Əlvan Əliyev (Kəbirli) dünyasını dəyişdi.


Əlvan Əliyev (Kəbirli) dünyasını dəyişdi.
Azərbaycan ziyalılarına, böyük hərflə yazılan İnsan axtarışında olanlara, təmənnasız, obyektiv bilik əldə etmək arzusiylə yaşayan tələbə–gənclərə ağır itki üz vermişdir.

2014–cü ilin mart ayının 3–də səhər saat 3.29 dəqiqədə Gəncə Dövlət Universitetinin baş müəllimi, respublikanın qabaqcıl təhsil işçisi, Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, “Qızıl Qələm” mükafatçısı, “Ruzigar” qəzetinin redaksiya heyətinin üzvü, fəal və dəyərli müəlliflərindən birincisi Əlvan Mədət oğlu Əliyev (Kəbirli) bu dünyadan gözlərini çəkib, ulu Tanrının dərgahına köçdü.

Əlvan Mədət oğlu Əliyev (Kəbirli) 1947–ci ilin 25 iyulunda Ağcabədi rayonunun Salmanbəyli kəndində doğulmuşdu. İlk təhsilini Salmanbəyli kənd yeddillik məktəbində alıb. 1964–cü ildə Ağcabədi şəhər 2 nömrəli onbirillik məktəbini bitirib və S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) tarix fakültəsinə daxil olub. 1968–ci ildə oranı fərqlənmə diplomu ilə bitirərək təyinatla H.Zərdabi adına Kirovabad Dövlət Pedaqoji İnstitutuna (indiki Gəncə Dövlət Universiteti) müəllim göndərilib. Ömrünün sonuna kimi GDU–nun sosial fənlər kafedrasında baş müəllim vəzifəsində çalışıb.

1968–ci ilin noyabrından 1969–cu ilin dekabrınadək Sovet ordusu sıralarında hərbi xidmətdə olub. 1974–1977–ci illərdə S.M.Kirov adına ADU–nun (indiki BDU) fəlsəfə elmləri üzrə əyani aspiranturasında təhsil alıb və H.Zərdabi adına KDPİ–yə (indiki GDU) qayıdıb.

1988–ci ildən xalq hərakatının önündə gedib. 1990–1992–ci illərdə Gəncə şəhər Xalq Deputatları Sovetinin deputatı olub. 1992–1993–cü illərdə Gəncə şəhəri Nizami rayon İcra Hakimiyyətinin başçısı vəzifəsində çalışıb.

1975–ci ildən dövrü mətbuatda elmi, elmi–publisist yazılarla çıxış edirdi. 1988–ci ilin fevral ayından etibarən bu sahədə fəaliyyəti daha intensiv şəkil almışdı. Azərbaycan Respublikasının aparıcı jurnallarında və məcmuələrdə, 40–dan artıq aparıçı qəzetdə isə yüzlərlə məqaləsi dərc olunub. “Siyasət naşıları sevmir” adlı 23,5 çap vərəqi həcmdə kitabı 2008–çi ildə “Elm” nəşriyyatında çap edilmişdir.

Ailəli idi. 3 övladı, 2 nəvəsi var.

Əlvan Mədət oğlu Əliyevin (Kəbirli) əziz və unudulmaz xatirəsi onu tanıyanların qəlbində əbədi yaşayacaqdır.
Allahdan bu səmimi insan, işıqlı ziyalıya rəhmət diləyir, “Məzarın nura boyansın!””- deyirik.

Dostları adından: Füzuli Rüzigar, Oqtay Gülalıyev, Rafael Becanov,
Həsənbala Sadıqov, Vəkil Aşırov, Rəşid Məhərrəmov,
German Muxtarov, Qərib Mehdi, Barat Vüsal,
Mustafa Rasimoğlu, Elmar Hüseynov, Məmməd Qasımov,
Yalçın Qasımov, İmran Füzulioğlu, Balabəy Qədirov,
Ramiz Təmkin, Baxşəli Abbasov. Solmaz Şəms,
Fatma Cəfərova, İradə Novruzova.


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir