27- Səbrimizin sıfırlandığı tarix


Hər işğal tarixi gələndə hansısa bir qüvvə mənə yaz, özünü də sətirlərin arasında dəfn elə, yanğınla başqalarını da yandır deyirdi.

Hər istila tarixinin bizi üzüqara edən ildönümü yaxınlaşanda yeni bir şey yazmaq üçün düşüncəm zorlanmırdı. Yazıların sərlövhəsi belə bir-birinə bənzəyirdi. Cümlələr yaşadığımız bu utancın “qələbəsi”” altında bir daha özümü əzməyə yönəlirdi.


Mən dünən O, bu gün Bu, dediyimiz o torpaqlar haqqında təsəvvürü ata-anaları, nənə-babalarının danışdığından və 27 il əvvəl çəkilmiş kadrlardan uzaga getməyən gəncliyə qoyulan “”mirasa”” görə üsyan edirdim.

Babadan oğula maldan-mülkdən daha dəyərli torpaq qalar, onu qoyub, verib gəlməsə də… Zaman uzandıqca yaralar qaysaqlar və… unudulmasa da yaddaşların arxivinə çökər əndişəsiylə “”niyə bizim məğlubiyyətin bədəlini”” bu 27-lər ödəməlidir ki-deyə yazanda çoxmu acımasızdım?

1992-1993-cü ildən bəri yazılmayan, tarixi dondurulmuş Vətən parçasının gələcəyi keçmişindəmi bitəcəkdi? Yox, belə bitməməli? Və bizim üçün, Qarabağ üçün dönüş nöqtəsi olan İyul hadisələri zamanı daha səbrimizin sıfırlandığına işarəylə “”Bu gün Azərbaycan türkü olduğumuzla öyündüyümüzün haqqını verək, bəlkə dövlətçiliyini və millətini qorumaq adına Bir olan Bizimdir dediklərimizi əvvəl BİZİM edək! Sonra qaldığımız yerdən davam edərik. Çünki bu DAVAM bu DAVAnın harasında olmağımıza bağlıdır. Yoxsa … DÖNMƏZ GERİ…”” çağırışıyla bitirmişdim.

Atalar nə zaman güclü olur? Əli oğlunun çiyinində olandamı? Yoxsa çiynində ata əli olan oğulmu güclüdür? Buna birmənalı cavabım yoxdur. Özümə sualımsa…

Nə zaman içindəki bu milli ruhu böyütdü bu 27-lər? Kim oyatdı küçədə “bizimkilər, bizimdir”- deyən əli bayraqlı bu 27-lərin kiçiyindən böyüyünün içində bu Mİlli Ruhu? Bilgisayar başında rəqəmli oyunlar oynayan uşağın, yeniyetmənin, gəncin milli yaddaşının silkələnməsinə rəvac verən nə oldu? Kodlaşdırılımış gendən gələnmiydi, yoxsa əyilmiş, üzü düşmüş, gözünü ondan qaçıran ata-babasının timsalında, özünün də övladına bu əziklik hissini yaşatmamaq istəyimi?

Hər nəydisə gözəl istəkdi…. Və o 27-lər “əvvəldən əvəvli vardı”- deyilən yerdə Duran Tarixin Gələcəyinə İmza atırlar!


Tünzalə Vəliqızı,
Moskva,
21.10.2020


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir