AYDIN, MƏNƏ NEKROLOQ YAZ!



Bu vəziyyətdə Yaradanı qəzəbləndirməmək üçün “əstəğfurillah” demək lazımdı , məncə. Çox sərsəm xahişdi eləmi? İnan ki, mənə qalsa, ölmək istəmirəm. O qədər yarımçıq işlərim var ki… Bu xahişi məhz sənə ünvanlamağımın da öz səbəbi var.

Əslində elə bir xidmətim yoxdur ki, ona görə dünyadan köçdüyüm el-aləmə yazı ilə bildirilsin. Həm də mən olmayandan sonra nə yazılsa da oxuya biləsi deyiləm ha. Amma bir neçə il bundan əvvəl şahidi olduğum bir əhvalat məsələyə ayrı cür yanaşmağın gərəkli olduğunu yeridib beynimə.

Dostlarımdan birinin anası sinninin yüklü vaxtına gələndə gəlinini vaxtaşırı yanına çağırıb özünün dəfn mərasimini məşq etdirirmiş. Eşidəndə əvvəl inanmamışdım. Sonra israrla xahiş edərək dəfələrlə bu söhbətə qulaq asırdıq. Dostumun həyat yoldaşı deyir, bir də gördün günün ortasında çağırırdı, a Rəsmiyə, gəl de görüm məni necə ağlayacaqsan. Ay ana,–deyirdim,–bu nə sözdü, Allah ömür versin… Sözümü ağzımda qoyurdu: Ağız, mənə ağıl öyrətmə, nə deyirəm onu elə.– Çox vaxt da eltim bizdə olanda məcbur eləyirdi ki, evdə ən az iki-üç arvad olsun, növbə ilə ağı desinlər. Biz əvvəllər gülür, qımışırdıq, amma arvad bu işə elə cidd-cəhdlə baxırdı ki, getdikcə biz alışdıq, hətta əməlli ağı deməyə başladıq. Qulaq asır, fikrə gedir, arabir təsirlənib ağlayır, sonra da kimin harda “saxta səslə ağı dediyini təhlil edirdi”.

Ruhları şad olsun, indi gəlin-qaynana ikisi də haqq dünyasındadır. O “məşqlərin” izi isə ağlımdan çıxmır.

Aydın, dedim axı, bu xahişi sənə etməyimin anlamı var. Bilirsən, əli qələm tutanlar camiyəsində tanıdıqlarım az deyil. Məsələn, uzun illərdən bəri bacım kimi əzizlədiyim Tünzalə xanım Vəliqızı var ki, yazsa hər kəsi ağladacağı şəksizdi. Amma onsuz da güvəndiyi, arxa sandığı birini itirəndə onun çəkəcəyi ağır yükə bir də bu yazını əlavə eləmək haqsızlıq olar.

Otuz ildən çox qonşu, dost olduğum şair Nəsib Nəbioğlu var ki, vida yazısında mənə artıq tərif deyər, yanlış olar, məndən daha yaxşı olan eloğluların haqqına girmiş olar.

1973-cü ildən tanıdığım kişi qeyrətli Tavat bacım İsmayılova var ki, naləsi dağları yıxar, çayları qurudar, amma o qədər əziyyət, imtahan görüb ki, bu vida yükünü ona yükləmək mənə yaraşmaz.

Ramiz Abutalıbov, Çingiz Hüseynov, Məmməd İsmayıl kimi marşallar var ki, haqqımda deyəcəkləri iki kəlmə Siyasi Büro üzvlərinə yazılan vida yazısından təsirli olar, fəqət onları bu naxoş xəbərdən uzaq tutmaqda fayda var.

Vaqif Aslan, Mirsəyyaf Zamanlı kimi ağır artilleriyadan olan qələm ustaları var ki, onlara bu acını yaşatmaqdan zatən utanaram.

Ələddin Əsədov kimi müdrik qardaşım var ki, Azərbaycan oğullarının vertolyot qəzasından sonrakı vəhşəti gözləri ilə görüb, bir ömür yaddan çıxmaz ağrısı var.

Qələmlərindən nur yağan Vaqif Bəhmənli, Vaqif Tanrıverdiyev var ki, onsuz da nəsə deyəcəklər, amma indi onlara toxunma.
AYDIN, MƏNƏ NEKROLOQ YAZ!
Daha kimlər, kimlər var ki, sağlığımda bir söz deməyə vaxt tapmış olmasalar da, gedəndə “uğurlu yol” deməyə ehtiyac düyacaqlar.

Niyə “nekroloq yaz” deyirəm? Çünki deyib yadınıza salmasam bilməyəcəklər ki, bəslənən ümidləri boşa çıxardıb gedirəm. Güvənilən dağ olaraq qar altda qalıb gedirəm. Qarabağın qisasısını, Şuşanın yenilmiş qalasını, əsirlərin naləsini astar-saçaq qoyub gedirəm.

Qarabağ atlarını düşmənlərin minməyini, İstisuda erməninin çımməyini, namusun ayaqlara enməyini görə-görə gedirəm.

Sabir Həbibova “Kəlbəcərə bir yerdə gedərik”, Məmməd Quliyevə “Şuşada qoyun otararıq” vədlərinə xilaf çıxıb gedirəm.

Nazim Bayramın komandasında, Abuzər Əbilovun alayında zabit olmadan, düşməni hədəf almadan barıtı suya salıb gedirəm.

Millətin elçisi olub millətin qanını içən, milli sərvətlə düşmən ömrü uzadan namərdlərlə eyni havanı udub gedirəm.

Yazarbaşını cəsarətdən, dinbaşını fəzilətdən, diplomatı siyasətdən uzaq, yaltağlığa əhbab qoyub gedirəm.

Bu dünyanın durumundan küsüb gedirəm. Tamahı dünyanı fəlakətin astanasına gətirənlərdən qorxub gedirəm.

Mən getməklə dünya dəyişməyəcək, əlbəttə. Hələ Sənin yazına gülənlər də olacaq. Çünki…

Çünki yenə quzular qurda tapşırılacaq, yenə filə hürən tazılar tapılacaq, yenə namərdləri mədh edən yazılar yazılacaq.

Heç nə dəyişməyəcək. Nə qalmağın faydası, nə getməyin zərəri olacaq.

Sən nə yazacağını yaxşı bilirsən, Ustadı öyrətmək ona zərər verməkdən başqa bir şey ola bilməz.

Əsla “cavan getdi, vaxtsız getdi” demə. Mübarizlərə, Fəridlərə, Aprel Şahinlərinə, Kazımağalara, Alılara həqarət olar.

Sadəcə belə birisi vardı, de. Xəyalında göylərdən ulduz qapardı, de. Azərbaycan sevdasıyla yaşardı, de. Hər xoş sədasından qürurlanardı, de. Ondan ötrü yel dəyirmanları ilə vuruşardı, de.


Bir şeylər de. Özün yaxşı bilirsən.

Cəfər Sadıq,
21 mart 2020-ci il.
Moskva


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir