Ərkim elə sənə çatır, ay qələmim..


ƏRKIM ELƏ SƏNƏ ÇATIR,  AY QƏLƏMİM...
Ərkim elə sənə çatır, ay qələmim!
Elə sənə sığınıram köz düşəndə ürəyimə.
Yerdən-göydən üzüləndə əl-ayağım
Sən yetirsən köməyimə.

Şad günümdə nur çiləyib sətirlərə
süslənirsən.
Şərik olub sevincimə,
Sevgi dolu,
Günəş dolu şeirlərin arasında gizlənirsən.
Sirdaşımsan,
yalnız sənə ürəyimi açıram mən.
Zaman-zaman, sənlə birgə,
sevənlərin diyarına uçuram mən.

Amma bəzən, səndən belə üzüm dönür,
sızlayıram yaramdan göz qopmuş kimi.
Sonra birdən sıçrayaraq çarpayıdan
sarılıram son ümidə sarılantək,
kövrəlirəm əzizimi tapmış kimi.

Bu dünyaya küsən zaman
ərkim yenə sənə çatır,
tullayıram bir tərəfə,
gözlərimdən itirirəm.
“Bax bu da son! Bitdi!” – deyib,
sənsizlikdə özümü də bitirirəm.
Sənsə, yenə incimirsən,
əziz dostum!
Bağışlayıb məni könül yarasına,
barışırsan…
Yenə keçib barmaqlarım arasına
ağ vərəğə misra-misra sığal çəkir,
göz yaşıma qarışırsan…

14.04.14.
Moskva


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir