33-CÜ “20 YANVAR” –Hüzn


Bəxtiyar Vahabzadə, Oljas Süleymenov…

          Yaradanın Yer üzünə mərdlik, mətanət, əyilməzlik heykəli kimi göndərdiyi bu insanları şeir və sənətdən başqa birləşdirən nədir?

          Hər biri ayrılıqda sənətləri ilə qəlblərdə taxt qurmuş, iqtidara, müxalifətə bənd olmadan ömrü “qayğısız” başa vura biləcək insanlardı bunlar. Yüzlərlə həmkarları belə yaşayib və yaşayır zatən. Kimsənin də onları suçlayacaqı, ittiham edəcəyi gözlənmir.

          Onların dünyası, dünyaya baxışları isə bambaşqa idi, bambaşqadır.

          Hər ikisi bəşəriyyətin 70 illik möcüzəsi kimi dünya səhnəsinə gəlmiş bir ölkədə dünyaya göz açmışdılar. Hərəsi bu ölkənin sözdə bir “müstəqil” dövlətini təmsil edir, “böyük qardaş” ünvanlı karvanbaşının öncülüyü ilə vahid tarix yazırdı. Ta karvanın başına qaranlıq dünyanın manşırı ilə işarətlənmiş sarvan gələnə qədər. O sarvan təkcə möcüzə ölkəni məhv etməklə deyil, həm də bu insanların nəhəngliyini dünyaya tanıtmaqla yükümlü imiş.

          1990-cı ilin 20 yanvar hadisələri SSRİ adlanan dövlətin ölümqabağı sancılarının ən dəhşətlisi idi. Alma-Atada, Vilnüsdə, Tbilisidə “ölüm valsı” məşqləri ilə başlanan bu sancılar əzəmətli hesab olunan o dövlətin qan damarı Bakıda partladı və dövlətin il yarım davam edən canverməsinin başlanğıcı oldu. İndi belə mübaliqəli bənzətmələrlə yazıla bilən o tarix milyonların taleyinə qara qələm çəkdi, daş dövründən nüvə əsrinə gəlmiş insanın mətinliyi ilə yanaşı iblis fitrətinin də zərrə qədər dəyişmədiyini dünyaya göstərdi.

          Silahları yaradanların özünə haqq qazandırma dəlili “hər hansı təcavüzdən qorunmaq”,”özünü müdafiə etmək”dir. Bakıda bu dəlillər işləmədi. Çünki o zirehli maşınların altında qalan gənclərin, qızların, xəstələrin, təcili yardım maşınlarının heç kimə qarşı təcavüzü, hücumu yoxdu.

          Otuz üç il bu faciə haqqında danışılsa da, hər il qaysaqı qoparılan yanvar yaraları qanasa da bu günə qədər o cinayətin icraçıları cəzalanmayıb. Çünki tərəzisinin pərsəngi pozulmuş dünyanın ədalət anlayışı ayrı-ayrı yerlərdə fərqlidir. Bu fərqlilik yalnız ilahi ədalət deyilən mizan-tərəzi işləyəndə aradan qalxır. Əfsuslar olsun ki, o ilahi ədaləti gözləmək hamıya nəsib olsa da, görmək seçilmişlərin qədərindədir.

          Bəxtiyar Vahabzadə qanlı yanvar günlərində günahsız insanları cəzalandırmaq əmri verən zabitin üzünə tüpürənə qədər də vətənpərvərlik simvoluna çevrilmişdi. Qanlı yanvardakı duruşu, xalqın ümidsizliyə qapılmaması üçün əlindən gələni etməsi, dünyaya səs salması, şəhidlərin xatirəsini əbədiləşdirən şeirləri ilə öz vətəndaş mövqeyini, Azərbaycan qarşısında oğul borcunu ləyaqətlə yerinə yetirdi.

          Qanlı yanvar günlərində dünyadan carəsizliklə yardım istəyən günahsız xalqın naləsinə həmdəm olanların sayı yox deyiləcək qədər az idi. Qazax xalqının mərd oğlu, SSRİ məkanında, dünyada öz səsi, mövqeyi ilə məşhur Oljas Süleymenov o nadir insanlardan biri idi. Səhhətində problem olmasına və vəkili olduğu parlamentin onu qınaması ehtimalına baxmayaraq Bakıya gələn, yanımızda duran bu el ağsaqqalı indi də yanımızdadır və onu yaşadan Yaradanın lütfü ilə bərabər minnətdar xalqımızın xeyir-düalarıdır.

          Oljas Süleymenovun atom və nüvə silahları sınaqlarını dayandırmaq sahəsindəki fədakarlığı və qazandığı nəticə bəşəriyyətin son qırx illik mövcudiyyətidir demək heç də qeyri-adi mülahizə deyil. Və bu gün öldürücü silahları, onun ünsürlərini yaradanların Nobel mükafatına layiq görüldüyü bir dünyada Oljasın xidmətinin dəyərləndirilməməsi tarixin ironiyası, istehzasıdır.

          Bu iki dahinin adını çəkməklə bütün qələbəni onların xidməti kimi göstərmək niyyəti, əlbəttə, doğru olmaz. Haqq səsimizin dünyaya çatdırılmasında yüzlərlə ziyalımızın xidməti var və bu gün onları da minnətdarlıqla yad edirik.

          Qanlı yanvar qan yaddaşımızdır. Azadlığa gedən yolumuzun ilk qanlı səhifəsidir. Həmin gün şəhid olan Azərbaycan vətəndaşları milli mənsubiyyətlərindən asılı olmayaraq yenidən müstəqilliyinə qovuşmuş müasir Azərbaycan dövlətinin təməlini          qoydular. Otuz üç ildə çox məhrumiyyətlərə qatlaşmış, kənar müdaxilələrdən, fitnəkar təcavüzdən, işğaldan ağır zərbələr almış Azərbaycan 44 günlük savaşda necə qüdrətə malik olduğunu sübut etdi. Başı üzərində qara buludlar dolaşmaqda davam etsə də gələcək Azərbaycanındır, Çiçəklənən firavan, zəngin Azərbaycanın!

          Allah şəhidlərə rəhmət eləsin!


Cəfər Sadıq,
Moskva, 20 yanvar 2023-cü il


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir