Aydınlığı gətirən qaranlıqlar-Qara Yanvar


Xiyabani -Şəhid. Və bur də orada yatanları  o gecəyə şahid!

19 yanvar 1990-cı il. Saat 23:30-u göstərirdi Bakı vaxtıyla. Saatlar Bakı vaxtıyla qurulsa da zamanın hesabı başqaydı. 

Hər gün televiziyada  “Zaman” -“Vremya”  xəbərlər proqramı 22:00- da başlayır, 22:30-da bitərdi. Və sonra –yerini  “Bədii film”ə verərdi…  

Divardakı saat 23:30-u göstərirdi. Film bitmişdimi? Saat yatmışdı.

O saata qədər….

Xəzərin sahilindəki şəhər yatağına sığmayan dəniz kimi çalxalanırdı. Azərbaycanlılar zorla  Göyçədən sürülmüş, bu planın davamı  Qarabağda həyata keçirilməyə başlanmışdı.

Bu yazıda azərbaycanlılar ifadəsini  təkrar-təkrar vurğulayacağam. Çünki öz elində, öz evində hədəfdə olan  azərbaycanlılardı. Çünki əzəli torpaqlarından ayaqyalın, başıaçıq qovulan azərbaycanlılardı. Biz azərbaycanlılar. Bizdən olmayanları sonradan saf-çürük edir, edəcək  zaman. Tarixin ədaləti onu yazanın ədalətindən keçir-deyilər. 33 il əvvəl təqvimdə 19-dan 20-nə keçən o gecə kimin ədalətinə buraxılmışdı?  Buna da zaman-zaman o qaranlıq gecədən  keçənlərin aydınlığını işıq tutacaqdı.

Son tikəsini ayaqüstü yeyib  evdən çıxmışdı biriləri. Günlərdir məhəlləsini,  küçəsini, evini qorumaq üçün gecə səhərə kimi ocaq başında keşik çəkirdi bir o biriləri. Siqaretindən bir qullab alanı, termosdan süzdüyü çaydan bir qurtum içəni sabahın nə gətirəcəyi müəmmasına cavab axtarırdı. Hələliksə saat 23:30-a yaxınlaşırdı. Son dəfə saatına baxdı.

-Yatıb deyəsən saatım.
-Deyirlər tanklar gəlir.
-Gəlsin də Bizə atəş açacaq deyillər ki?!
-Bu qədərinə də inanmıram!

Eyni sıralarda xidmət edib, keşiyini birgə çəkdikləri bütöv-ittifaqda birləşib qardaşlığa and içənlərdən bunu gözləməyəcək qədər sadəlöhv və bir o qədər də  məsumuq biz azərbaycanlılar.

O gecə məsumluğumuza təcavüz edildi. O gecə humanistliyimiz sınağa çəkildi. O gecə dözümlülüyümüz sınandı. “Havaya iki güllə atsaq qaçarlarmı” -deyə düşünmüşdülər?  

Tank, tüfənglə üstümüzə gəlib  “bu qədərinə inandıranlar” onlarrn qarşısına  əliyalın çıxan, qaçmayan oğulları, qızları görəndə   “bu qədərinə də inanmıram” – deməyin sırası onlara çatdı.

“Bu qədərinə inandırmayacaq” çox şeylərin  bünövrəsi o gün qoyuldu.  O gecənin sabahı  millət olaraq aydınlandıq. Bizik-birik mesajı verdi dünyaya o gecə Bakı  və azərbaycanlılar.

Qalibiyyətlər unutdurmaz faciələri. Amma bir az olsun su səpər yaralara.

 O gecə faciəni qaranlığında gizlətsə, boğsa da, sökülən dan qanla suvarılan küçələr, 2 milyondan artıq izdihamın çiynində gedən Şəhidlər- bu tablo bir xalqın qəzəbqarışıq azad iradəsinin nəyə qadir olduğunu göstərdi. Naləylə, fəryadla yara bilmədiyimiz İnformasiya blokadasını qorxmazcasına azdalıq mübarizəsi savaşında canını verənlər və onlara sahib çıxanlar yardılar. Dünyanın gündəmini təzələdirlər. İnanmaqda zorlananlar, inamları sarsılanlar, “qardaşlığı” aradan qaldıranlar,  bir-birinə daş atanlar-bütün bunları yaşadanlar susdular. Ədalətsizliyə susduqları kimi susdular. O qaranlıq Gecədən doğan Aydınlar qarşısında “Bir dəqiqəlik sükut”la susdular!  

Faciələr onu yaşadanı deyil, yaşayanı məzlumluqdan mübarizliyə daşıyar. Çünki “bundan ötəsi dediyin” varlığının yox olmasını izləməkdir.

Saat 23:30-u göstərir.
-Deyəsən saatım yatıb.
-Necə?
-Saatım durub.
-Yatıbmı, durubmu?
-Dayanıb.

Onların yatıb-durub, dayandıığı andan -o Gecədən Bakı vaxtıyla qurulur saatlar.

Tünzalə Vəliqızı, Moskva
19 yanvar 2023-cü il.


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir