0: 0 Və ya bizim Andorra sevgimiz


0: 0 Və ya  bizim  Andorra  sevgimiz
Andorra yığması! Azərbaycan milli komandasının bacara bilmədiyi, FİFA reytinqində sonda qərarlaşan “cırtdan” bir dövlətin həvəskarlardan ibarət olan komandası! Nə qədər gülməli gəlsə də, bu acı bir həqiqətdir.Belə bir rəqibə qarşı oyunda qələbə qazanmaq əvəzinə milli komandamız ömürlük rüsvayçılıqlara birini də əlavə etdi.

Andorra İspaniya və Fransa arasındakı Pireney dağ silsiləsində yerləşən cırtdan boyda balaca bir dövlətdir. Ərazisi Azərbaycan ərazisindən təqribən 185 dəfə kiçik, əhalisi isə bizdən 108 dəfə az, cəmi bir universiteti , dəmir yolu,su və hava limanı, ordusu olmayan Avropa dövlətidir.

Andorrada bizdən fərqli olaraq futbola sərmayələr yatırılmır, amma onların AÇ 2012- də göstərdikləri nəticələr bizimlə eyni səviyyədədir və hətta bəzi cəhətlərdən bizdən irəlidədirlər.Qrup mərhələsinin oyunlarına nəzər salsaq bizdən də az top buraxdıqlarının şahidi olarıq. Profesional klubları və futbolçuları olmayan bu dövlətin həvəskarlardan ibarət komandası İspaniyanın üçüncü liqa komandaları ilə muqayisə edilir. Bizim futbolçulardan fərqli olaraq Andorrra futbolçuları futbolu öz dövlətinin qürüru naminə pulsuz oynayırlar. Onların aylıq əmək haqqları ayrı sahədə qazandıqları 1500-2500 avro dəyərində olur. Keçirdikləri oyunlara bir gün qalmış yığışıb təlim məşq toplantısı keçirirlər. Bu da bir daha bizim futbolçuları oyundan çox maliyyə maraqlandırdığını sübut edir.

Bu komandanın bizdən fərqlənən bir cəhəti də ondadir ki, səfər oyunları zamanı oyundan əvvəl futbol oynamağa gəldiklərini bildirək gəzintiyə çıxmamalarıdır. Bununla yanaşı xarici jurnalistlərə müsahibə verməyi də xoşlamırlar. Buna səbəb jurnalistlərin futbolla bağlı suallar deyil, məhz onların dolanışığına dair sualların verilməsini əsas gətirirlər.
Andorra yığması yarandığı gündən 101 oyun keçirib və bunların yalnız üçündə qalib gəlməyi bacarıb. Maraqlıdır ki, bu komanda öz ilk xalını da 1998- ci ildə, məhz Azərbaycan yığmasından qazanıb.Deyəsən bu da bizim sadəliyimizdən irəli gəlib və Andorraya ilk hədiyyə kimi bir xalımızı bağışlamışıq.

Tərkibində serb və turklər çoxluq təşkil edən cənab Berti Foqtsun komandası uğursuzluqlarını davam etdirir. Millimiz Andorra və Fələstin kimi futbolu olmayan ölkələrin komandasını gözübağlı məğlub etməli olduqları halda Azərbaycanın adını FİFA –reytinq cədvəlində son pillələrə doğru aparmaqda davam edirlər.

Dünənki oyunla Andorranın baş məşqçisi oyunçuları ilə qürur duyduğunu bildirib. Bizim cənab Foqts isə oyuçularımıza xarici menecerlər tərəfindən baxıldığını söyləyib. Görəsən bizim topdan qorxan igidlərimiz Avropanın hansı klubuna lazımdırlar? Bəlkə Avropada torba tikməyə mahir sənətkarlar tələb olunur? Ya da Avropada vətənpərvərlik və xalqı üçün ürəkdən oynamağı öyrədən kurslar təşkil edilib?

Ey futbolumuza cavabdeh olan futboldan başı çıxmayan mütəxəsszslərimiz! Sevinin ,sondan birinci olmağa doğru addımlayırıq. Nə qədər tezdir papağınızı qabagınıza qoyub yaxşı-yaxşı fikirləşin və nəticə çıxarın.


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir