Akif Əhmədgil – Çanaqqala, bağışla, mən Şuşadan gəlmişəm


Akif Əhmədgil  - Çanaqqala, bağışla, mən Şuşadan gəlmişəm
(Çanaqqala savaşının 100 illiyinə)

Çanaqqala, bağışla, mən Şuşadan gəlmişəm.
Sinən üstə yazıldı qəhrəmanlıq dastanı.
Bilirəm bağışlamaz tökülən şəhid qanı –
O dastanı unutdum…
Öz yurdumda qaçqınam.
Çanaqqala, bağışla, mən Qaladan gəlmişəm,
Qaytar məni Qalaya – qaytar məni Şuşaya.
Çanaqqala – qalamsan! Göndər məni döyüşə!
Bir zamanlar deyirdin: Çanaqqala keçilməz!
Bəs Xocalı, bəs Şuşa
Necə oldu keçildi?!
Kişilərmi əksildi, adamlarmı kiçildi?!
Ümidlər pərən-pərən, ümidlər sınmış şüşə.
Çanaqqala, bağışla, hüzuruna gəlmişəm.
Başım boyda günahım suçumdan da böyükdür…
Ürək param-parçadır
Qarabağ göynəyindən.
Hüzuruna gəlmişəm,
Gəl keçir toprağından, gəl keçir köynəyindən.
Ver qələbə dərsini!
Suyundan qat suyuma,
Qanından qat qanıma!
Qalx ayağa, uyuma!
Qoy qaldırım başımı, qoy qarışsın qan tərə!
Mən də deyim son kərə…
Canaqqala, bağışla, mən gedirəm döyüşə,
Mən gedirəm Şuşaya!…
Günahımı yumağa…

Anama

Beş övlad gətirdin sən ki dünyaya,
Gəlimli dünyaya gəlib gedirsən.
Xalçanın üstündən asılıb şəklin,
Məsum bir təbəssüm… gülüb gedirsən?

Qızların üstünə gül aparmazmı?
Gizlədə bilsəydim nəvələrindən,
Gizlədə bilsəydim göz yaşlarımı…
Yataqda balıncı sel aparmazmı?
Xiffətin bağrımı dəlib, gedirsən.

Sıxır ayağımı ayaqqabı da
Otaqda üstümə lay divar gəlir.
Qaldığım otaqlar dursun bir yana,
Qaldığım dünya da mənə dar gəlir.

Deyərdin: “Beş övlad beş barmağımdır”.
Bu maşın haraya şütüyür belə?!
Sükan arxasında böyük oğlunmu,
Sükan arxasında sonbeşiyimmi?!

Bilirəm, böyüyü çox istəyirdin.
Ortancıl oğlun – adsız barmağın,
Kəsib boğazından, kəsib əynindən
Sən onu hər zaman kürsü başında,
Vəzifə başında tox istəyirdin.

Ayrılıq əlindən üz tutum hara?
Payızda üstümə boran, qar gəlir.
Mindiyim maşınlar şütüyür hara
Baxırsan, üstünə bir günü kimi
Ayrılıq adında bir qatar gəlir.

Hər zaman “dərdini alım” deyərdin.
Şəhərdən gələndə tələm-tələsik
Bir gecə yanında qalım deyərdin.
“Ayağın altında ölüm!” deyərdin
Bəs nədən çiynimdə… ölüb gedirsən?


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir