“AD”a ehtiyacı olmayan “GÜNÜ”n mubarək!


“AD”a ehtiyacı olmayan “GÜNÜ”n  mubarək!
Ad üçün yola çıxmayanlardandı. Bu dünyaya gəlişi gec, gülüşü gec, həsrəti çox, nisgili çox… Bir ömür uçun bölünən hər şeydən bəxtinə çüt düşüb tərsi-avandı ilə. Bir cüt- ata-anadan yaranar insan! Dünyanın da üzü iki. Gecəsiylə, gündüzüylə, burasıyla axirətiylə. Tək olan Allah, bəxtimizə tək-tək düşən də tək. Onun təkləri- bir anası, bir qoyunu, bir alma ağacı. Bunlarla böyüdü. Təklənmiş ömründə tək bir nağılı oldu. “Məmməd İsmayıl nağılı”. O nağılı da özü yazdı. Uydurmadı, amma. Həyatı bir nağılla başladı, bir nağıl ömrü yaşadı. Sehri, qorxusu, möcüzəsi bir-birinə qarışmış bir nağılla.

Elə oradan yola çıxdı. Həyatındakı yoxluqlara var qata-qata bu gün də gedir. Nə ad üçün, nə mükafat üçün.

Əlini üzatsan bütə toxunmuş kimi hiss etdirər. Sən ona toxunmadan o sənin qəlbinin sarı siminə bir elə toxunar ki… “Bu adamı nə zaman ürəyim başına qoydum” deməyə belə macal tapmazsan. Hər kəs onda həsrətini çəkdiyi bir doğmasını tapar. Mənim tapdığım kimi. Mənə mənəvi Ata, bir başqalarına da oxşar və ya fərqli statusda yaxın, doğma, əziz varlıqdır. “Yoxluğun varlığı”nı həyatı bahasına sınaqlardan keçirib qazanan və göstərəndir!

“Qapısını ağacdələn döyən” ( “Döy qapımı ağacdələn”) saçlarının dənindən dən verən, adında iki peyğəmbərin adını daşımaq nəsibi olsa da, “Hər adı Məhəmməd – peyğəmbər deyil” deyəcək qədər müdrik, böyük ürəkli, təvazökar, qəlblərin şairi olandır- MƏMMƏD İSMAYIL! “AD”a ehtiyacı olmayan “GÜN”ünüz, dünyaya gəlişiniz mübarək, Məmməd İSMAYIL!

Tünzalə VƏLİQIZI, Moskva 01.11.2012

Məmməd İSMAYIL

KİMİ ALDADIRSAN

Aça bilməyirik nə sirsən belə
Fəhləsən, kəndlisən, nazirsən belə.
Kimin çörəyini kəsirsən belə,
Kimi aldadırsan, ay zalım oğlu?

Bu qulaq nə qədər yalan yeyəcək?
Verən aldanacaq, alan yeyəcək.
Nə töksən onsuz da balan yeyəcək,
Kimi aldadırsan, ay zalım oğlu?

Şirnikib nəfsini qəsdə çevirmə,
Torpağın altını üstə çevirmə.
Öləndə üzünə üz də çevirməz
Kimi aldadırsan, ay zalım oğlu?

Əlləri cibində boş gəzən oğlan,
Bir səpib, yerində beş gəzən oğlan
Dayan, ay pambıqla baş kəsən oğlan,-
Kimi aldadırsan, ay zalım oğlu?

Bu haray məscidin, kilsənin deyil.
Bu el bizimkidir kimsənin deyil.
Bu yalan danışan dil sənin deyil,-
Kimi aldadırsan, ay zalım oğlu?

O satan kim oldu, bu satılan kim?
Daşatan, dalınca daş atılan kim?
Yaşadan bəllidir, yaşadılan kim,-
Kimi aldadırsan, ay zalım oğlu?

Ay “üç”ün yerinə “beş” yazan kişi,
Boğazı ucundan baş yozan kişi,
Kimin əllərində əşyasan, kişi,
Kimi aldadırsan, ay zalım oğlu?

Elə çiçək çiçək, gül gülük deyir,
Görünür hər yetən ülgülük deyil,
Bu dünya dediyin tülkülük deyil,-
Kimi aldadırsan, ay zalım oğlu?

Açdınmı açılmaz sirri sən özün
Bir bilək dirisən, ölüsən özün,
Yaxanı yan çəkmə biri sən-özün,
Kimi aldadırsan, ay zalım oğlu?

Nə dil anlayırsan, nə haqq bilirsən
Yaxın mənzilini uzaq bilirsən
Əgər iç üzünü bu xalq bilirsə,-
Kimi aldadırsan, ay zalım oğlu?

HƏSRƏTİMİ ÇƏKƏRSƏN

Ovudarsan özünü özün göz yaşlarınla,
Dönər həsrət gölünə gözun göz yaşlarınla,
Yanağına ələnən həzin göz yaşlarınla,
Həsrətimi çəkərsən, çəkərsən həsrətimi.

Səksəkəli gəzərsən ayağının ucunda,
Adım çəkilmək istər dodağınn ucunda,
Telefon nömrələrim barmağının ucunda
Həsrətimi çəkərsən, çəkərsən həsrətimi.

Ayrılıq bir dağ olsa, o dağa çəkilərsən,
Hicrana rəng qatarsan, yanağa çəkilərsən.
Bir gündə neçə dəfə sınağa çəkilərsən
Həsrətimi çəkərsən, çəkərsən həsrətimi.

Yellər, sellər, dənizlər aramıza yol çəkər,
Tanrı şimşəkləriylə imza atar, qol çəkər.
Bir nöqtəyə dirənən baxişların yol çəkər,-
Həsrətimi çəkərsən, çəkərsən həsrətimi.

Min bəlanın izi var səslənən hər “eh”ində,
Qazancın qana döndü, batıb getdi behin də.
Fikrin çiçək falında, əlin qəm təsbehində,-
Həsrətimi çəkərsən, çəkərsən həsrətimi.

Könlümün dan yerinə doğmadın gün yerinə
Dar ağacı qurursan dünyanın gen yerinə.
Bezdən kəfən olurmu, ölsəm kəfən yerinə
Həsrətimi çəkərsən, çəkərsən həsrətimi.

Əziz və hörmətli şair, ziyalı, vətənpərvər dostumuz Məmməd İsmayılı ad günü münasibətilə ürəkdən təbrik edir, uzun ömür, möhkəm can sağlığı ilə birlikdə ona qəlbində bəslədiyi ən məhrəm diləklərin çin olmasını arzu edirik. Vətənin firavanlığı və bəxtəvərliyi eşqi ilə döyünən ürəyindən sevgi, ilham əskik olmasın.

Hörmətlə: Ramiz Abutalıbov, Məmməd Quliyev, Rəfail Qəribov, Alşan Zakirov, Mərdan Feyzullayev, Nəsib Nəbioğlu, Vasif Məmmədov, Cəfər Sadıq

Moskva, 1 noyabr 2012-ci il
“AD”a ehtiyacı olmayan “GÜNÜ”n  mubarək!
Şəkildə: Vasif Məmmədov, Nəsib Nəbioğu, Ramiz Abutalıbov və Məmməd İsmayıl

“AD”a ehtiyacı olmayan “GÜNÜ”n  mubarək!
Şəkildə: Məmməd İsmayıl, Cəfər Sadıq


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir