AVRO AVROYA BƏNZƏR


AVRO AVROYA BƏNZƏR
2012-ci ilin yayı da yaddaşlara belə həkk olunacaq. Bir yanda iqtisadi böhran fırtınası gözləyən Avropa Birliyinin can çəkişən üzvləri, o biri yanda da aclıq təhlükəsinin başına gətirəcəyi bəlaların hirsini ayaqlarının gücü ilə dəri topdan almaq istəyən avropalılar. Əslində ikinci dəstəyə nə ac demək düzdür, nə də avropalı. Çünki iyirmi birinci yüzilliyin bəlalarından birinə şevrilmiş futbol azarkeşləri idmandan başqa nəyə desən qulluq edir, “sevdikləri” klub qalib gələndə sevincdən dəli olurlar, məğlub olanda məyusluqdan ipə-sapa yatmayan zırramaya çevrilirlər. Hələ son fiti çalınmadan çox kürsüləri boş qoyan “Avro-2012”nin azarkeşləri elə Rusiyada məhəbbətləri ilə nifrətləri arasındakı yolun gülləkeçməz qədər yaxın olduğunu isbat elədilər. Bir neçə gün əvvəl indiki təbirlə “dəstəkləməyə” getdikləri futbolçuları bu gün lənətləyən “futbolsevərlərə” nə ad verəsən.

Futbolla siyasət bu gün bir-birinə elə qarışıb ki, hansının harada qurtarıb-başladığını bilmək çəx çətindir. Futbolda Yunanıstana qalib gəlib onu çempionatdan uzaqlaşdıran Almaniya sanki siyasətdə onun “turnir cədvəlində” qalmasından ötrü canfəşanlıq edir. Avropa siyasət meydanının hakimlərinin də avropalı olmadıqları göz qabağındadır. Avropanın göbəyində qərargah qurmuş NATO-nun başçısı da avropalı olduğu halda əsas istiqaməti okeanın o tayından verilir. Ərəb baharından nə qədər bəhrələndiyi məlum olmayan Avropa indi böyük təşviş və həyəcan içində İsrail-İran, Suriya-Türkiyə, Suriya məsələsinə münasibətdə Rusiya-ABŞ qarşıdurmasının nəticələrini gözləyir. “Avro-2012”dən fərqli olaraq bu “yarışların” günü, saatı müəyyən edilməsə də, onların “azarkeşləri”ni bu vəziyyət heç cür sakitləşdirmir.

Dünyanın inkişaf yönünü təyin edən neftin bazardakı dəyəri də, dollar və avronun məzənnəsi də bu üzdən qəfəsə salınmış quşun ürəyi kimi çırpınır, maliyyə sabitliyi dənizinə yeni-yeni böhran dalğaları gətirir.

Futbol özünü çoxdan 7 milyardlıq insanlıq dünyasından yüksəyə qaldırıb və çevik, yaradıcı futbolçunun “dəyəri” dünyanın ən məşhur incəsənət kollektivlərinin toplam dəyərindən dəfələrlə yüksək qiymətləndirilir. Fütbol sahəsində ad çıxarmış beş-altı məşqçinin illik gəliri Sudanın, Ruandanın ac uşaqlarını illərlə bəsləməyə kifayət edər. Yəni yüksək materiyadan dəm vuran “demokratik ölkələr” bütün insan hüquqlarını futbol matçlarının birinci və ikinci yarısı arasındakı fasilədə və “gələcək perspektiv” üçün müzakirə edirlər.

Avropa Birliyinin lokomotivi Almaniya Yunanıstanı girdabdan çıxarsınmı, çıxarmasınmı deyib dərin-dərin düşünür. Çıxarmaq öz şanını qorumaq, Birliyi ayaq üstə saxlamaq üçün addımdır, amma müftə uzunmüddətli yardımı görən qonşular—İtaliya, Portuqaliya və başqaları da yardımdan faydalanmaq istəyəcəklər. Bu isə vicdanla işləyən, amma qardaşına belə havayı qəpik verməyən alman fəhləsinin səbir kasasını daşdıra bilər. Okeanın o tayı isə nə qədər “qorxma, qorxma” desə də məsləhətdən başqa Avropa Birliyinə bir yardım etməyəcək.

Uzun sözün qısası, “Avro-2012” iyulun 1-də ən az yaxın iki il üçün qalibi müəyyənləşdirəcək və alqış fırtınasının altında qalan on-on beş azarkeş olacaq. Avropa Birliyi marafonunun isə sonu hələ görünmür və bu “yarışdan” çətin ki, qalib çıxan ola.

Cəfər Sadiq,
Moskva
26.06.2012


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir