Azərbaycanın son əsir balası


Azərbaycanın son əsir balası
Facebook-da dostluğumda olan Turan Bozqurd xatırlatdı. Zəngilanın işğal olunmasının ildönümü günü olduğunu. Moskvadakı qəzetimizdə çap olunan yazı arxivimə göz gəzdirib bu günlə bağlı yazıma baxdım və doğrusu…

2005-ci ildə Zəngilanın işğalının 12-ci ildönümünə həsr olunmuş yazını “baxıb xatırlayanlardan deyil, xatırlayıb baxanlardan və yazanlardanam”-deyə başlamışdım.

Amma bu gün unutdum.

Əslində o yazıda 12 rəqəminin yerinə “Zəngilanın işğalından 19 il ötür” yazıb yenidən qoysam mahiyyət dəyişməyəcəkdi. Elə o yazıda da eynən bunu xatırlatmışdım. İllər sadəcə uşğal tarixlərinin üstünə illəri gətirir və bizimlə torpaqlarımız arasına qoyduğu məsafəni uzadır.

Ayrılıqların məsafəsi uzandıqca yaddaşın saxlaya bilmə zamanı da daralır. Bu gün yaddaşımda baxmasam, ya xatırlatmasalar xatırlamadığım işğal tarixi buna əyani sübutdur.

Özümü bu qədər məzəmmətdən sonra dünyanı gəzib, görmək istəyən bizlərin öz Vətənimizdə gəzib görə bilmədiyimiz və o yerlərlə təcavüzə məruz qalandan sonra tanış olma istəyinin yada düşməsinə də bir məzəmmət əlavə edirəm. Biz onsuzda tarixləri saymağa alışmışıq. Hələ o zamana qədər azərbaycanlı olaraq mən keçmiş sovetlərin bir çox şəhər, kəndlərində olsam da öz elimizdə nə qədər olmadığım yerlər varmış. Niyə olmamışam sualından keçib, Zəngilanla ilk qiyabi tanışlığımdan başlayım.

O zaman Gəncəyə gələn qaçqınlar içində Zəngilandan da olanlar vardı. Və gənc müxbir kimi Zəngilandan olan ziyalı ailənin kiçik qızı-“Zəngilan sanki onun bədduasına düşüb işğala məruz qalmışdı” suçunu içində gəzdirən Zahirəylə tanış oldum.

Gözlərində donmuş yaşla eynən belə xatırlatdı. “O gün kəndimizə tez-tez top atırdılar.Uzaqlardan top səsi eşidilir, evlər uçülub dağılırdı. Bir gün “məktəbimizə də mərmi düşüb və dağılıb”- xəbərini müəllim işləyən atam verəndə çox sevindim. Hətta “Ura, sabah dərs olmayacaq və doyunca yatacam”-deyə yatağıma girdim. Ertəsi biz kənddən köçdük və mən bir də doğma məktəbimizi görməyəcək yola çıxdığımı anladım. O gecə sevindiyim hissə görə Allah məni cəzalandırdı. Əgər mən sevinməsəydim…”

Zahirə bunları deyəndə Gəncə Pedoqoji Universitetində oxuyurdu. Əslində o qarğış elmə sevgisi olmadığından irəli gələn də deyildi. Kiçik bir qızın bir gün doyunca yatmaq istəyiydi. Amma içindən keçirdiyi o hiss üçün bir ömür özünü cəzalandıracaqdı.

Zəngilanla ona istəyini belə təsvir edib, onun işğalından özünə günah payı çıxan Zahirə məni tanış etdi.

Ağı desən, layla desən, səni unutmadıq desən, bir gün geri qaytaracağıq desən…

Hələ ki, işğala məruz qalan yerlərimizlə bağlı yazdıqlarımızın sonuna nöqtə, nida qoya bilmirik. Hələ ki, cümələr məhbəs həyatı yaşayan yurdların məhkumluk müddətinin bitməməsindən dolayı fikirləri bitiriməyə imkan vermir. Hələ ki, sadəcə saylar sıralanır ilbəil.

Yazı təzə, forma başqa, cümlələr yeni ola bilər, lakin mahiyyət dəyişməzdir. Torpaq hələ işğala məruzdur!

Nə deyim. Bir il də keçdi… İl 19 oldu… 20-də “azad oldu”” demək nəsib olsun!

Tünzalə Vəliqızı
28.10.2012, Moskva


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir