Aslanın erkəyi dişisi olmaz!!!


Aslanın erkəyi dişisi olmaz!!!
Bu yaz günü, qadınlar bayramı ərəfəsi niyə Afaq Şıxlı belə bədbin notlara toxundu deyə bilərsiniz…. Məsələ burasındadır ki, dünən tanışların birindən eşitdiyin söhbət məni bu yazını yazmağa vadar elədi…

Nədənsə, şərq dünyasında sanki iki cins mövcuddur – kişi və ana.
Kişi böyüyür, əzizlənir, boya- başa çatır, hər yerə gedir, yüzüylə görüşür birini alır. Qadın isə bir çox ailələrdə və ətrafda 17-19 yaşından sonra kəşf olunur. Ondan əvvəl isə evin siravi üzvü kimi fəaliyyət göstərir. Evlənmə yaşına çatanda isə birdən-birə kəşf olunur. Ərə gedib ana olandan sonra isə yenidən siravi statusuna qayıdır.
Əlbəttə elə evlər var ki, qızı başın tacı kimi saxlayırlar və belə də olmalıdır. Amma gəlin razılaşaq ki, kişi bala ilə qız bala arasında fərq qoyanlar hələ də az deyil.

Qadınlar haqqında, onların mənafeyi haqqında yazmağım ilk dəfə və yəqin ki, son dəfə deyil. Bu gün, sizinlə Bir həkim, bəlkə bir şairə və ya sadəcə bir insan kimi danışacam. Bir qədər tibbi məlumat verib, sözümün canına keçim.
Bilənlər bilir və bilməyənlər də bilsin ki, insanların xromosom dəsti 46-dır, bu da 23 cüt təşkil edir. Yetişmiş cinsi hüceyrələrin nüvəsindəki xromosomların tərkibində 22 somatik xromosom, yəni irsi əlamət daşıyıcıları və yalnız 1 cinsi xromosom olur. Somatik xromosomları rəqəmlərlə (1-dən 22-yə qədər), cinsi xromosomları isə X, ya da Y hərfləri ilə işarələyirlər.

Bütün qadınların cinsi hüceyrəsi bircinsli, yəni ancaq X-xromosomludur.Kişilərin spermatozoidi isə müxtəlif cinsli olur. Onların bir qismi X—xromosomu, digər qismi isə Y—xromosomu daşıyır. İki cinsi hüceyrə birləşdikdə yumurta xromosomu və spermatozoid xromosomu cüt-cüt birləşirlər. Gələcək uşağın cinsi — yumurta hüceyrələrinin X-, ya Y-xromosom ilə mayalanmasından asılıdır. Əgər yumurta hüceyrəsi X-xromosomlu spermatozoidlə birləşmişsə qız, Y-xromssomla birləşmişsə oğlan olacaqdır.
Deməli, oğlan və ya qız övladın dünyaya gəlməsində yalnız və yalnız kişilər “günahkardır””. Bəs belə olduğu halda dünyaya gələn qızların küçümsənməsi, onları dünyaya gətirən ananın başına qaxılması, dalbadal qız anadan olduqda davalar salınması – nə deməkdir? Bax bunu mən heç cür anlaya bilmirəm! Bu ya tibbi savadsızlığın, ya da kişi eqoizminin məhsuludur.

Hər şeylə yanaşı Tibb də inkişaf edir… İnsanların düçar olduqları və bir zaman sağalmasına ümid edilməyən dərdlərin dərmanı tapılır. Yeni aparatlar icad olunur. Onların vasitəsilə aşkar olunması çətinlik törədən xəstəliklərin tapılması, diaqnozların qoyulması asanlaşır. Belə aparatlardan biri də USM – ultra səs müayinəsi (rus dilində УЗИ – ультра звуковое исследование) aparatıdır. Onun kəşfi tibbin ən böyük nailiyyətlərindən biri hesab edilir. Amma… USM aparatlarının yaranması zamanı onun səyilə nə vaxtsa bir vaxt gender (cinsi) balansının pozula biləcəyi yəqin ki, düşünülməmişdi.
Bu haqda mütləq yazacağıma söz vermişdim.

Böyük Allah qadını hüquqsuz yarada bilməzdi! Sevimli Peyğəmbərimiz (c) kəlamlarında buyurub: “”Övladlarınız arasında ayrı-seçkiliyə yol verməyin. Əgər belə bir seçim olsaydı, mən qızlara üstünlük verərdim””. Nəyə görə məhz müsəlmançılıqda bu kimi möhtəşəm kəlamlar unudulur? Əgər cahillik dövründə ərəblər doğulan qızları diri-diri torpağa basdırırmışlarsa, indi isə dünyanın bir çox yerlərində, eləcə də Azərbaycanda qız uşaqlarını hələ dünyaya gəlməmiş öldürürlər. Hazırda yüzlərlə qadın təbiətin əksinə gedərək özünü ailənin gözündə “ucaltmaq” üçün bətnindəki körpəni – qızı məhv edirlər. Artıq qız uşaqlarına qarşı “”soyqırım”” əməliyyatının qarşısını almaq üçün dölün cinsi haqda valideynlərə məlumat verilməsinə qadağa qoyulması məsələsi ortaya çıxıb. Çünki ölkənin gender balansında ciddi dəyişikliklər müşahidə olunur. Həkimlər bəzi qadınların USM-ə məcburi sürükləndiyini də deyirlər.

Bir qadının dediklərindən:
O, 2 qız övladı olduğu üçün 3-cü uşaq mütləq şəkildə oğlan olmasına məcbur edilir. Artıq 6-çı dəfədir ki, UZİ-nin cavabında “qız” deyiləndən sonra aborta gedir. Həkimlər onun sağlamlığında pozğunluqlar getdiyini bildirsələr də, ailə üzvləri öz iddialarından çəkilmirlər. Nə edilən günah qorxusu, nə insaf, nə analıq və atalıq hissi insanları bu cinayətdən çəkindirə bilmir. Nəhayət, qadın gözgörəsi cinayətin qurbanı olur – o bir daha ana ola bilməyəcək.

Azərbaycanda oğlan nəslin davamçısı, “”düşmən çəpəri”” kimi qəbul edilir. Həm də hazırda ailələrin çoxu 2 övlad istəyir. Onların 1-nin, bəzi hallarda isə 2-nin də oğlan uşağı olmasına üstünlük verilir. Bəzi kişilər qız dünyaya gəldikdə utanc hissləri keçirir, yaxınlar isə ataya ürək-dirək vermək üçün “”canın sağ olsun”” deməyi özlərinə borc bilirlər. Oğlan doğulduqda isə bu hadisə ilə bağlı məclislər qurulur.
Düşünün! İnsanlar! Hələ ki, harmoniya var! Hələ cinsi balans tam sarsılmayıb. Amma bu nə qədər davam edə bilər? Gələcəkdə elə ola bilər ki, 2:1 nisbətində hətta daha artıq qız azlığı yaranar. Siz bu halla razılaşacaqsınızsa qızları öldürməyə davam edin! Əgər yox, onda övladlar arasında seçki qoymayın!
Məsəl var, deyiblər: Aslanın erkəyi dişisi olmaz! Bu məsəl özünü dəfələrlə döğrultmayıbmı? Allahın verdiyi hər paya, hər nemətə şükr edin! Övlad qatili olmayın! Bu qədər günahlarla dolu dünyada bir də bu günahı üstünüzə almayın! Atalar, qız övladlarınızı əziz saxlayın! Axı 1 axmaq oğuldan, 5 ağıllı qız yaxşıdır! Analar, qızlarınızı əzməyə imkan verməyin! Onlar kiçik qadınlardır!

Qız övladının ailədə ikinci dərəcəli bir üzv sayılması onun bütün gələcəyinə təsir edir:
Psixoloji davamsızlıq,
Özünəqapılma,
Mənəvi güczüzlük,
Gələcəkdə sevmədiyi insana zorla verilə bilmə imkanı,
Bir qadın kimi aşağılanmaq…

Bütün bunlar ən çox şərq dünya görüşünün məhsullarıdı. Baxmayaraq ki, İslamda qadın hüquqları və qadın anlamı yüksək mövqe tutur. Nəyə görəsə, məhz müsəlman qadınları daha çox tapdalanan və əzilən olurlar.
Bilirsinizmi, qərb dünyasında qadınlar hansı hüquqlara malikdirlər? Sadalansa elə bir rəqəm alınar ki, bu bizim təsəvvürümüzə belə sığmaz. Amma gəlin sayım:

Təhlükəsiz həyat hüququ.
Qorxusuz yaşamaq hüququ.
Sevmək və sevilmək hüququ.
Sayqılı münasibət hüququ.
Özəlliklərə sahib olma hüququ.
Şəxsi müstəqillik hüququ.
Şəxsi fikirə sahib olma və onu ifadə etmə hüququ.
Şəxsi fikirə sahib olma və onu dəyişdirmə hüququ.
“Yox” demək hüququ.
Şəxsi pula malik olma və onu istifadə etmə hüququ.
Sual vermək hüququ.
İdeal insan yox, adi adam olmaq hüququ.
Səhv etmək hüququ.
Şəxsi məsələləri həll etmək hüququ.
Hamıya xoş gəlməmək hüququ.
Hər şeydən öndə özünü düşünmək hüququ.
Öz həyatını dəyişdirmək hüququ və s… və s…


İndi siz deyin, bunlardan hansılar bizdə var, hansılar isə yoxdur?

Ana bizim üçün müqəddəsdir. Bunu inkar eləmək olarmı? Əlbəttə olmaz!
Amma bəzi kişilər üçün Analarmı müqəddəsdir ya yalnız Öz anaları?
Bizdə hər şeyin ikili standartı olduğu kimi, ana barəsində də belədir.
Məsələn, öz anasını müqəddəs sayan kişi, evə gəlib öz anasının alnından öpüb ağlaya bilər, uşaqlarının anasını isə döyə bilər. Qaynanasına isə hətta söyə də bilər.
Qadın var ki, ata evinə getməyə həsrətdi. Ana var ki, qızının evinə getməyə qorxur. Düzdü bunlar getdikcə azalır, amma kəndlərimizə və bəzi dərinliklərimizə nəzər salsaq… yenə də belə hallar var.
Qadının üzü gülməyən evdə bərəkət olmaz – deyiblər…
Qadınların bu dünyada bircə bayramı var. Gözlərini dikdikləri, bütün ili gözlədikləri – 8 mart!
Qadınlar gününün ləğv olunması, əvəzində Analar gününün təsis edilməsi haqda məsələ təəccüblü deyilmi?
Olmazmı ki qadının ildə iki bayramı olsun? Birini ləğv etmədəm digərini vermək mümkünsüzdürmü?
Amma bir söz də deyim – Analar günü…. hamını təbrik edən olmayacaq…
Düşünməyə dəyər.

Afaq ŞIXLI
Moskva


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir