AFAQ ŞIXLI-dan Yeni şeirlər


AFAQ ŞIXLI-dan Yeni şeirlər

Sən geri çəkilsən – yıxılar aləm,
Mən geri çəkilsəm – sən uduzarsan.

—————————————————–
SƏNIN BILMƏDIKLƏRIN…

Mən incə ruhuna inandım sənin –
Sevginə hardasa inanmayanda.
Hər sabah səsinə oyandım sənin,
Yuvada quşlar da oyanmayanda.

…Məhəbbət şirinmi, yoxsa acımı?
Mən eşqin yolunu gözləməmişdim.
Yalnız bir sirdaşa ehtiyacımı
Sənə söyləmişdim, gizləməmişdim.

Lakin gəlişinlə durmuşdu zaman,
Həm göyə ucalıb, həm ağlamışdım.
Mənə “ay əzizim” dediyin o an
Sevincdən balıncı qucaqlamışdım.

Səni dəli edən olmuşdumu heç?
Bəlkə də bu yolda birinci idim.
Səhvindən keçmişəm! Günahımdan keç!
Nə oldu, gözündə bir inci idim?

Özün demirdinmi təmiz hisslərin
Sevinci də olur, göz yaşları da?!
Ürəkdən vurulub sevən kəslərin
Barışı da gözəl, savaşları da?!

Bir göz qırpımında ötüşdü qırx il,
Amma bircə fəsil dəyişdi ancaq.
Bəlkə də var idik, bəlkə də – deyil…
Bəs olub-keçənlər harda qalacaq?

Ağıllı demirdin – küsəsən indi,
Mən “dəli”” olmazdım sən olmasaydın.
Başlanğıc da sənin, son da sənindi,
Sevə bilmirdinsə gərək susaydın.

Sözlərin yadıma düşdükcə hərdən
Deyirəm, dünyada nə yaxşı varsan!
Sən geri çəkilsən – yıxılar aləm,
Mən geri çəkilsəm – sən uduzarsan.

… Sadəcə bunlardı bilmədiklərin,
Xoşbəxt ol, yolunu alqışlayıram.
Məndən uzaqlarda olsa da yerin
Səni ötənlərə bağışlayıram.

O Kİ, TƏNHALIĞI SEVİRDİN…

Qəzetlər – göyərçin poçtuna bənzər,
Ünvana yetişdi ismarıcların.
Yəqin ki, bu qədər susduğun yetər…
Söylə neçə keçdi qışın, baharın?

Söylə asanmıydı sevgidən uzaq
Sevgidən yazmağa etdiyin səylər?
İnad – bir qüsurdu, həsrətsə – tuzaq,
Özünü yıxanlar çalanı neylər?

Nələrə rastladın məndən küsəli,
Bəlkə də söyləsən barışmaq olmaz?!
Kimi necə sıxdı hicranın əli, –
Elə sözlər var ki, danışmaq olmaz.

Bilirəm, doğmadı mən çəkən şəkil,
Meydan oxuyursan orda aləmə.
Tanış sətirləri (təsadüf deyil)
O şəklə əmanət etmisən, demə!

Amma don vurubdu duyğularımı,
Gileyi-güzarı sorma dilimdən.
Bir cəllad sayağı mənim yarımı,
O bayram qabağı aldın əlimdən.

Bir də… düşünmə ki, daralıb zaman!
Ümidin odunu şüşədə gizlə.
O ki, tənhalığı sevirdin yaman,
Yadigar nə qalıb təkcə əzizlə.

Ömürdən bu qədər ötüşdü hədər,
Mənim məhəbbətim – yox olan varın!
Qəzetlər – göyərçin poçtuna bənzər,
Əmin ol…, yetişdi ismarıcların.


QAPIMI DÖY, SƏADƏTIM!

Qapımı döy, səadətim,
Qapımı döy, gec olmamış!
İstəklərim, diləkləırim tənhalıqdan puç olmamış!
Sevgi dolu ümidlərim külə dönüb heç olmamış!
Soyumamış hərarətim,
Qapımı döy, səadətim!

Mən inandım həqiqətə – yox olsa da,
Anlamsızlıq qəlbimdə bir ox olsa da.
Sinə gərdim acılara – çox olsa da..
Qırılmamış mətanətim,
Qapımı döy, səadətim!

Ürəyimdə gör nə qədər arzu yatır!
Xəyallarım azadlığa hey can atır!
Tələsirəm, vaxt gözləmir,
İllər ötür…
Bu eşqimdir əmanətim!
Qapımı döy, səadətim!

Qapımı döy! Açılmasa, əl at, sındır,
Zülmətimi kəsib keçən işıq yandır!
Gəl, bu eşqin məşəlini alovlandır,
Qanadlansın məhəbbətim!
Qapımı döy!
Qapımı döy, səadətim!

QƏRIB AXŞAMLAR…
Yusif bəy Günaydına

Bir üzü güləndə bir üzü ağlar,
Nigaran gözləri sel kimi çağlar.
Sönük ümidini sabaha bağlar
Qərib axşamlar.

Günlər hey uzanar, hey dolaylanar,
Qismətdən yorular, yola boylanar.
İçində bir əziz el haraylanar
Qərib axşamlar.

Ozünün kədəri özünə yetər,
Dünyanın ləzzəti gözündə itər.
Yanıqlı-yanıqlı bir qərib ötər…
Qərib axşamlar.

Neyi – naləsidi, kamanı – ahı,
Ölüncə anlamaz nəydi günahı.
Açılmaz üzünə Vətən sabahı
Qərib axşamlar!

SEVMƏK YAMAN ÇƏTİNDİ!

Sevmək yaman çətindi, canımın canı, qızım!
Amandı tələsmə gəl!
Gilavarı gözləyən
bir incə çiçək kimi
qəribsəmə, əsmə gəl!

Bir gün düşər qəlbinə
sevgi adlı ocağın közündən bircə parça…
səni yaxıb qovurar…
Sevmək yaman çətindi –
çovğunu var, qarı var.
İntizarı, həsrəti, ayrılan yolları var.
Gah zərifcə oxşayan,
Gah da ki, ümidləri sındıran qolları var.

Qəlbi-gözü tərtəmiz saf bir mələksən indi.
Qədrini bil hər anın!
Böyüməyə tələsmə!
İşi yaman çətindi
sevgi adlı dünyanın.

HARDASA…

Bir eşqin üstünü duman, çən almış,
Bir ürək sevgisiz viranə qalmış,
Bir bəxtin günəşi solub saralmış,
Onunsa taleyi ağdı, hardasa…

Heyif, qəlb yarası görünmür gözə,
Ürək daş ola ki, həsrətə dözə.
Yaşamaq nağıldı dərdibilməzə,
Qisməti bağçadı, bağdı, hardasa…

Bu necə sevdadı – solub getmişəm,
Sirrimi göylərlə bölüb getmişəm…
Özüm göz önündə ölüb getmişəm,
Ölən məhəbbətim sağdı hardasa…

HƏYAT QƏRIBƏDIR…

Həyat qəribədir, qəribə dostum!
Heç kim keçmişinə qayıda bilməz.
Bir günah işlədən deyir unudum,
Vicdanı var isə, unuda bilməz.

Bir közü salarsan əgər əlindən,
Düşdüyü məkanı yandırıb yaxar.
Gizlənə bilməzsən əməllərindən,
Sənə dünənindən neçə göz baxar.

Elə bil, kini var soyuq daşın da,
Tapdanıb, sonradan sinəyə düşər.
Fərqi yox – nə qalıb qan yaddaşında,
Bizli də, bizsiz də günlər ötüşər.

Həqiqət incələr bəzən sap kimi,
Amma ki, üzülməz – qaydadır bu da.
Qəlbiylə düz olan neynir hakimi?
“Artıq içiləndə dərd verər su da.”

Bəzən çəkdiyimiz böşuna gedər,
Min ahın tək bircə dərdi əritməz.
Bir gün günahsızın göz yaşı bitər,
Amma günahkarın çiləsi bitməz!”


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir