Ayaq saxla, Xocalıya yol bu gündən keçir!!!


Ayaq saxla,  Xocalıya yol bu gündən keçir!!!
Təxəyyülün ölçüsü sonsuzdur- deyirlər. Amma o sonsuzluq təxəyyülü daşıyanın düşünə bildiyi yerə qədərdir. Faciəni təxəyyülünün epizodu etmək istəyən, düşüncənin dibindən də dibinə baş vura bilən ən mahir yazar belə O Gecə Xocalıda yaşananları yaza bilməzdi…Çünki, məncə, insan təxəyyülü insanın, insanlığın qətliamının təsəvvürü sahəsini inkişaf etdirməyə lüzum görməyib. Baxmayaraq ki, o gecəyə qədər tarix çox qətliamlar görmüşdü. Hətta yaşanan qətliamların təsvirçi-yazarları, rejissorları bu qədərini düşünə bilməzdi.

Bu günkü alman gənci öz tarixindən utanır deyirlər. Onu ya ən dərinə basdırmaq, ya da unutdurmaq üçün nələri verməzdi…O son döyüş, dünyanın gördüyü, yaşadığı son müharibə, son faciə idi. Belə düşünürdük…Çünki dünya XXI əsrə addımlayırdı. Göydə ölümsaçan raketlərin deyil, sülh quşu göyərçinlərinin üçmasına alışmışdıq. Müharibə nağıl idi, beynində qəlpə gəzdirən babaların biz nəvələrə uydurduğu şirin nağıl. Bunu o Gecəyə qədər belə düşünürdük.

O Gecə Xocalıda tarixin, təxəyyülün, təsvirin ağlasığmaz ssenarisinə meydan olan bir faciə tamaşası oynandı. Erməni qəsbkarlarının yazdığı, yalnız onların faciə təxəyyülünün bu qədərinə gücü yetə bilən bir tamaşa! Hər şeyi qondarmağa gücü çatan, “etməni qətliamı” -deyə hay-küy salanlar, faciə yaşayan, faciə tarixi olan bir millət faciə yaşatmaz!!! Çünki acının ən acısını düşmənə belə rəva görmür insan təfəkkürü, beyni və ürəyi.

23 oldu, “Dur baba, gedək “-deyən körpənin yerdə qanlar içində yatan babasına səslənişinin illəri.

23 oldu, bala deyə fəryad edib əli uzanaqlı can verən ananın harayının illəri.

23 oldu, anasını, babasını, balasını sinəsini sipər edib qoruyan oğulun hayqırtısının illəri. Və 23 oldu, dünyanın qulaqlarını bu faciəyə qapatdığı illər.

Dünya Xocalı düzündə oynanan erməni tamaşasına, azərbaycanlı jurnalist-operator Çingiz Mustafayevin “Ay Allah” naləsinə səssiz kinoya baxırmış kimi baxdı, 23 ildir. Bəli, o kino tarxində canlı çəkilən və ağrısının səsi ilə dünyanın qulaqlarını belə batıran ən təsirli sükut filmidir.

Fevralın 25-dən 26-na keçən gecənin qanla açılan, qarı belə qırmızıya boyanan səhərinə sükut çökdürən film kimi yaşanan faciəni tanımamağının da yaşı 23 oldu bu gün. 24, 25, 26…nə qədər sayacağıq, kim bilir. O saylar böyüyəcək. Amma, ancaq və lakin faciəni bizə tanıdan o şəkillərdən boylanan körpələrin yaşı böyümür, böyüməyəcək…

Dünya o zaman elliklə o faciəni faciə ağırlığı ilə dəyərləndirsə, cəzalandırsaydı bu gün silsiləli faciələr yaşanmazdı…

Bütün bunlar, bir babanı, bir balanı yerdən qaldırmağa gücü yetməz. Amma “Allahına şikayət edən” körpələri faciələrdən qorumağa yetərdi…

23 il oldu. Yerdə yatan baba ölümün nə olduğunu dərk etməyən nəvəsinin əlindən tutub qaldırmadı… Dünya bu faciəni hələ ki, qaldıra bilir, amma.

Baba baba yaşındadır böyüməz. Amma balalar böyüyər, böyüməlidirlər…

Ayaq saxla, buradan bir el keçib, bir el köçüb… Xocalıya yol, baxın, bu gündən keçir… 1992-cı il 25-dən 26-na keçən gecədən!

Qeyd: O faciədə 613 nəfəri öldürülüb- onlardan: uşaqlar – 63 nəfər; qadınlar – 106 nəfər; qocalar – 70 nəfər; 8 ailə tamamilə məhv edilib; 25 uşaq hər iki valideyni, 130 uşaq isə valideynlərindən birini itirib.

487 nəfər yaralanıb, onlardan: uşaqlar -76 nəfər; 1275 nəfər əsir götürülüb, 150 nəfər İtkin düşüb.


Tünzalə Vəliqızı, Moskva
27 fevral 2015-ci il


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir