Avropaya- futbol oynamağa, yoxsa futbolçu axtarmağa…


Avropaya- futbol oynamağa, yoxsa  futbolçu axtarmağa...
On gündən sonra Avropada futbol klubları arasında növbəti futbol həyacanı – Çempionlar Liqası və UEFA kuboku star götürəcək. Bu yarışlarda ölkəmizi “Neftçi”, ”Xəzər-Lənkəran”, “İnter” və “Bakı”klubları təmsil edəcəklər. Hər bir azərbaycanlının arzusudur ki, klublarımız Avropada ölkəmizi layiqincə təmsil etsinlər. Amma çox təssuflər olsun ki, klublarımızın bəziləri Avropada nəticə göstərməkdən daha çox futbolçu transferindən qazanclarını düşünürlər.

UEFA oyunlarına yaxın göstərdiyi oyundan aslı olmayaraq heyətdəki futbolçuların çoxu komandadan uzaqlaşdırılır. Onların yerindəki boşluqları təbii ki, yeni transfer olunan oyunçular dolduracaqlar. Yeni oyunçunun da komandaya öyrəşməsi üçün müəyyən vaxt lazımdır. Belə çıxır ki, yenə də klublarımızı Avropada növbəti ugursuzluqlar gözləyir. Əlbətdə bunu biz istəmirik və klublarımızdan ən azı “Qarabağ”ın Avropadakı uğurunu təkrarlamasını gözləyirik. Amma reallıq odur ki, klublarımızda bunun çox az görülür.

Ölkəmizi ən mötəbər turnirdə təmsil edən “Neftçi“ klubu zəiflər səbətində yer alıb və onun rəqibləri yenə də güclü komandalar olacaq. Keçən il “Dinamo Zaqreb”ə uduzan “Neftçi” komandası yenə də bu acını yaşaya bilər. Heyətindən 10-dan çox futbolçunu uzaqlaşdıran “Neftçi” onların yerini Julios Vobay və Rəşad Sadiqovla doldurub. Bu da Avropada mübarizə aparmaq üçün çox azdır. Bunun üçün onlar Avropaya gedəcək komandanı çoxdan hazırlamalı idilər. Tələm-tələsik yığılan komandada uyğunlaşma prosesi çətin olur. Çempionatın son oyunlarına və Bakı ilə kubok oyununun finalına baxdıqda Böyükağa Hacıyevin komandasının yeni güclü transferlərə ehtiyacı olduğunu görünür. Çünki Avropadakı rəqiblər ölkə daxili çempionatdakı komandalardan qat-qat üstündür.

UEFA kuboku turnirində iştirak edən gümüş medalları çətinliklə qazanan “Xəzər-Lənkəran” da əzəli rəqibinin yolunu davam etdirir. Yunis Hüseynov da həmkarı B.Hacıyev kimi heyətin yarısini komandadan uzaqlaşdırıb və hələlik Ruslan Abışov və Manuel Skarlatake ilə kifayətlənib. Ağ-yaşilların hücüm xəttindəki problemləri ölkə çempionatında açıq-aşkar müşahidə olunurdu. Boş qapiya top vura bilməyən Subaşiç ilə Avropada uğur qazanmaq olduqca gülməli görünür. Cənublulara Avropada oynamaq üçün Kamran Ağayevi əvəz edə biləcək səviyyəli bir qapıçı da lazımdır. Üç oyunda komandaya məğlubiyyət qazandıran Kamal Bayramova və oyun cəhətdən praktikası olmayan gənc qapıçı Orxan Sadıqlıya belə mötəbər oyunlarda güvənmək olmaz. Bundan əlavə müdafiə xəttində də güclənməyə ehtiyac var. Elvin Bəqiri və Andrey Mureşan kimi komandaya öyrəşmiş təcrübəli oyunçuları komandadan uzaqlaşdırmaq ağ-yaşillara baha başa gələ bilər. Yeni cəlb olunan oyunçular bir aya komandaya uyğunlaşa bilməzlər və bu da Avropada yenidən Xəzər-Lənkərana uğursuzluqlara imza atmasına vəsilə ola bilər. Yunis Hüseynovun yetirmələri birinci təsnifat mərhələsini rahat keçməlidirlər. Cünki onların rəqibləri keçən ilki kimi güclü “Makkabi “ klubu deyil.

Bürünc mükafatın sahibi olan Bakının “İnter” klubu isə diğər klublara nisbətən transferlərini tez həyata keçirib. Bu da futbolçuların bir-birinə uyğunlaşması üçün hesablanmış addımdır. Bankirlər də birinci təsnifat mərhələsindən start götürəcəklər və iki mərhələni rahat keçmək gücündədirlər. Təcrübəli məşqçi Kaxaber Tsxadadzenin Avropadakı təcrübəsi güman edirik ki, komanda üçün yüksək stimul olacaq. Əvvəlki illərdə də biz bunun şahidi olmuşuq. “Inter” in rəhbərliyi də Avropa mentalitetli olduğu üçün məşqçiyə lazım olan dəstəyi verir və onun işinə qarışmır.

Ölkə kubukonun qalibi olan “Bakı” komandası da Avropada birinci təsnifat mərhələsindən başlayacaq və nisbətən zəif rəqiblərlə uzləşəcək. “Bakı” klubunun digər klublarımızdan üstünlüyü heyətini qoruyub saxlamasıdır. Bu da komandada problemlərin olmaması üçün əsas şərtlərdən biridir. “Bakı” klubunun tərkibində Avropa meydanlarında top qovan futbolçular da çoxluq təşkil etdiyindən komandanın bir neçə mərhələni rahat keçməsinə ümid etmək olar . Bundan əlavə “Bakı” klubu heyətini daha da gücləndirir ki, bu da sonrakı mərhələlərdə daha güclü rəqiblərin olacağına hesablanmış bir addımdır.

Ümumiyyətlə, Avropada mübarizə aparan komanda heyətini indi yox, qış transfer pəncərəsində qurmalı idi. Komandalarda uyğunlaşmış heyətin “sökülüb yenidən yığılması” komandalar üçün problemlər yarada və Avropada uğursuzluqlar seriyasına gətirə bilər. Buna görə də baş məşqçilər heyət quranda daha diqqətli olmalıdırlar.

Ramin Kazımov, Moskva
/Yenises.ru/


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir