AZƏRBAYCAN ƏDƏBIYYATININ “CAHANDAR AĞASI”!


AZƏRBAYCAN ƏDƏBIYYATININ “CAHANDAR AĞASI”!
Özünün unudulmaz “Dəli Kür” romanı ilə Azərbaycan ədəbiyyatında neorealizmin əsasını qoymuş böyük yazar, ssenarist, ədəbiyyatşünas, ictimai-siyasi xadim – İsmayıl ŞIXLInın 95 illik yubileyi nəinki Azərbaycanda, həm də onun hüdudlarından kənarda qeyd olunmaqdadır.

Rusiyanın Saratov şəhərində yaşayan tanınmış azərbaycanlı alim, Saratov Dövlət universitetinin professoru, texniki elmlər doktoru Rəfail Qəribovun təşəbbüsçüsü və təşkilatçılığı ilə, bu şəhərdə də ədibin doğum gününün 95-ci ildönümü təntənə ilə qeyd olundu. Tədbirdə, dünyanın müxtəlif ölkələrindən gəlmiş qələm sahibləri, ictimai xadimlər, iş adamları və İsmayıl Şıxlı yaradıcılığının vurğunları, eləcə də gecənin xüsusi qonağları – Türkiyədən şair Məmməd İmayıl, Moskvadan şairə Afaq Şıxlı və Azərbaycandan şair Saday Şəkərli iştirak edirdilər.

Təntənəli gecəni professor Rəfail Qəribov açdı:

“Əziz dostlar! Bu gün biz, Azərbaycan ədəbiyyatının unudulmaz simalarından olan İsmayıl Şıxlının xatirəsini yada salmağa yığışmışıq. O, bütün ömrünü öz xalqına və vətəninə həsr etmişdir. İkinci dünya müharibəsi dövründə ön cəbhələrdə döyüşmüş, Şimali Qafqazın müdafiəsində iştirak etmiş, öncə kənd məktəbində, sonralar isə Azərbaycan Dövlət Pedoqoji institutunda müəllim kimi çalışaraq vətən övladlarının təhsil və tərbiyəsində böyük rol oynamış, ədəbiyyatımıza misilsiz əsərlər yadigar qoymuşdur”.

İsmayıl Şıxlı yaradıcılığı barədə böyük məhəbbətlə danışan Rəfail müəllim qeyd etdi ki, dahi yazarımız dünyanı yalnız ağ-qara rənglərdə görmürdü. Onun, ətrafdakı hər şeyi öz təbiiliyində, müxtəlif çalarlarında, rəngarəngliyində görmək qabiliyyəti vardı. “O dövrlərdə hamını və hər şeyi “yaxşı”ya və “pis”ə ayırırdılar. İnsanlar üçün yalnız “xeyir və şər – ağ və qara” deyilən iki məfhum vardı. İsmayıl Şıxlı isə göy qurşağının bütün rənglərini təsvir edən şəxsiyyət idi”.
O, İsmayıl Şıxlı yaradıcılığını, Amerikada yaşayan dahi azərbaycanlı alim, riyaziyyatçı və məntiqçi Lütfüzadənin Qeyri-səlis məntiq nəzəriyyəsi ilə müqayisə edərək, onlar arasında böyük bənzəyişin olmasını bildirdi.

Saratov Dövlət universitetinin professoru Əli Hüseynov, İsmayıl Şıxlının həyat və yaradıcılığı haqqında çox geniş və ətraflı danışdı:

“O – məşhur Şıxlinskilər nəslinin parlaq nümayəndələrindən biri idi. Bu nəsil, Azərbaycana: Rus-Yapon müharibəsinin qəhrəmanı, dahi artilleriyaçı qenerel-leytenant Əli ağa Şıxlinski, 18-ci əsrin görkəmli şairi, M.P.Vaqifdən sonra ünlü qoşma ustası kimi tanınan Kazım ağa Saleh (Şıxlinski), şair, alim və hərbçi – mayor Mustafa Ağa Arif Şıxlinski və s… kimi tanınmış şəxsiyyətlər bəxş etmişdir”.

Cənab Ə. Hüseynov: “İ. Şıxlı əsərlərinin leytmotivi – namusdur! Namus və qeyrət – onun həyatının rəmzi idi. O, cəmiyyətin əxlaqi tərbiyəsi uğrunda mübarizə aparanlardan idi. 20-ci əsr Azərbaycan ədəbiyyatını İsmayıl Şıxlısız təsəvvür etmək mümkün deyil. “Dəli Kür” – sıradan bir roman deyil! Ensiklopedik məlumatlarla, tərbiyəvi məqamlarla, əxlaq normaları ilə zəngin olan bu qüdrətli əsər, haradasa Quranla yanaşı tutula bilər”, – deyə qeyd etdi.

Tədbirə böyük maraq və dərin hörmət hissiylə qatılan Rusiya Yazarlar birliyinin Saratov bölməsinin sədri Vladimir Quryanov cənabları, ilk öncə Azərbaycana olan dərin məhəbbətindən və vətənimizlə sıx dostluq əlaqələrindən danışdı:

Şıxlı kimi şəxsiyyəti dünyaya gətirə bilərdi! O, öz ölkəsinin layiqli oğlu olmuşdur! Sizlər də sağ olun ki, dünyasını də“Azərbaycan – bu qonaqpərvər və möhtəşəm diyar mənim dayımı, onun ailəsini və bir neçə başqa qohum-əqrəbamı 1933 illərin dəhşətli aclığından xilas edib, öz isti qucağını onlara açıb. İllər sonra mən öz qohumlarımı ziyarət etmək üçün Azərbaycana getdim və onun gözəlliyinə, insanlarının səmimiliyinə və səxavətinə heyran oldum. Məhz belə bir Vətən – İsmayılyişmiş əzizlərinizi, görkəmli şəxsiyyətlərinizi, illər sonra belə, bu qədər sevgi və ehtiramla anırsınız! Sizin xalqın böyüklüyü də elə bundadır!”

V.Quryanov, “Dəli Kür” romanı ilə “Sakit Don” epopeyasını müqayisəli təhlil edərək, hər iki qüdrətli əsərin öz xalqlarının taleyini güzgü kimi əks etdirdiyini söylədi: “ Sındırılmış insan taleləri, cərəyan edən zamanın özünəməxsusluqları, dövrün xüsusiyyətləri və tarixi hadisələr hər iki əsərdə olduqca canlı və dəqiq təsvir olunmuşdur”.

Yubiley gecəsinin xüsusi qonağı – Rusiya və Avrasiya Yazarlar birliklərinin üzvü, tanınmış şairə Afaq Şıxlı, nitqinə dahi yazarın qələmə aldığı “Məni itirməyin” rəvayətilə başlayaraq, “Vicdan”i ilk olaraq insan kimi dil acdıran, “Məni itirməyin, itirsəniz heç zaman tapa bilməzsiniz” – deyən dahi yazarın öz həyatını məhz bu devizlə yaşamasını, vicdan, insaf, düzgünlük və mərdlik anlayışlarının onun tale yolundan qırmızı xəttlə keçməsini qeyd etdi.

“Həyatda elə insanlar var ki, “O olmasaydı, necə olardı?” – deyə özünə sual verirsən və cavabında təskilik tapırsan ki, O vardı və mütləq olmalıydı! Belə insanlar oluşlarıyla dünyanı mükəmməlliyə doğru dəyişirlər, həyatın qanunlarına kor-koranə tabe olmurlar, saf düşüncələrinin, polad iradələrinin və vicdanlarının qanunları ilə yaşayırlar. Onlar dünyanın əbədilərinə, unudulmazlarına, mənəvi sığınacaqlarına çevrilirlər. Belə insanlardan idi – İsmayıl Şıxlı: unudulmayanlardan, əbədiləşənlərdən! O, sözün əsl mənasında mükəmməl idi: insan kimi, yazıçı kimi, ictimai-siyasi xadim kimi, dost və müəlllim kimi, ailə başçısı kimi! Sözünü deməyi və qürurunu qorumağı bacaran bir şəxsiyyət idi.
İsmayıl Şıxlı hətta “Dəli Kür” romanından başqa heç nə yazmasaydı belə, yenə də ədəbiyyat səhifələrinə öz adını qızıl hərflərlə həkk etmiş olardı.

Nə yazıq ki, həyatlarını tamı-tamına insanlara bəxş edənlər, enerjilərini gizləmədən xərcləyənlər, özgə duyğularını ürəkdən hiss edib özləşdirənlər – uzunömürlü olmurlar… və artıq 19 ildir ki, biz bu günü onsuz qeyd edirik. Dahi insanların doğum günləri ailə bayramı olmaqdan kənara çıxır və, mən biz dedikdə, onun həyatda olan dostlarını, onun doğma və səmimi ünsiyyətini unuda bilməyənləri, əsərlərini sevə-sevə oxuyanları, onun mərdliyi ilə fəxr edib qürur duyanları nəzərdə tuturam”.

Afaq xanım çıxışının sonunda, Rəfail Qəribov cənablarına, eləcə də bu yubiley gecəsinə gələn və İsmayıl Şıxlının müqəddəs ruhunu şad edən hər bir kəsə öz minnətdarlığını bildirdi.

Təntənəli gecəni şərəfləndirən qonaqlardan biri, ədibin yaxın dostlarından biri, görkəmli şair, 18 mart Çanaqqala universitetinin professoru Məmməd İsmayıl öz çıxında belə dedi:

“Əgər, dünyaya Azərbaycan ədəbiyyatını tanıtmaq üçün yalnız bircə nəfər yazar seçilməli olsaydı, tək İsmayıl ŞIXLI yetərli olardı ki, bütün türk xalqlarını başını uca etsin! O, XX-ci əsrin dahilərindən idi. Bəzən elə insanlar doğulur ki, onlar yalnız bir nəslin deyil, bütöv bir xalqın istedadını, müdrikliyini və böyüklüyünü özündə cəmləşdirmiş olurlar. Ismayıl Şıxlı da belə bir şəxsiyyət idi. O, dünyaya xüsusi missiya ilə gəlmişdi – öz əsərləri vasitəsilə, növbəti nəsillərə Azərbaycan xalqının əxlaqi və mədəni dəyərlərini ötürmək! “Dəli Kür” romanında sanki bizim ulu xalqımızın kodu həkk olunub. Dühalar, zatən bu dünyadan getməzdən öncə, öz düşüncələrini, enerjilərini və sirrlərini əsərlərində kodlaşdırırlar”.

İsmayıl Şıxlının 95 illik yubileyinə xüsusi olaraq gəlmiş qələm sahiblərindən biri – tanınmış şair Saday Şəkərli də, dahi yazarımız haqqında dəyərli fikirlər söylədi.

Gecədə: Aydın Əvəzov, Bəhram Nəsibov, Rasim İsayev, Əvəz İbrahimov, Ramilə və Samir Qəribovlar, Rasim Rəhimov, Şəmşir Şiriyev… və digər İsmayıl Şıxlı sevərlər də çıxış edirək öz ürək sözlərini söylədilər.

“İsmaıl Şıxlı kimi dahi şəxsiyyətin 95-ci doğum gününə həsr olunmuş tədbirlər Bakıda, Azərbaycanın müxtəlif şəhərlərində, eləcə də yazarın doğma yurdu Qazaxda keçirilir və keçiriləcəkdir. Bu cür tədbirlərlə biz xalqımızın böyük yazarının adını əbədiləşdirir, onun əsərlərinin ölməzliyini isbat edirik. Amma çox heyif ki, onun addım səslərini Bakı küçələrinə qaytarmaq iqtidarında deyilik… Bu gün, onun zaman ötdükcə daha da əbədiləşən ruhunun şad olmasına əminəm! Allah ona rəhmət eləsin!” – deyən professor Rəfail Qəribov, gecənin sonunda qonaqları, ölməz “Dəli Kür” filiminin izləməyə dəvət etdi.
Tədbir xatirə şəkillərinin çəkilişi və təntənəli furşetlə bitdi.

RİA “NOVOSTİ” nin redaktoru
Nilufər A.ŞIXLI
Moskva

AZƏRBAYCAN ƏDƏBIYYATININ “CAHANDAR AĞASI”!
AZƏRBAYCAN ƏDƏBIYYATININ “CAHANDAR AĞASI”!
AZƏRBAYCAN ƏDƏBIYYATININ “CAHANDAR AĞASI”!
AZƏRBAYCAN ƏDƏBIYYATININ “CAHANDAR AĞASI”!


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir