AQİL ADİL CƏMİL



Əziz oxucu!
Sizə təqdim etdiyim bu yazıya bir qısa giriş yazmadan dura bilmədim. Adətən müəllf yazısını şərhsiz, izahsız Sizin ixtiyarınıza veririk. Amma indi sözüm müəllifin üslubuna, mövqeyinə olmadığından onun yazısı deyəcəyimə bir girəvə oldu.
Adil Cəmili 44-cü ildir tanıyıram. Təkcə tələbə yoldaşı olduğumuzu demək yetər ki, münasibətlərimizin səmimiyyəti əlavə sübut istəməsin. Amma Adili tanıyanlar fikrimə şərik çıxarlar ki, onunla hər görüş bir yeni kəşf günüdür: obrazlı danışıq, lirik ifadələr, sizi özünüzdən alıb aparan, gülüşünüzə cila çəkən zarafatlar, zənginliklə bir arada yaşayan təvazö, səmimiyyət və daha nələr. Üç il əvvəl Lomonosov adına Moskva Dövlət Universitetinin Asiya və Afrika Ölkələri İnstitutunda “Manas” ədəbi abidəsinə həsr olunmuş beynəlxalq konfransda alim-tərcüməçi Adil Cəmilin məruzəsi xüsusi maraqla qarşılandı.
Poeziyasına gəlincə, onun təbiətin hər güşəsindən aldığı ilham şeirə elə inci şəklndə qonur ki, o ana qədər niyə bunu görmədiyinə təəssüflənir insan. Palıd əzəməti dillər əzbəridi, amma “Meşənin bəyi tək dayanıb palıd” yalnız Adil deyə bilir. Yaxud dörd sətrin yaratdığı lövhənin gözəlliyinə baxın:

Cığırlar ayaqdan tökülən izdir,
Dağlar sinəsinə sancaqlayıbdı.
Ciğırlar uzanan həsrətimizdi,
Dağı vüsal bilib qucaqlayıbdı.

Dostuma yeni uğurlar arzulayıb Sizi Məhəmməd Nərimanoğlunun yazısı ilə baş-başa buraxıram.

Cəfər Sadıq

AQİL ADİL CƏMİL

Sözün adili, adilliyin aqilliyi…

Şair-alim Adil Cəmilin ədəbi bioqrafiyasını incələyərkən Sözün lətafətinin su kimi qəlblərə, duyğuya çevrilib könüllərə axmasının fərqinə onda varırıq ki, sinəmizin təşnəsinə çevrilir. Söz məlhəmə çevriləndə uzunömürlülük qazanır. Fərq eləməz, həmin söz nəzmə çəkilsin, yaxud nəsr dili ilə deyilsin.
Son illərin ədəbi aləmində çeşid-çeşid kitabların çap olunması, bu bolluğun içərisində Baş sözün yanında boş sözlərin də az olmamasına baxmayaraq təqdirəlayiqdir. Əlbəttə, belə “külliyyat”lar Azərbaycan ədəbi aləminə daxil ola bilməz, çünki həmin “əsərlər”in “müəlliflər”i xalqımızın söz salnaməsini yaratmaq məsuliyyətini daşımaq qabiliyyətində deyillər.

Sözün yaradıcısı İlahi olduğundan, onu qorumaq da ruhən, qəlbən göylər səltənətinə bağlı olanların üzərinə düşüb. Belə söz keşikçilərimiz zaman-zaman barmaqla sayılacaq qədər olsalar da, yaddaşlarda yaşayıb, klassikləşib, ədəbi söz mülkünün sahibinə çevriliblər. Bax ona görə filosoflarımız deyiblər ki, söz, mayası halallıqdan, ruhdan tutulanda Baş sözə çevrilir.

Kəlbəcər kimi cənnətməkan bir diyarda doğulanların da təbii ki, haqqı yox idi onun ecazkar təbiətindən ilham alıb qoşma qoşmasın, qafiyəli danışmasın, şeir yazmasın. Bu behişt yurdun təbiətinin özü də şair idi sanki. Dəlidağ, Keyti, Qırxqız, Qoçdaş, Murov, Kəpəz kimi neçə-neçə dağların mürgülü gecələrinin bağrını yaran dəlisov Tərtər, Tutqu, Qamışlı çayları həm də gecə-gündüz mahnı bəstələyən bəstəkarları xatırladırdı. Sanki sinələrdə, düzənlərdə, yollarda, yamaclarda, yaylaqlarda yaranan və sayı-hesabı bilinməyən yollar-yolağalar, cığırlar-izlər yazılmış, lakin hələ oxunmamış neçə-neçə dastanın misraları idi. Şiş qayalar şeirlərin “nida”sı, zirvələr “nöqtə”si, boynubükük bənövşə “sual işarəsi”, nərgizin ləçəyi isə “vergülü”nü xatırladırdı adama.

Kəlbəcər ədəbi mühitinin şərəfli təmsilçisi Ağdabanlı Qurbandan başlayan yolun poeziya yüklü karvanının sarvanı olanlardan biri, bədii yaradıcılığından söz açmağa özümdə cəsarət tapdığım folklorşünas-alim, filologiya üzrə fəlsəfə doktoru, ədəbiyyatşünas, tərcüməçi, Beynəlxalq Aytmatov Akademiyasının fəxri akademiki Adil Cəmilin həmin sırada adının yazılmasının səbəbləri az deyil.

Adətən, deyirlər, oğul var ki, doğuldu yurdun adı, oğul da var ki, yurdu onun şərəfi ilə tanınar. Kəlbəcər elə məkandı ki, o yurdda doğulanlar onun şərəfini daim uca tutublar. Ona görə də o yurd əsil övlad olanlarla bir az da ucalıb.

1996-cı ilin aprel ayının 1-də ulu öndər Heydər Əliyev bir qrup kəlbəcərli ziyalını qəbul edəndə demişdi: “Kəlbəcər Azərbaycanın gözəl guşələrindən biridir. Onun çox zəngin təbiəti, tarixi abidələri vardır. Kəlbəcər Azərbaycanın qədim dövrlərindən ibarət öz tarixini qəlbində, sinəsində, qoynunda saxlayan ərazilərdən biridir. Kəlbəcər həm təbii sərvətlərinin zənginliyinə, həm də orada yaşayan insanların fədakarlığına görə respublikamızda həmişə çox böyük hörmətə, ehtirama layiq olubdur”.

Bu yüksək dəyər hər bir kəlbəcərli üçün çox böyük məsuliyyətdir. Bunu sıravi kəlbəcərlilərdən başlayaraq, ən yüksək vəzifələrə layiq görülən ziyalılarımız heç zaman unutmayıb. Kəlbəcərin təəssübünü çəkənlərin arasında Adil Cəmil kimi türk dünyasında tanınan, sayılıb-seçilən bir qələm adamı da var. Kəlbəcərdə dünyaya göz açan, sonradan qəlbinin poetik və lirik duyğuları ilə seçilən qələm sahiblərinin əksəriyyəti, adətən, aşıq şeirlərinə daha çox üstünlük vermiş, yaxud bu çərçivədən kənara çıxmamışlar. Lakin ötən əsrin 70-80-ci illərindən başlayaraq, Kəlbəcər ədəbi mühitindən də parlayan bəzi söz sərrafları bu “basmaqəlib”likdən, məhdud çərçivədən yaxa qurtararaq, müxtəlif janrlarda öz fikirlərini dolğun, ədəbi tələblərə cavab verən qəliblərlə ifadə edərək şeirlər yazmışlar və onlardan biri də haqqında söz açdığımız şair Adil Cəmildir.

Adil Cəmilin yaradıcılıq yoluna nəzər salanda sevinirəm. Yalnız ona görə yox ki, bir dağların qoynunda doğulmuşuq. Həm də onun yurd, torpaq, Vətən təəssübkeşliyini təsdiqləyən şeirlər müəllifi olduğundan, yaxından tanıdığımdan qürur hissi keçirirəm. Ona görə özümü xoşbəxt sanıram ki, hətta, ikimiz birgə toplayıb elmi nəşr kimi ədəbi və geniş oxucu auditoriyasına bir antologiya da çıxarmışıq, Kəlbəcər ünvanlı, “Kəlbəcər dünyası: yüz şairin bir kitabı” adlı.
Əlbəttə, alim-şairin ədəbi dünyasından xəbərdar olduğum üçün bu məqaləni yazmaq qərarında olanda onun haqqında qələmə alınan neçə-neçə dəyərli yazıları dönə-dönə oxudum. Açığı, düşünürdüm ki, o cür söz sahiblərinin fikirləri yanında nə yazsam sönük alınacaq. Amma şairin söz sərvətinin zənginliyindən elə qidalandım ki, ədəbi təhlilçilərin – tənqidçilərin söylədiklərindən boy verən şairi sanki yenidən kəşf etdim və qürurlandım. Bax, bu, mənə inam və güc verdi ki, fikirlərimi cəmləyim. Bu sətirlərin müəllifinin – “dünən kənddən qopub gələn”, hələ də şəhər mühitinə alışa bilməyən bir qələm adamının fikrinə ehtiyacı olmayan şairin haqqında nəsə demək mənim üçün bir mənəvi borc idi.

Şairin yaradıcılığında janr kimi, mövzular da rəngarəngdir, sanki Kəlbəcər təbiətinin əsrarəngizliyi hopub şeirlərinə. Deyim forması da orijinaldır, şairin mövzuya baxışı və yanaşması da. Dünyaya gəlişindən başlayaraq şair, sanki ömrünün hər fəslini vərəqləyir:

Bu dünyaya göz açdım, dünya açdı gözümü,
Körpəcə varlığımda gizləndi fil dözümü.
Haqsızların içində haqqa tutdum üzümü,
Mən yaşamaq istədim,
Mən yaşaya bilmədim.

Şairin hər şeirində bir dünya var, oradan Adil Cəmil adlı, ədəbi ünvanlı söz adamı boylanır. Heç vaxt unudulmayacağının səbəbini poetik dillə deyən şairin ovqatı bircə bənddə özünü göstərir:

Sözümdən sətir bilənlər,
Dəyərim nədir bilənlər,
Hal əhli, qədirbilənlər
Axtarıb bulacaq məni.

Yaxud:

Hər yaşın özünün ovqatı varmış,
Taleyin qəribə sovqatı varmış.
Soyuq ürəyində buz qatı varmış, –
Eşqimin oduna yar ərimədi.

Ədəbi aləmə gəlişindən təbiət onun lirikasına gül-çiçək ətri səpib desək daha doğru olmazdımı? Elə şair oxucularla ilk görüşə də “Bahar” adlı şeiri ilə gəlib. 1980-cı ildə isə “İşıqlar, pərvanələr” adlı ilk şeirlər kitabı nəşr olunub. Şeirləri Rusiya, Türkiyə, İran və Orta Asiyada dərc edilib.

Adil Cəmil həm də o şairlərdəndir ki, şeirləri bəstəkarların və müğənnilərin diqqətindən yayınmayıb. Doğrusu, Kəlbəcər ədəbi mühitindən çıxan şairlərin əksəriyyətinin (əlbəttə, Dədə Şəmşir, Ənvər Rza istisna olunmaqla) şeirləri ancaq sazın pərdələrinə, havacatlarına kökləndiyi üçün mahnılar bəstələnməyib. Lakin Adil müəllimin poetikası lirik duyğularla cilalandığı üçün onlar misiqidillidirlər.
Şair-alimin digər həmkarlarından fərqli cəhətləri də az deyil ki, onlardan biri tərcümə ilə müntəzəm məşğul olmasıdır. Rus, belorus, özbək, qırğız, Latın Amerikası poeziyasından etdiyi tərcümələr qəzet, jurnal və toplularda dərc olunub. 20-dən çox bədii filmi doğma dilimizə çevirən şairin yaradıcılığındakı məziyyətlər ədəbi aləmin söz korifeyləri, canlı klassiklərin dilində və qələmində öz əksini tapmaqdadır.

Azərbaycan Yazıçılar Birliyinin Natəvan klubunda şairin 60 illik yubileyi münasibətilə keçirilən tədbirdə xalq yazıçısı Anar haqlı olaraq deyib: “Adil Cəmilin yaradıcılığında doğma yurdun gözəllikləri, Vətənə, torpağa bağlılıq, Qarabağ, Vətən həsrəti çox geniş yer tutur. O, ümumtürk folklorunun möhtəşəm abidəsi, böyük qırğız eposu “Manas”ın həm tərcüməsi, həm də tədqiqi ilə məşğul olur”.

Bu, o deməkdir ki, şair poeziyanın, ədəbiyyatın, folklorun təbliği üçün az iş görməyib. “Manas” eposunun ölkəmizdə yeğanə tərcüməçisi və tədqiqatçısı kimi tanınan şairin “Manas eposu və türk dastançılıq ənənəsi” mövzusunda yazdığı dissertasiya manasşünas alim olaraq onun ədəbiyyatşünaslıq elminə əvəzsiz töhfəsidir.

Tənqidçi, ədəbiyyatşünas alim, filologiya elmləri doktoru Vaqif Yusifli şair-alimin bədii bioqrafiyasına həsr etdiyi kitabı onun ədəbi dünyasına sanballı töhfədir. Ona görə də deyir: “Adili təkcə şair kimi yox, bir ziyalı kimi də sevmişəm. Onun poeziyası, yaradıcılığı ilə şəxsiyyəti arasında heç bir uçurum yoxdur. Adilin yaradıcılığında, poeziyasında onun mənsub olduğu Vətənin, xalqın tarixi əks olunur. Təbiət, ana məhəbbəti, sevgi onun şeirlərinin əsas qayəsini təşkil edir”.

Professor Qəzənfər Paşayevin “Adil Cəmil Azərbaycan-Qırğızıstan ədəbi-bədii əlaqələrinin təməlini qoyub” kimi dəyərli fikirləri olduqca diqqətçəkəndir. Bu sanballı qələm adamı hər gün ağ kağıza baş endirsə də, gündəlik şeir yazmır. Əslində, şeir onu yazır. Şeir onun könül dünyasını işıqlandırır, nurlandırır və dilləndirir. Şeir şairin göylərin yeddinci qatından enib gələn ilham pərisi kimi özünü ona sevdirib. Ona görə də şair şeirə-sənətə qəlbinin işığından boylanır. Onun bu yolun yolçusu olduğu vaxtlardan qırx il keçir. Ona görə də könlünün qırxıncı otağını da poeziyaya, sözə, musiqiyə, nəğməyə, lirikaya hədiyyə edib.
Kəlbəcərdə dünyaya göz açan şair illərdir ki, o doğma yurdun həsrətini çəkə-çəkə, buz bağlamış köksündə qəmə, möhnətə köklənib, bir elin dərdini də daşımağa məhkumdur:

Dağlardan qızıl da, mis də çıxardı,
İstisu qışda da isti çıxardı.
Ruzili evlərdən tüstü çıxardı,-
Ocaq yerindəydi, od yerindəydi…

Haqqında qələmə alınan yazılarda şairi sanki bir özgə görkəmdə duymaq olur. Sənin üçün adi görünən şairi qələm, söz… necə də olduğu kimi təqdim edirmiş. Adil Cəmili elə bu sayaq sanki yenidən kəşf etməyə başlayıram. Amma ədəbi imkanlarım yetərli olacaqmı ki, onu olduğu kimi təqdim edim?! Kəlbəcər həsrətli şairin şeirlərində yurdsuzluq dərdi, nisgil 90-cı illərdən sonra qələmə aldıqlarında daha çox duyulur. “Mən ki, məni itirmişəm”,-deyən şairin buradakı “mən”i, əslində, həm də Kəlbəcəridir, oradakı saf duyğulu insanlardır, dumanı başa örpək dağların tacı olan zirvələrdir. Dağların belinə kəmər kimi dolanan, dərələri hay-harayı bürüyən, nəğməkar Tutqu və Tərtərdir:

Ağacım var, yarpağı yox,
Yaralıyam, yar bağı yox.
Doğulduğum torpağım yox,-
Mən ki, məni itirmişəm.

Kitablarının hər birinin adı belə oxucunun qəlbinə yol tapan Adil Cəmilin yaradıcılığında poeziya ilə publisistikanın qoşa addımladığını yalnız mən yox, ədəbi aləmin söz sahibləri də qeyd edir. Doğrudur, oxucuları onu lirik düşüncələr şairi kimi daha çox sevir desək də, jurnalistikada və onun bədii publisistikasında illərdir ki, “külüng çalan” Adil Cəmilin kitablarında da bu nizam özünü göstərir: “İşıqlar, pərvanələr”, “Gündoğandan günbatana”, “Aylı gecə nağılı”, “Sözümün canı var”, “Yuxusunda gülən qız”, “Ürəyimdə bir haray var”, “El üçün ağlayan gözüm” (publisistika), “Manas” eposu və türk dastançılıq ənənəsi”, “Tanrı mənə yar olanda”, “Bir dəli sevgidən göyərib dünya” və s.

Adil Cəmilin Kəlbəcərsiz özünü xoşbəxtlər sırasında görməməsi təbiidir. Lakin istər oxucu, istərsə də ədəbi aləmdəki qələm dostlarının ona olan dərin ehtiramına görə, o, xoşbəxt şairdir. Onun yaradıcılığına böyük dəyər verən ədəbi simaların arasında söz dühaları az deyil. Xalq şairi Bəxtiyar Vahabzadə Adil Cəmilin gənclik illərində onun poetikasına verdiy qiymət də bunu təsdiqləyir: “Adilin şeirləri xalq ruhundan süzülür. Hiss olunur ki, aşıq şeirini, folkloru yaxşı bilir. Buna görə də deyimləri təbii və səmimidir”.

Sözün və ana dilimizin keşiyində daim ayıq-sayıq dayanan, ancaq bu dünyadan da sözü, poetikası və publisistikası ilə əbədiyyətə qovuşan Məmməd Aslanın şairə verdiyi dəyərin əvəzi ola bilərmi: “Qaynağın əsilliyi axarın necəliyini şərtləndirir. Əlbəttə, göz dikdiyimiz axarın qumsalında batıb yoxa çıxması da var, yoxuşa dirənib geri təpməsi də olan işlərdəndi; “bulaq gözü” təmiz olsun, “bulaq gözü” duru qalsın. Adil Cəmil Dəlidağ duruluğunu poetik nəfəsində hifz edib qoruyan, bununla bir də qələm sahibi kimi fəxr eləyən şairdir”.

Ədəbiyyatşünas alim, filologiya elmləri doktoru Vaqif Yusiflinin fikrincə, duruluq, saflıq, təbiilik poeziyanın öz canında olmalıdır ki, təbiətdəki duruluq və təbiiliklə qovuşsun, vəhdət təşkil etsin: “Adilin ilk kitablarındakı gözəl təbiət təsvirləri, romantik duyğulardan baş alan hisslər məhz bu vəhdəti əks etdirirdi. İndi isə Adilin şeirlərində təbiətdən yox, cəmiyyətdən, dövrün, zamanın şair qəlbində oyatdığı intibalardan söz açmaq olar. Hər bir şairin ən başlıca uğuru onun gözəl şeirlər yazmasında deyil, məncə, bu şeirlərin oxucu ürəyinə də yol tapmasıdır…

Adilin elə şeirləri var ki, onları təkcə onun poetik uğuru kimi yox, həm də ümumən müasir poeziyamızın uğuru kimi qiymətləndirmək lazımdır. Məsələn, onun “Düşünən heykəl” və “Doğma torpaq, yad heykəllər” şeirlərini götürək:

Hər yanı al-əlvan çiçək çələngi,
Füzuli düşünür daş paltarında.
Qürbətdə o qədər üşüyübdü ki,
Doğma vətəndə də qış paltarında.

Bir vaxtlar Bakımızın ən gözəl, görümlü yerlərində bu torpağa yad olan insanların heykəlləri ucalırdı. Leninin, Kirovun, Şaumyanın… indi onlar tarixin hökmü ilə yerlə-yeksan olublar. Adil Cəmil düz iyirmi iki il bundan əvvəl “Doğma torpaq, yad heykəllər” şeirini yazmışdı”:

Bu torpağa heykəl qoyan
Eloğlumun heykəli yox.
Qaçaq Nəbi qaçaq düşüb,
Koroğlunun heykəli yox.
Bəsdir heykəl qoyduğumuz
Yad oğluna, yad qızına!
Ocağımın istisinə
Niyə gəlib yad qızına?

Adil Cəmil eyni zamada sevgi şairidir. “Bir dəli sevgidən göyərib dünya” kitabında gəncliyindən indiyə kimi qələmə aldığı sevgi şeirləri dil açır. Çünki həmin şeirlərdən bir qəlbin məhəbbət duyğularının səsi gəlir. Məhəbbət hər bir şairin qələminin cövhəridir. Məhəmməd Füzulinin məhəbbət sevdalı duyğuları da bu məhrəm hisslərlə biz nəsilə gəlib çatmayıbm? Adil Cəmilin sevgisi də həmin məhəbbət duyğusu süzülən bulağın göz yaşlarıdır:

Bir dəli sevdadan göyərib dünya,
Zaman dükcəsini əriyib dünya.
Qəribə dünyadır bu qərib dünya,
Sən demə yaşamaq yaş deyil hələ.

Adil Cəmilin yaradıcılığındakı “daş ballada”da qəm, kədər öz ifadəsini elə tapıb ki, onu poeziyada xüsusi mövzu hesab edirlər. Axı, hər qələmdə daş dillənmir, ağaca dönüb ilin bu qılıqlı fəslində tumurcuqlamır. Amma, baxın, Adil Cəmilin qələmində qara daş necə “göyərir”- dil açır, daş olduğu üçün yaddaşda necə daşlaşır:

…Bu torpağa ömür qıyan
Bizdən əvvəl daş olubdur.
Baxıb vətənin daşına
İnsan vətəndaş olubdur…
Közərtili, qızartılı
Ocaq daşı, od daşı var.
Yer üzünün daş yaddaşı,
Yaddaşların yad daşı var.
Ulu babam keçmişimi
«Daş» fırçayla daşa çəkib.
Bu dünyadan gedəndə də
İnsan daşı başa çəkib…

Bütün bunlardan sonra etiraf edim ki, şairin elmi, ədəbi-bədii yaradıcılığından geniş bəhs etmək, bütünlüklə poeziyasının dərinliklərinədək enmək, dəryada balıq sövdası olardı. Onu deməyi unutmayım ki, şairin boy verdiyi nəsil-törəmə, ocaq sözün daim közərdiyi mənəviyyat beşiyi olub. Bu günlərdə eşitdim ki, sən demə, yaradıcılığına boylanıb baxdığımız şair Nəsib Nəbioğlu ilə bir kökdən olan Adil Cəmilə şeiriyyət elə irsi ərmağan imiş. Bu, şairin yeganə oğlu (Allah min budaq eləsin. Bir dəfə “Dirili Qurbani” ədəbi məclisinin toplantısında Orxan bala dedi ki, oğulu daim ata ilə tanıyıblar, amma istərdim ki, atam şair Adil Cəmilə görə şeirlərmi tərifləməyisiniz, özümün yaradıcılığım necədirsə onu dəyərləndirəsiz. Afərin, vallah, belə oğulun ata ocağının odu azalsa da, kül altında közü qalacaq. Orxan Adiloğlu çox erkən yaşlarından ədəbi gəncliyin diqqətindən kənarda qalmayıb. Artıq o da bir neçə şeir kitabının müəllifi kimi sevilir və oxunur.) Orxanın bədii təfəkkürünün lirik düşüncələrlə zənginliyində də özünü təsdiqləyir.
Bəli, bu da qələmə almağa özümdə cəsarət tapmadığım bir yazının sonuncu nöqtəsi. İlahi sözə güvənib qələmimi bu sərt, enişli-yoxuşlu, daşlı-qayalı yollarda daim bahar təravətli hisslərlə yazıb-yaradan şairin gördüyüm və duyduğum əbədi dünyasının – ömür kitabının səhifələrində sınağa çəkdim. Kaş duyumumda aldanmayaydım. Xoşa gəlmək üçün yox, ifadə eləməyə göstərdiyim cəhd alınmış olaydı.

Elin çoxşaxəli söz dühası, obrazlı deyim tərzi, sənət gülşəni nələr göyərtməmiş ki?! Buradan qida alanlara, bar-bəhrə yığanlara – bəşər mədəniyyətinin incilərini yaradanlara nələr verməmişdir, ilahi! Demək, elin yaddaşında yaşayan poeziya həm tarixi baxımdan qədim, həm də el sənətinə bağlılığına görə zəngin material verir. El yaddaşını dindirməyi bacaran, ondan ustalıqla faydalana bilən söz sərraflarının yaradıcılığı xalqın özü qədər ömürlü, dili qədər şirin, məntiqi inandırıcı və kəsərlidir.

… Doğrudan da ilham çeşməsini təbiətin əsrarəngiz gözəlliklər diyarında axtaranlar səhv etməyiblər. Sən demə, belə əlçatmaz ülvi məkanlardan biri olan Kəlbəcərdə də yazıb-yaradanlar az deyilmiş. Tarixlərə soraq salmaq, Vətən təbiətinin füsunkarlığından doğan haqlı qürur, sinəsi səngərləşən sərt dağlarımız, sal qayalarımız, şır-şır çaylarımız, zümzüməli bulaqlarımız, soykökümüz, dünənimiz–bu günümüz, barımız-bərəkətimiz xalq poeziyasından yazılı ədəbi nümunəyə ayaq açırmış. Həmin hikmət dolu söz dünyasının Adil adlı, Cəmil soyadlı bir ustadından ayzmaq məramı ilə qələmimi sınadım. Necə alındısa, bilmədim. Bu yazıda şair-alim Adil Cəmilin ədəbi bioqrafiyasını incələyərkən Sözün adili, adilliyin isə aqilliyi ilə üz-üzəydim…

Məhəmməd NƏRİMANOĞLU


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir