Anarın “avtoqolu” Və ya hədəfə dəyən sualmı?


Anarın “avtoqolu”          Və  ya hədəfə dəyən sualmı?
Hədəfə atdığımız sualla yenə özümüz hədəf olduq… Əslində verdiyi sualla günün “qəhrəmanı” olmalıykən…

Kimsənin nə yanında, nə də qarşısında durmadan tam etirafedici bir yazı hesab edin. Həm də heç nəyə hesablanmayan bir yazı.

Aramızda kiminsə yanında duranda da, nəyinsə anımına bir çiçək qoyanda da bundan “alayı” məqsədlər üçün istufadə etməyi düşünənlərimizin olduğu elə onların özünə məlumdur. Cılız şeylərə “qəhrəmanlıq” donu geydirib, başımızın deyil, ayağımızın ölçüsünə görə hərəkət edənlərimiz də çoxdur. Amma bu, haqlı durumlarda olduğu zaman hətta o birini belə haqsız saymağa əsas vermir.

Bəli, bu giriş Anar Həsənovun vurub qol olan, lakin son hesabda bizim qapımızdan keçən SUALı ilə bağlıdır. Məncə söhbətin nədən getdiyini açıqlamağa ehtiyac yoxdur!

Yazırlar neçə günlərdir. Və biz də yenisəs.ru olaraq yazdıq.

Hamının bildiyi və hamının vermədiyi razılaşdırılmamış verilən sualla Anar topu öz qapımızdan keçirtdi.

Hər halda bu gün elə bu saatlarda Azərbaycanın Lider televiziyasının Moskva müxbiri Anar Həsənovun təmsil olunduğu qurum tərəfindən işdən azad edilməsi xəbəri bu fikri bir daha təsdiq edir.

Anar illərlə Moskvada “ağzına su alıb oturan”-deyə ittiham etdiyimiz jurnalistlərin “cəsarət etmədikləri” və hamının cavabını bildiyi sualı təkrarladı.

Bu ifadə də Anarın özünə aiddir. Bəzən sual verib “ bir xal qazanmaq”, bəzən də sual verib “bir xal itirmək” olar. Bunu bilən Anar Rusiya xarici işlər naziri Sergey Lavrova verdiyi sualla indiki halda xal itirmiş durumdadırmı?

Sual verənin kimliyindən asılı olmayaraq torpaqlarının 20 faizi itirilmiş tərəfdə olmaq oyuna 2:0 məğlubiyyətlə başlamaq deməkdir. İşğal altında olan ərazilərimizin HAQQIndakı sualla Lavrovu “çaşdıran” cavabın “bədəlini” Anara ödədən- onu ittiham edən bizlər bu oyunun harasında olduğunu bilmədən “cəsarətini” dəfələrlə ölçüb biçməliyik ki, vurduğumuz avtoqol sayılmasın, eləmi?

Anara və ya digər həmkarlarıma hansı məsafədə durmağımdan asılı olmayaraq o “sual”ın cavabdehliyini daşıyan bu jurnalist- erməni əsirliyində olan rus vətəndaşının-Dilqəm Əsgərovun niyə geri alınması üçün Rusiya hər hansı addım atmır –sualını da verəndir. Daha neçələrindən Qarabağ HAQQINDA suallara cavab alandır.

Hər hansı bir qurumu təmsil edib, mətbuat konfransında sual verməyi əsla qəhrəmanlıq adına yazmıram. Bu sadəcə jurnalistin işi gərəyi yerinə yetirməli olduğu hərəkətdir. Amma xidməti borcunu yerinə yetirib “öz qapımıza” vurulan qol kimi hesablanan bu “uğursuz sual-cavaba” görə heç bir günahı olmayanı bu dərəcədə ittiham edərək-cəzalandıranların da nədə haqlı olduğunu bilmək bizim haqqımızdır.

Sual vermək imkanı olsa, yəqin ki, o səpkili sual hamımızın “ağzından qaça” bilərdi. Acınacaqlısı bilirsinizmi nədir? Haqqımız olanı belə soruşanda ehtiyat etməyimiz.

Anar bəlkə danışıqların “yumşaldıldığı məqamda”- verdiyi sualla “xarici siyasətimizi” çıxılmaz duruma saldı.

Rusiya Xarici işlər naziri Sergey Lavrovun ötən ilin yekunlarına həsr olunmuş mətbuat konfransında sual vermək haqqı qazanan jurnalistimiz elə o sualla da itirdi. Amma itirdiyimiz 20 faiz torpağın qarşılığında bu nədir ki…

Bir də hesablanmamış sualla kəsilən cəzaların heyfini itirdiyimizi qaytarmağa hesablanmış cəbhələrdə ala bilsəydik. Hesablar keşkə burada pozulmaya, HAQQI pozulan torpaq HAQQINDA verilən suallarımız belə HAQSIZ durumdaykən…

Sonda: Conatan Sviftin bu deyimini hər zaman sevmiş, ola bilsin ki, yazılarımda xatırlatmışam. “Bəzən sevmədiyim müəllifin kirabını belə sevə-sevə oxuyuram” –deyilir o ifadədə. Bizim isə bəzən vəziyyətə deyilən sözdən, ifadədən daha çox deyənə olan münasibətimizdən yanaşıb çıxış etdiyimiz də belə durumlarda meydana çıxır. Çox təəssüf!

Tünzalə VƏLİQIZI
Moskva, 21 yanvar 2017


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir