakı izdihamın M. Ə. Rəsulzadəni tələb etməsi, insanların onu qolları üstə qaldıraraq ikinci mərtəbəyə eyvana qaldırması, onun, – Azərbaycan öz istiqlalını dünyaya tanıtdı deyərək, odlu çıxış etməsi səhnəsi tamaşaçıları təsirsiz buraxmır.
Əbədi ezamiyyətə gedənlərdən xəbər var
1993-cü ilin dekabrında ümummilli lider Heydər Əliyevin müstəqil Azərbaycan Respublikasının Prezidenti kimi Fransaya ilk rəsmi səfəri zamanı Paris yaxınlığındakı Sen-Klu qəbiristanlığına getməsi, Əlimərdan bəy Topçubaşovun və Ceyhun Hacıbəylinin qərib məzarlarını ziyarət etməsi də filmin təsirli yerlərindəndir. Şükürlər olsun ki,bu gün Azərbaycan, sözün əsl mənasında, artıq tam müstəqil ölkədir. Azərbaycanın dövlət müstəqilliyi ölkəmizin hər bir vətəndaşı, bizim hər birimiz üçün ən böyük sərvətlərdən biridir. Əminəm ki, bu sərvəti qoruyub saxlamaq, daha da zənginləşdirmək üçün hər kəs öz üzərinə düşən vəzifəni yerinə yetirəcəkdir.

NƏSİB NƏBİOĞLU
Moskva 31.01.2016

modern.az


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir