Afaq ŞIXLIDAN iki şeir


Afaq ŞIXLIDAN iki şeir
BELƏCƏ DOLANIRIQ…

Başımızda
fikirlər,
düşüncələr, gümanlar,
neçə-neçə insanın səsi, sözü hərlənir.
Hərdən də bir səbəbdən,
dünya hərləndiyitək,
elə özü hərlənir,
İstəsək, istəməsək
olduğumuz dünyayla birgə fırlanırıq biz.
Gücümüz çatmır deyə onun gərdişlərinə,
dünyanı danırıq biz.
Bir az xoşbəxt olanda,
şükr etdiyimiz olur,
bu gözəl dünyamızın başına dolanırıq.
Bəzənsə… çox düşəndə bəxtəvərlik payımız,
özümüzü
dünyanın məhvəriyik sanırıq!..


ŞEİR

Sözlərdən düzülən bir inci sapı,
Qələmin yenilməz qoludur şeir.
Ürəkdən ürəyə açılan qapı,
Hisslərin idraka yoludur şeir.

Göylərin səsidir – ucadan-uca!
Gah sevdalı gəncdir, gah müdrik qoca.
Kükrəyən vulkandı, alışan ocaq,
Alovdur, şimşəkdir, doludur – şeir!

Aləmin zərrəsi, zamanın anı,
Bir canın nəfəsi, bir ruhun canı,
Bütün yazıların şahı, xaqanı,
Ülvi məhəbbətin quludur şeir!

Nəfis sətirlərin incə naxışı,
Dünyanın laylası, ahı, alqışı,
İlahi nəfəsi, Tanrı baxışı…
Sirr ilə, sehirlə doludur şeir.

Onun sayəsində gözəldir bəşər!
Qəlblərdən süzülüb dillərə düşər.
Əbədə qovuşar, ölümsüzləşər,
Əzəldir, əfsəldir, uludur şeir!

20.05.14.


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir