Abbas Abbasov Azərbaycan mətbuatında onunla bağlı yazılanlara cavab verdi (Eksklüziv)


Abbas Abbasov Azərbaycan mətbuatında onunla bağlı   yazılanlara cavab verdi (Eksklüziv)
Son zamanlar Azərbaycan mətbuatının “arzuolunmaz adam” kimi qələmə verdiyi baş nazirin keçmiş birinci müavini, “AzərRos” Ağsaqqallar şurasının sədri Abbas Abbasovun bu dəfə də Rusiya Xalqları Assambleyasının toplantısında çıxışı mətbuatda tənqidlə qarşılanıb. Azərbaycanın aparıcı mətbu orqanları onu Rusiyanın yüksək tribunasından xalqları “SSRİ-nin yenidən bərpa olunmasına” çağırışda günahlandırır.

Vaxtaşırı bu və ya digər xəbərlərlə gündəmə gəlib mətbuatın hədəfində olan Abbas Abbasovun jurnalistlərə açıqlama verməkdə az həvəsli olduğu məlumdur. (Müşahidələrimə görə mətbuata müstəsna hallarda açıqlama verir-T.V) Bunu bilsəm də, şəxsən məni də maraqlandıran bu çıxışla bağlı onun mövqeyini aydınlaşdırmaq uçün fürsəti dəyərləndirməyi qərara aldım.

Abbas Abbasovun mətbuat xidmətindən mənim onunla görüşmək istəyimi müsbət qarşıladılar.

Azərbaycan Diasporları İttifaqının sədri (Əslində bu qurumun özü ayrıca bir söhbət mövzusudur- T.V.) Abbas Abbasov mənimlə söhbətində Rusiya Xalqları Assambleyasının toplantısında səsləndirdiyi fikirlərin Azərbaycan mətbuatında təhrif olunaraq verildiyini söylədi.

“Mən oradakı çıxışımda xalqları Rusiya dövləti ətrafında birliyə səsləmişəm. Burada söhbət Rusiyada yaşayan xalqlardan gedir. Çoxmillətli Rusiyada xalqların bir-biriylə dostluq və qarşlılqlı anlaşama şəraitində yaşaması, birləşməsi istəyində pis bir şey görmürəm”-dedi. A. Abbasov jurnalistlərin onun fikirlərini yanlış yöndən qiymətləndirməsinə təəssüflənərək, bunun nədən qaynaqlandığının onun özü üçün də bir müəmma olduğunu qeyd etdi.

“Sizi bir də çıxışınızda SSRİ-nin dağılması ilə əlaqədar sanki təəssüf notları hiss olunmasında suçlayırlar”- fikrinə cavab olaraq -“Təəssüf deyil, kəskin şəkildə SSRİ adlı bir dövlətin yenidən bərpa olunmasının imkansızlığını vurğulamışam”-dedi.

Əsəbləri tarıma çəkilmiş cəmiyyətdə hər hansı bir fikir və ya sözü başqa yöndən-öz istəyinə uyğun şəkildə qələmə verməklə sanki hirslərini soyutmaq kimi bir durumdan keçir zaman. Ola bilsin ictimai xadimlərin dilindən səslənən fikirlərdə umduğu və ya həllini gözlədiyi məsələlərin cavabını tapmayan media nümayəndələrinin təhrifə yol verməsinin kökündə bir az da bu dayanır.

Abbas Abbasov görüşdə mətbuatın onun haqqında başladığı bu kampaniyanın son məqsədinin nəyə xidmət etdiyini bilmədiyini dilə gətirdi.

İndiyə kimi Azərbaycan xalqının və dövlətinin mövqeyi ziddinə olan hər hansı bir fikrə yol verməmişəm və bundan sonra da verməyəcəyəm. Dövlətimiz üçün ağır olan zamanlarda Heydər Əliyevlə çiyin-çiyinə çalışmışam. 15 il baş nazirin birinci müavini kimi Azərbaycan xalqı qarşısında xidməti olan bir adamdan birdən-birə “düşmən obrazı” yaratmaq kimlərinsə dəyirmanına su tökmək üçündür və bunu kimlərəsə mirzəlik edən bəzi jurnalistlər yaxşı bilir-deyə o, əlavə etdi. “Jurnalistlərimizin içərisində ləyaqətli, qeyrətli, düzü-düz, əyrini -əyri yazan, peşə etikasına riayət edənləri da çoxdur. Təbii ki, söhbət onlardan getmir””-fikrini də xüsusi vurğuladı.

“Xalqlar Assambleyasının idarə heyətində təmsil olunmaq Rusiyada yaşayan azərbaycanlıların qarşılaşdığı problemlərin həllinə bir addım daha yaxın olmaq deməkdir ki, mənim də mövqeyim bu istiqamətdə xalqımın nümayəndələrinə dəstək olmaq, onların hüququnu qorumaqdır”.

Diaspor yetkilisi açıqlamasında mətbuatda ona qarşı başlanan bu qara “PR””a son qoyulmasını da xahiş etdi. “Unutmasınlar ki, bizim mətbuatı düşmənlərimiz də oxuyur. Məndən düşmən yaratmaqdansa, əsl düşmənlərini özləri üçün ayırd etsinlər”-deyə jurnalistlərə səsləndi.

Tünzalə Vəliqızı, Moskva
Yenises.ru


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir