Ağdam Tanrının “Səxavət”iydi


Ağdam Tanrının “Səxavət”iydi
Səhər feysdə Brodskinin bir kəlamını paylaşdım. “Çoğrafiyasını bilməyən millət işğal olunmağa layiqdir”. Nə qədər uğurlu təcrümə etdim bilmirəm. Amma…

Azərbaycanlı və Azərbaycandan olsam da (bu iki vurğunu işlətməyimin səbəbləri var-T.V.) ölkəmin sərhəddinin “haradan başlayıb harada bitdiyini” nəzəri tərəfdən öyrəndim. İndi nə zamansa gedərəm-deyə görmək arzusunda olduğum yerlərə getməməyimin səbəbi- “budur- buradır də, qaçmir kı…” olub. Halbuki, yaddaşınızı vərəqləsəniz, siz də mənim kimi “bizimkidir, qaçmir ki”, məntiqi ilə dünyanın olmasa da, MDB-nin bir çox ölkələrini gəzmisiniz. Mən də o zamanlar ailəmiz ora ilə bağlı olduğundan Ukraynanı Azərbaycandan daha çox gəzmiş və tanıyır kimi idim.

Mətləb mən deyiləm. Mətləb mənim ertələdiyim və hara qaçacaq ki, dediyim nəzəri tanıyıb əyani görmədiyim yerlərimiz-və onların içində bu gün işğal tarixi ilə gündəmi məşğul edən Ağdamdır. Bu məşğul kəlməsini yanlış anlamayın. Çünki biz onunla məşğul olsaydıq…

“Hara qaçacaq, bir yerə getmir ki” məntiqiylə indi cənnət deyə xitab etdiyimiz “cəhənnəmi görən” yer getdi. (Onu görmək şansım üçün kimsə bir tarix verə bilərmi? Yaxın gələcək dediyimiz tarixlərdən əsrin dörddə birinin də belini bağlayıb utanc arxivimizin rəfinə yerləşdirdik. Sonra haqqında yazdığımız üçün mükafat da təsis edəcəyik. Bu yalnız bizə xas olandırmı, onu da bilmədiklərimdən toplanan qeydlərə əlavə edirəm).

Nəysə… “Verildi”, “alındı”, “işğal olundu” kimi fellərindən yola çıxıb mübahisə etməyəcəm. Verilsə də, alınsa da –özümüzə bəraət üçün Ağ-pak şəhərin yanında üzümüz Qaradır!

Ağdam haqqında hər anım günündə yazdım. Haradamı? Dünən günü qeyd edilən və ən çox o günün haqqını verən yenicə sovetlərin bağrından qopub müstəqillik qazanandan sonra ikinci dövrə Rusiyada azərbaycandilli mətbuatın ilkinlərindən sayılan “Millətin qəzeti”ndə. 26 ildə deyə biləcəklərimin hamısını demişəm sanmışam. Bəzi təkrarlar tavtaloğiya deyil, yaddaşdır-geri qayıdış – “özünəgəl”-di! Amma… Bizim özümüzə gələn yol özümüzdən gedir.

Ağdamı mən uşaqkən Abdal Gülablıdan olan qohumlarımdan və səsi ilə fəxr etdikləri həmkəndliləri Səxavət Məmmədovdan tanımışam. Ağdamda savaş başlamışdı. Müharibəni “müharibəli kinolar”dan tanıyıb nağıl saydığımızdan onun bir daha olacağına ehtimal verməyən bizlər üçün buna inanmaq və alışmaq çətindi. Ona görə hər gəlişlərində “kənd sovqatlı çantaları” ilə məndə zəngin olduqları fikri yaradan qohumlarımın köçü yenicə oxuduğum Abdulla Şaiqin “Köç” hekayəsindən o tərəfə getməmişdi. Koç –mənə görə isti arandan sərin yaylağa köçməkdən başqa bir şey deyildi. Bu köçhaköçün tam ciddiyyətini şəhid tabutları qapıları döyəndə anladım. Bu köçün tərifini sətirlərə köçürməyə acizkən, ellər zorla köç etməkdəydi.

Səxavət Məmmədovdan tanımışdım dedim. O zaman palatka toyunda (Gəncə zonasında mağar deyirlər) keçirilən məclisə qatılan Səxavət Məmmədovdan “Qarabağ şikəstəsi”ni ifa etmək xahiş edilmişdi. Toyun aparıcısı “Ağdamın cənnət guşəsində bir oğlan dünyaya gəldi. Adını Səxavət qoydular. Bəli, Tanrının səxavətidir belə bir səsə sahib olmaq… ”-sözlərinin arxasınca o, hər kəsi ağladacaq yanğıyla oxumuşdu. Ağdamın həm də “Qarabağ şikəstəsi”, Tanrının səxavətini əsirgəmədiyi və insanlarına bu səxavətdən pay verən diyar olduğunu hiss etdirmişdi. O səsdəki üsyanla hiss etdirmişdi gələn fəlakəti.

Ağdamlılar çoxuşaqlı olur. Ağdamlılar səxavətli olur və səsləri də Səxavətin səsi kimi… Öz vətənimdə vətənimin bir parçası ilə tanışlıq, ədəbiyyatı, mədəniyyəti ilə aşılanan, aşınan yeri yaddaşında bir də yaşanmışlıqla möhkəmlənir.

Bu ağının sonunu hara bağlayım bilmirəm… Mənim “Ağdamı görmək ehtimalımın gerçəyə dönüşəcəyi təxminindən uzaq bir tarixdə yenə yeni ehtimalların səslənəcəyi 26-cı ili anmaq var ovucumda. Bir də nə zamansa görə bilmək ümidinin axsadığı zaman!

Tünzalə Vəliqızı
Moskva
23.07.2019


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir