AZƏRBAYCAN İSTİQLALİYYƏTİNİN PROMETEYİ- M.Ə. RƏSULZADƏ


  “ Rəsulzadə adlı-sanlı şəxsiyyətlərdən idi… Belə bir şəxsiyyəti olan millət xoşbəxtdir. O rəhbər üçün bütün səciyyələrə sahib kamil bir lider idi.”

Seyid Həsən Tağızadə (1878-1970) – siyasi xadim, İranda Məşrutə inqilabının iştirakçısı, İranın ilk Məclisinin üzvü, İranın İngiltərə və Fransada səfiri, İran Senatının sədri, maarifçi.

Yanvar ayı Rəsulzadə ayıdır. Özümdən asılı deyil, bu ayda fikir və duyğularım, tarix şüurum bütün nəzər diqqətiylə Rəsulzadənin üzərində bərqərar olar. Əmin Bəyi xarakterizə etmək həm asandır, həm də çətin. İnqilabçı, demokrat, ədib, qəzetəçi, mühərrir, türkçü, tərcüməçi, şair, ictimai siyasi xadim və nəhayətində Cümhuriyyət Qurucularının öndərliyini edən, siyasətdə  çoxkombinasiyalı gedişlərin usta bir qroysmesteri…  Rəsulzadənin  beyni təfəkkürün bütün istiqamətlərinə üzə bilən nəhəng gəmini andırır adətən…

Şəxsi keyfiyyətləriylə olduqca həlim, konsensus və kompromislərə açıq olan nurlu çöhrəsinin fövqündə bir də Azərbaycanın müstəqiliyi məsələsində olduqca qətiyyətli, Zevsin dərgahından atəş çalan (Əmin Bəyin hətta “ Atəş çalan Prometey” adlı məqaləsi də var-M.İ.) bir Prometey iradəsi, mətanəti. Bu qətiyyət, iradə onun Milli İstiqlal Məfkurəsiylə sabitdir.

Çəkilməm, ey hərifan, bən
Bu meydanı şücaətdən!
Bütün dünya bənə derkən:
Çəkil bir yana sakitləş!- misralarıyla “ Füyuzat”da  həsbi-hal edərkən 23 yaşın içindəydi Əmin Bəy. Gənc Rəsulzadəni izlədikcə onun olduqca hüriyyətpərvərliklə yoğrulmuş inqilabçı-demokrat kimliyi adamı heyrətə düşürür. Gənc Rəsulzadənin  “ Füyuzat” da yazdıqları ilkin olaraq  bəlkə də romantikcəsinədir, amma gerçəkləşməyi hədəfləyən uzun bir Yol kimidir eyni zamanda.1914-cü ildə O, Dostoyevskinin “ Qaraquş” hekayəsini  qələmini  damar qanına batıraraq  tərcümə edir dilimizə, hürr bir iradəylə, ruhla, həbsxananın həyətinə  həbs edilmiş qaraquşun durumuna üzülərək:

“ – Sən o şəfqətli baxışdana, ona hürriyət ver, hürriyyət, o mərhəmət düşgünü deyil.”-deyə hayqırır.Bu tərcümədə hürriyət qavramının olduqca sadə, qaraquşun timsalındakı hekayə məzmunu bir sözlə möhtəşəmdir. Rəsulzadənin tərcüməsindəki orijinallıq əlbəttə onun hürriyətpərvərliyinin gözəl bir örnəyidir. Bu hekayədə həm əsarət fəlsəfəsi var, həm də hürriyət savaşı! Hadisənin cərəyan etdiyi məkanın həbsxana olması hürriyət qavramını daha da dəyərli edir. Qaraquş əsla insan mərhəmətinə, onun şəfqətli baxışlarına möhtac deyildir. Zatən məhbəs divarları arasında ona əyləncə gözüylə baxan insan yığını qaraquş qədər hürriyətinə qovuşmaq çabasına sahib deyildir. Qaraquşun xəmir mayasında olan hürriyət eşqini başa düşməkdə məhbuslar acizdir. Hətta qaraquşa ət parçası atarkən belə təmənnalıdırlar, guya ki bu “səxavət”ləriylə qaraquşu xoşbəxt edirlər. Qaraquşsa məğrurdur, onun istədiyi ət parçası, insan mərhəməti deyildir, özgürlüyüdür. Bu üzdən sinirlidir, tənhalığına məhkumdur. Hürriyətdən mərhum olan bütün varlıqların içi, dışı tənhalıq qoxar. Hürr ola bilməyib bütün xəyallarını tənhalığa sığdırmaq son təsəllidir. Qaraquşun da yalnızlığının sehrində yatan budur. Qaraquş  əsirdir fəqət təslim deyildir! Bu sehr Əmin Bəyə  sonralar “ İnsanlara hürriyət, millətlərə İstiqlal! “ şüarını irəli sürməsinə, insan hüquq və azadlıqlarının carçısına qədər götürür gələcək həyatında.

İranda Məşrutə hərəkatında ilk öncə qəzet müxbiri kimi qatılıb, sonralar bu hərəkatın ideoloqlarından birinə çevrilməsi onun siyasi-intellektual cəhətdən yetkinləşməsinə böyük rol oynayır. İran parlamentində gedən gərgin müzakirələri izləməsi, canlı şahidi olması onda yüksək parlamentarizm mədəniyyətinin formalaşmasına səbəb olur. İranda ilk dəfə Avropa tipli mətbuatın “ İran-nou” nun əsasını qoyur. Ümumiyyətlə, Rəsulzadənin inqilabçı-demokrat kimliyinin jurnalistikayla vəhdəti  onda böyük bir siyasi təkamülə yol açır. Bütün məsələləri dərin siyasi təfəkkür və analiz süzgəcindən keçirmək qabiliyyəti onda strateji və taktiki olaraq olduqca düzgün manevrlər etmək imkanı yaradır. Onun müşahidələri, hadisələrə hissi deyil, soyuqqanlı münasibəti bir siyasətçi kimi yetişməsini sağlayan ən əsas amillərdəndir. Rəsulzadə İranda inqilabi fəaliyyətdə bulunduğu zaman təəssüratlarını sonralar “İran Türkləri” adlı irihəcmli məqaləsində qələmə almış, məsələyə olduqca fundamental bir baxış sərgiləmişdir. Ən əsası bu əsəriylə dünya siyasi müntəxabatına ilk dəfə olaraq İran Türkləri anlayışını gətirmişdir. Halbuki buna qədər Güneydə yaşayan Azərbaycan Türklərinə iranlı və yaxud fars kimliyiylə müraciət edilirdi, onların türk kimliyinə məhəl belə qoyulmurdu. M.Ə. Rəsulzadı yazır ki, bir-iki il əvvəl istefada olan İstanbullu bir paşaya özünü azərbaycanlı türk kimi təqdim edərkən, möhtərəm paşa həzrətləri: “ İmperatorluq xaricində də əcəba türk varmıdır?” -deyə soraraq, onu çox təəcübləndirmişdir. Rəsulzadənin “ İran türkləri” əsərinin yüksək əhəmiyyətini bu vahim misaldan sonra daha dərindən idrak etməmizdə bu gün belə fayda var. Əlbəttə, paşanın “ yatmış” zehniyyətindən bu günümüzdə əməli gerçəkliyiə çevrilən “ Bir millət-iki dövlət” prinsipində Rəsulzadə və əqidədaşlarının Türkiyədə, mühacirətdə apardıqları mübarizləriylə payı böyükdür, danılmazdır.

  Məşrutə hərəkatının uğursuzluğunun olduqca dəqiq analizini edir, hətta gələcəkdə bu səhvləri təkrar etməmək adına praktiki yollar göstərir.

Xalqların, millətlərin qurtuluş çabasının da ilk qədəm basdığı yoldur. Amma necə yol məsələsi önəmlidir bu məsələdə.  M.Ə. Rəsulzadə 1909-cu ildə rus Culfasından İran Culfasına keçərkən yol təəsüratlarını yazıya töküb, yolda nə görüb onu da yazıb, necə var: “ Cəhənnəm dərəsi Culfada ( Çar Rusiyası dönəmində rus Culfası, Sovet dönəmində Sovet Culfası deyilirdi-M.İ.) gömrük rüsümatını icra etdik. Arazı keçdik. İran torpağında rus yolu ilə getdik… İranda təbii yollar olmadığı kimi, mənəvi yollar da yoxdur. Məşrutədən ötrü mübarizə ediyorlar, amma yolsuz ediyorlar! Məşrutə arabasını sərmənizlə aparmaq üçün yollar müvafiq deyil, daşlıq, çöllük ki, buradan ancaq istibdad qatırı, zülm eşşəyi, hürriyyət kolyaskası keçə bilər; Məşruyyət arabası isə daşa, qayaya toxunub əzilər, tökülər, keçməz. Məşruyyət arabasını salim aparmaq üçün qabaqca bir məşrutiyyət yolu qayırmalıdır.”

Əmin Bəy necə də gözəl və sərrast ifadə edib: Məşrutiyyət yolu. Təbii yollardan başqa mənəvi yollardan bəhs edib. Biz buna yolun fəlsəfəsi deyərkən Əmi Bəy də buna mənəvi yollar deyir. İranda Məşrutə inqilabının qanla, qadayla yatırılmasının elə ən böyük səbəbi bu Məşrutiyyət Yolunun olmamasıymış sən demə. Əmin Bəy başından bəri bunu görübmüş bilinən. Görməsəydi yazmazdı ki: “ Məşrutədən ötrü mübarizə ediyorlar, amma yolsuz ediyorlar!”.

 Rəsulzadə Məşrutə hərəkatına özünün olduqca qıvraq zəkasıyla yanaşaraq hadisələrə anında düzgün qiymət verməyi bacarır. Məşrutə hərəkatının vuran qolu Sərdari Millisi- Səttarxanla bir qəzet baş redaktoru kimi görüşüb ondan geniş müsahibə almağa müvəffəq olur. Bu müsahibə zamanı demək olar ki, Əmin Bəy  Səttərxanı təpədən dırnağa peşəkar bir jurnalist kimi dərindən müşahidə  edərək usta qələmiylə Sərdarla ilk görüşündə  onun portretini yaradır: “ Bütün İranı-təmin yolunda tamam dünyaca şöhrət qazanmış olan bu qəhrəmani-millinin ziyarətinə nail oldum. Sərdar  qayətdə sadə və safdil bir adam olub, öz qüvveyi-bazusinə kəmali-əmniyyətlə inanan bir adam olduğu hər bir hərəkət və kövtari ilə aşkar ediyor. Nə üçün konsulxanada bəstə girdiklərini xəbər aldıqda böyük bir ürək ağrısı və ciddi bir tövr ilə:

– Mən vətənimin istiqlali yolunda bir il tamam çalışdım. Ölüm içində dirildim. İndi əziz vətəndə bir işıq ucu göründüyü kimi, o doğma anam başqa bir fəlakətə uğrayır. Asayiş hazırlamaq və rahətlik bərdavam etmək üzrə gəlmiş olan ruslar, hala bir hərəkəti-istilacuyanəyə başlamışlar ki, artıq vətənimizin istiqlalından qəti-ümid edir. Elan olunan əfvi-ümumiyyə inana bilmiyoruz. Zira xaricilər hər kəsi istərlərsə, tutarlar hər nə istərlərsə, edərlər. Məmləkətin hakimləri vəzifə almaq istiyorlar. İştə böylə bir haldə biz nə qayıra bilərik. Artıq canbazlıq meydanına atılıb, müqatilə başlamaq işə keçməz. Çünki burası vətəni daha tez əldən verməyə səbəb ola bilər. Odur ki, biz də burada mütəhssin olub, sülhə protestimizi bütün dövlətlərə bildirib, xaricilərin tezliklə vilayətimizdən çıxmalarını istəyirik. Mən artıq istərdim ki, bizim millət Osmanlı ilə yaxınlaşsın. İndi bu haldan bir dərəcə mütəşəkkirəm ki, bizi birləşdiriyor. Təmin almaq və bəstə girmək üçün doğrusu burasını müvaifq gördük. Zira, islam məmləkəti və ümdəsi məşrutəli bir məmləkətin nümayəndəsidir…

Sərdar qayətdə qanı isti bir adam, hərəkəti xeyli cəlddir, danışığı çox ciddidir. Məşrutəpərəstiliyi din dərəcəsində qəvidir.”

Rəsulzadə hələ iki dəfə də Səttərxanla görüşəcəkdi bundan sonra. Əlbəttə, sonuncusu özünün dediyi kimi həzin oldu. Əmin Bəy İran inqilabının əfsanə ismi Səttərxanın ölmünü də çox böyük kədərlə qarşılamış onu olduqca düzgün xarakterizə etmişdir: “ Millətin bətnindən yetişmiş olan bu qəhrəman hər nə qədər avamlığı cəhətdən onun-bunun intriqalarının qurbanı oluyordusa da, fitrətən bir çox məziyyətlərə malik idi.” İran məşrutəsinin acı aqibətinə biçilən payın eynilə onun qəhrəmanlarınında taleyinə dönüşməsinə üzülən Rəsulzadə Səttərxana eyni zamanda olduqca yüksək qiymət verərək yazırdı ki: “ Bu nöqteyi-nəzərdən Səttar xan İran tarixi təcəddüdünün (yeniləşməsinin- M.İ.) unudulmaz bir simasıdır.”

Rəsulzadənin yazı və məqalələrində  İran inqilabıyla bağlı olduqca obyektiv, düşündürücü məqamları vardır. O, yazırdı ki: “… türk inqilabçıları, türk məbusları, türk əncümənləri dediyimizdə, bunların məhz türklük naminə hərəkət etdikləri düşünülməsin. İran türk məşrutiyyətpərvərləri türklüklərini düşünmədilər, bütün fədakarlığı ancaq iranlılıq və vətənin müştərək naminə icra etmişlərdir.”

Çox təəssüf ki, Rəsulzadənin qeyd etdiyi bu xüsus XX əsrdə İranda baş verən inqilablarda eynilə təkrar oldu. İnqilabların hərəkətverici qüvvələri Azərbaycan türkləri olsa da  maksimim faydalanan fars şovinizmi, din pərdəsinə bürünmüş şarlatan rejim oldu.

Rəsulzadənin nail olduğu ən böyük başarılarından biri ümmətçilikdən türkçülüyə keçidi sağlamasıydı. Qövmi özünüdərkin yanlış olaraq müsəlman kimliyi üzərində qurulması miliyyət hissini tamamən iflic edən bir amil idi. 1918 ci ildə artıq “ Müsavat” firqəsinin fəaliyyəti sayəsində Rusiya müsəlmançılığı anlayışı Rusiya Türklüyüylə əvəz olundu. Ümmətçilikdən Türklüyə keçid sağlandı. Bunun ana təməlləri hələ 1915 ci ildə Rəsulzadə tərəfindən atılmışdır. 1915 ci ildə “Açıq söz “ qəzetində “Tutduğumuz yol” adlı məqaləsində yazırdı ki: “ Sağlam, mətin oynaq bir millət vücuda gətirmək istərsək ,zaman bunu iqtiza(tələb-M.İ.)ediyor ki, mütləq üç əsasa sarılmalıyız Türkləşmək-İslamlaşmaq-Müasirləşmək!”. Məhdud mədəni muxtariyyət prinsipinin əksinə olaraq milli məhəlli (ərazi-M.İ.) muxtariyyəti ideyası türk-müsəlman coğrafiyasında müstəqil dövlət olmaq ideyasının yaranmasına səbəb oldu. Bu ideyanın müəllifi birmənalı olaraq Rəsulzadədir. Rəsulzadə eyni zamanda “Dildə-Fikirdə-İşdə” Birlik şüarını ortaya qoyan İsmayıl Bəy Qaspıralının ən sadiq tələbəsidir, milli dövlətləşmə mərhələsini başladan bir novator siyasətçidir.

İttihadi islamın yerinə İttifaqi İslam ideyası bir sözlə möhtəşəmdir, həmin dönəmdə qəbul etdirilməsi ən zor olan bir mərhələydi. Rəsulzadə buna müvəffəq ola bilmişdir. Hətta Orta Asiyada, Türküstanda ( Ə.Z.Vəlidi Toğan və Mirseyid Sultanqaliyev) federal prinsiplər əsasında müstəqil dövlət qurmaq ideyası belə öz qaynağını Rəsulzadədən almışdır. Düzdür Rusiya çatısı altında müsəlman və türklərə azadlıqlar tanınması Qaspıralı başlatmışdı. Amma bunu milii məhəlli muxtaryyət ideyasına çevirib Rusiya Müsəlmanları qurultayında möhtəşəm çıxışlarıyla qalibiyyətə çevirən 33 yaşlı M.Ə. Rəsulzadə oldu. Zəki Vəlidi Toğan bundan  özünün “ Xatirələr” ində çox böyük qürurla və Rəsulzadənin zəkasını, yüksək natiqlik məharətini övərək bəhs edir. Rəsulzadənin daha bir uzaqgörənliyi klassik Turançlıqdan fərqli olaraq yeni Turançılığa keçidin  əsasını qoymasıdır. O, yeni Turançılıığı belə təsəvvür edirdi:

“ Bütün türklər öz aralarında böyük dünya federasyonuna qədəm olmaq üzrə bir federasyor yaratmalıdırlar.  Yeni Turan,  mədəni birlik üzərində təsis edilib, ancaq gələcək birər türk hökumətlərinin federasyonu şəklində təsəvvür oluna bilər. Azərbaycan da bu gələcək Turan silsiləsinin mühüm bir halqasıdır.”

Rəsulzadə bu fikirləri yüksək tribunadan söyləyəndə tarix 1917-ci ili göstərirdi.

(Davamı olacaq)

Məhəmməd İsrafiloğlu,
Ukrayna


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir