Alimlikdə və insanlıqda Xalıq Koroğlu nümunəsi


Alimlikdə və insanlıqda Xalıq Koroğlu nümunəsi

Hər bir şagirdin, tələbənin öz sevimli müəllimləri olur. Mən, nə az-nə çox, 23 il təhsil almışam.

On il orta məktəbdə Kəlbəcərdə, beş il Bakıda M. F. Axundov adına Azərbaycan Pedaqoji Rus Dili və Ədəbiyyatı İnstitutunda, beş il Moskvada Maksim Qorki adına Ədəbiyyat İnstitutunda, üç il isə Rusiya Mədəniyyət, İncəsənət və Turizm Akademiyasında aspiranturada oxumuşam. Tələbəlik dövründə çoxsayda adlı-sanlı, çox savadlı, unudulmaz, hətta dünya miqyasında tanınan pedaqoqlar, alimlər mənə dərs deyib. O vaxt Ədəbiyyat institutunda Viktor Pozov, Lev Ozerov, Lev Oşanin, Yevgeni Dolmatovski, Andrey Dementyev, Stanislav Cimbinov, Lyusian Klimoviç, Feliks Kuznetsov, Yuri Kuznestov, Vladimir Qusev, Vladimir Smirnov, Larisa Vasilyeva, Yevgeniy Vinokurov, Aleksandr Vlasenko, Aza Taxo – Qodi, Xalıq Koroğlu, İqor Peçenev, Yevgeniy Sidorov, Aleksandr Baskakov və digərləri dərs deyirdilər. Həmin illərdə Ədəbiyyat İnstitutunda zəngin, qeyri-adi kitabların müəllifləri olan Mixail Yeryomin, Vladimir Smirnov, Sergey Bondi, Aza Taxo-Qodi, Sergey Artamanov, Çingiz Hüseynov, Mixail İşutin mühazirə oxuyurdular. Bizə dərs deyənlərin hamısı həqiqi akademiklər idi. Onların dərsinə girmək, onların dərsinə qulaq asmaq məsuliyyət idi.

Bu müəllimlər şeir, sənət dünyamızın, ədəbiyyatımızın çox sirlərinə, dərinliklərinə bələd olan insanlar idi. Elə insanlar ki, əsl sənət adamlarından yazmağı, istedadlı insanları qorumağı, unutmamağı, xalqın mənəvi yatırına çevrilmiş şəxsiyyətlərini daim diqqətdə saxlamağı özlərinə əqidə, amal borcu hesab edirlər. Onların gördüyü işlərin miqyası, əhatəsi o qədər genişdir ki, mübaliğəsiz deyə bilərəm ki, həmin illərdə müəllimlərimin fəaliyyətləri bir elmi mərkəz həcmində işlərə bərabər idi.
Alimlikdə və insanlıqda Xalıq Koroğlu nümunəsi
Mən indi müəllimlərimi, o qeyri-adi insanları böyük məhəbbətlə, rəğbətlə xatırlayıram, onlarla fəxr edirəm. Həyatda, yaradıcılığımda, ədəbi mühitdə, ümumiyyətlə mətbuat aləmində qazandığım uğurlara görə, müəllimlərimə minnətdaram. Mənim müəllimlərimin əksəriyyəti tələbkar, müdrik, ilk növbədə elmi, biliyi önə çəkən və tələbələrin ən mübahisəli ideyalarını dinləyən və müzakirə edən, hər kəsə düzgün yol göstərən əvəzsiz, təmkinli insanlar olublar.

Moskvada təhsil aldığım illərdə mənə dərs deyən müəllimlərdən biri də “Dünya ədəbiyyatı tarixi””nin müəlliflərindən biri, şərq dünyasının bilicilərindən olan, dünənimizi və bu günümüzü tanıtdırmaq üçün, fundamental elmi əsərlər, kitablar yazan, Xalıq Koroğluydu. Xalıq Koroğlu haqqında Çingiz Hüseynovdan eşitmişdim, amma özünü ilk dəfə 1983-cü ildə M. Qorki adına Ədəbiyyat İnstitutunda gördüm. Həmin il bizə SSRİ xalqları ədəbiyyatından mühazirələr oxumağa başladı.

Onun mehriban, qayğıkeş və səmimi münasibəti indi də yadımdadır. Görkəmli alim özündən sonra zəngin və çoxçalarlı ədəbi irs qoyub getmişdir. Orta əsrlərdən başlayaraq Yaxın və orta Şərq ədəbiyyatının sanballı sənətkarları onu özünə cəlb etmiş, onların həyat və yaradıcılıqlarını araşdırmış, təhlil və tədqiq etmişdir. Xalıq Koroğlu uzun illər çox zəngin və mürəkkəb yaradıcılıq yolu keçən, ictimai-siyasi həyatla, ədəbi mühitlə, rəngarəng sənət adamları ilə sıx təmasda olan, şərqşünaslığın və ədəbiyyatşünaslığın inkişafında xüsusi önəmli yeri olan şəxslərdən biri olmuşdur. O, çox təvazökar və eyni zamanda təmənnasız insan idi. Xalıq Koroğlu Azərbaycan ədəbiyyatı tarixinin, şərq ədəbiyyatının mükəmməl bilicisi kimi, güclü analitik təfəkkürə malik olan, müqayisəli idrak metodundan yerli-yerində, səmərəli istifadə edə bilən görkəmli ədəbiyyatşünas alimlərimizdən biridir.

Xalıq Koroğlu Azərbaycanda doğulub-böyüməsə də, Azərbaycanın çörəyini yeyib, suyunu içməsə də, azərbaycanlı olduğundan qürur hissi keçirir, fəxr eləyirdi.


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir