AD GÜNÜN MÜBARƏK!


AD GÜNÜN MÜBARƏK!
Bu gün 32 yaşın olur. On ildir Sənin rəşadətin dilimizin əzbəri, Mübariz adın qürur yerimizdi. Amma əfsuslar olsun ki, uğrunda Şəhid olduğun o dilbər güşələrə gedib çatmamışıq, qəddimizi dikəldə, şərəfsizlik ləkəsini silə bilməmişik. Sənin yüksəltdiyin ada, qalxdığın mərtəbəyə ucalmaq bu gün hər birimizin əlçatmaz arzusu olsa da artıq göz yaşı tökməyin, ağı deyib, nalə eləməyin vaxtı deyil. Səni özünə örnək seçən yüzlərlə, minlərlə gəncimiz, ahılımız var və Vətən onlar üçün sadəcə quru səs, söz deyil, Şərəf, Ləyaqət, Qəhrəmanlıq meydanıdır. Addımına, qarışına göz dikənə savaş meydanıdır. Əsirini xilas etmək, torpağını azad etmək üçün ölümə yox, şanlı qələbə döyüşünə getməyə hazır olan Mübarizlərin meydanıdır. O böyük ürəyinlə bizi anlamağa çalış. Yanına üzüağ gəlmək istəyirik. Ona qədər ölmək yoxdur! Sən Şəhid oldun ki, torpaqlar azad olsun! Qalanlar o arzunu çin eləməlidir. Ümidini itirmə! O gün uzaq deyil! Ruhun şad olsun!

Mübariz

19 avqust 2010-cu il Mübarək ramazan ayında Sənin xatirənə müraciət etmək, Ruhun qarşısında səcdə etmək, gücsüzlüyümüzü etiraf etmək, sağkən vətən uğrunda qurban verdiyin o əzəmətli və məsum bədənini belə mənfur düşmənin əlindən ala bilməməyimizin acısını yaşaya-yaşaya gündə min dəfə ölmək də bizim payımıza düşən qismətdir. Sən doğulanda Qarabağ yanırdı, hələ yanır. Sən doğulanda İbrahimovların sevincinə nankor düşmənlər zəhər qatmışdılar artıq. Sənin dünyaya gəlişin o ailə üçün qaranlıq quyuya düşən gün işığı oldu. Varlığınla, hər gün atdığın addımlarla, arşın kürəyinlə, dəmir biləyinlə ətrafını, həndəvərini, elini-obanı dirçəltdin. Kimin ağlına gəldi Sənə “Mübariz” adı vermək? Yoxsa kiməsə Sənin təyinatın vəhylə gəlmişdi? İyirmi iki yaşında adını milyon qat doğrultdun, Mübariz! Gündə ölə-ölə yüz il yaşamaqdansa, Mübariz kimi, kişi kimi, ər kimi, nər kimi ölməyi seçdin. Keşkə o vaxt bizim kimi qorxaqlardan bir-ikisi olaydı qarşında, dayandıraydı Səni, “a bala, tələsmə, hər şey düzələcək, səbr elə”, deyəydi. O yerdə o qorxaqlığın bir təsəllisi olardı: Sən sağ qalardın. Düzdür, onda Sən də Sən olmazdın, bizlərdən biri olardın. “Lazım gəlsə” düşüncəsini daşıyanın biri də artardı. Bilmirsən ki, hansı yaxşıdır. Üzünü belə görməmişdik, adını belə bilmirdik çoxumuz. Bağışla ki, öz qorxaq xislətimizlə Sənə və yaşıdlarına “cavansınız, Qarabağ dərdini başa düşməzsiniz” deyə ümidsiz baxdığımız dəqiqələr az olmamışdı. Sanki özümüz çox başa düşüb bir şey eləmişik! Səni başqa bir şəxsə bənzətməyə, oxşadığın başqa qəhrəmanı axtarmağa adamın vicdanı yol vermir. Sən heç kimə oxşamağa çalışmadın, çünki Sən bənzərsiz, taysız-bərabərsiz Mübariz idin. Qəhrəmanlıq salnaməsinə də öz şərəfli səhifəni yazdın. İndi sevib-sevilən vıxtındı. Neçə dilbər gözəlin gizli baxışları sığallamışdı enli kürəyini. Göndərilmiş və göndərilməmiş neçə məktublar ünvanlanmışdı Sənə. Neçə qız anası ananın bir təbəssümünə göz dikmişdi qohum olacaq deyə. Sən başqa dilbəri seçdin. Əzilən, inləyən, yad tapdağı altda qalan, təravətini itirməsə də ləyaqəti ayaqlara düşmüş dilbəri. Dağlarında atları vəhşiləşmiş, bulaqlarının gözü tutulmuş, İstisuyu “soyumuş”, zəngin yataqları oyulmuş, tikililəri sökülmüş, yollarına yeni uydurma “tarixi abidələr” qoyulmuş, bədəninə minalar, mərmilər xərçəng şişləri kimi döşənmiş obanı seçdin sevgin üçün. Görüşünə getdin, canını verdin. “Sən bu halda olduğun müddətdə mənə yaşamaq düşməz” dedin. Nə desəm hüzurunda aciz, zəif, solğun, bayağı, sönük, dadsız-duzsuz görünür. Sadəcə bu sözlərin arxasına gizlənirəm ki, cılızlığım, qərarsızlığım, cəsarətsizliyim görünməsin. Kimdən gizlənirəm ki? Baba Pünhan vardı, ruhu şad olsun, dözmədi Qarabağsızlığa, əbədiyyətə qovuşdu. Hikkəsindən əsir qıza müraciətlə yazmışdı ki, sən əsir düşdüyün gündən köçdüm Bakıya, bilmədim sən bilmisən. Başımızı dəvə quşu timsalı soxmuşuq quma, deyirik gizlənmişik. Çoxumuz heç gizlənməyi də fikirləşmir. Sənin ruhunu belə söhbətlərlə narahat etmək də kişilikdən deyil. Sən ki, şikayət eləmədin. Nəyi necə eləməyi hamımıza nümunə göstərdin. Sənin qovuşduğun dünyaya haqq dünyası deyirlər. Ateizm zəhəri ilə yaralanmış ağlımla bunun doğruluğuna şübhə eləmək keçir içimdən. İnamımız da iradəmiz kimi alayarımçıqdır. Sən vətəni bizə miras qoyub köçmüş əcdadlarımızın yanına üzüağ getdin. Nəmərd düşmən tənini, gül bədənini vermək istəməsə də. Bizsə oraya aparılası ağ üzümüz olmadığına görə ağ kəfən pulunu dünyanın minbir ölkəsində qazanırıq. İndi şəhid olanlardan üzr istəmək, onların ruhu qarşısında “günahkarlığı” etiraf etmək də bir cür dəb düşüb. Vətəni azad etmək vəzifəsini çox “optimallaşdırmışıq”, – ya məclislərdə oturub şərabın növbəti qədəhini azad olmuş Qarabağda içmək şərəfinə tostlar deyirik, ya da günü-gündən üzərinə təzə xal düşən genofondumuzun sağlam toxumlarını itirib ah-vay edirik. Amma bizim yerimizə bu Qarabağı kim azad edəcək sualını dilimizə belə gətirməyə cürət etmirik. Deyirəm, yazıram və əlim-ayağım titrəyir, bilirəm ki, Qarabağdakı erməninin kölgəsinə söz deməyə cəsarəti olmayanlar məni parçalamağa hazırdırlar… Olsun! Tofiqlərin, İsmətlərin, Ramillərin, Alıların, Kazımağaların, Mübarizlərin, torpağımızı Vətən etmiş yüzlərlə qeyrətli oğulların qanı ilə mayalanmış qədim Azərbaycan işğaldan qurtulacaq, təbii haqqı olan ləyaqətinə qovuşacaq! Müvəqqəti də olsa məğlub olmuş elin-obanın əyilmiş qəddi, Mübariz, Sizlərin sayənizdə düzələcək. Sənin xatirəni əbədiləşdirmək üçün Prezidentin fərmanından tutmuş, mübarək adını daşıyan gəmiyə, idmançılarımızın uğurlarına qədər atılan hər addım Sənin və torpaqlarımızın bütövlüyü uğrunda canlarından keçmiş hər bir azərbaycanlının ruhu qarşısında paklaşmağa doğru gedən yolu qısaldır.

Cəfər SADİQ, Moskva


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir