Azərbaycanda rusdilli təhsil: gerçəklik, yoxsa eyforiya?


Hər bir dövlətin istər siyasi, istərsə də sosial-iqtisadi və strateji gücünün təməlində elm və təhsil sisteminin nə dərəcədə mükəmməl və rəqabət dayanıqlılığı durur. Təbii ki, bu dayanıqlılıq bir tərəfdən təhsilin keyfiyyəti ilə xarakterizə olunursa, digər tərəfdən öz milliliyini, ənənəviliyini qorumaqla ölkəni yad mədəniyyət və ideologiyalardan hifz etməlidir.

Məlumdur ki, yüzillər boyu ölkəmizdə yerli mədəniyyət və elm-təhsil sistemi ilə gəlmə mədəniyyətlər və təhsil institutları arasında ciddi rəqabət olub, nəticə etibarı ilə yerli mədəni dəyərlərimiz və təhsil sistemimiz üstünlüyünü və ənənəviliyin qoruyub saxlayıb. İki yüz illik bir müddətdə Azərbaycanda mövcud olan və öz mövcudluğunu israrla qorumağa çalışan rus təhsil sistemi bu gün də yerli və milli mahiyyətli təhsil sistemimiz ilə açıq rəqabət müstəvisindədir.

Məlumdur ki, zaman-zaman gündəmə gətirilən, Azərbaycanda mövcud olan rus məktəbləri “problemi”” son günlər yenidən aktual müzakirə mövzusuna çevrilib. Bu məsələ ilə bağlı cəmiyyətimizdə birmənalı fikir yoxdur. Bir qrup insanlar ölkəmizdə çoxsaylı rus məktəblərinin mövcudluğunu müstəqil dövlətçilik prinsiplərinə zidd hesab edərək bunu milli təhsil sisteminə, ana dilinə, milli məfkurəmizin formalaşmasına ciddi problem və alternativ hesab edir, bu məktəblərin bağlanmasının vacib olduğunu vurğulayırlar. Digər kəsim insanlar isə rus məktəblərinin bağlanacağı təqdirdə təhsil sistemində keyfiyyət səviyyəsinin aşağı düşəcəyini, cəmiyyətimizin dünyaya inteqrasiya baxımından mənfi tendensiyalarla üzləşəcəyini vurğulayaraq bu təşəbbüslərin yolverilməz olduğunu əsaslandırmağa çalışırlar. Hətta bu istiqamətin tərəfdarları bölgədə mövcud olan geosiyasi vəziyyətin dövlətçiliyimizə təhdidlər yaradacağını da qeyd etməkdən çəkinmirlər.

İlk növbədə qeyd edək ki, Azərbaycanda rus məktəblərinin fəaliyyətə başlaması XIX əsrin 30-cu illərinə təsadüf edir. Sovet imperiyası dövründə isə Azərbaycan təhsili çoxəsrlik tarixə malik olan ənənəvi təhsildən məhrum edilib, rus təhsil sistemi əsasında formalaşıb, rusdilli məktəblərin sayı isə daha da çoxalıb.

Müstəqilliyimizin ilk dövrlərində Azərbaycan cəmiyyətində milli şüurun oyanışı, milli-mənəvi dəyərlərə qayıdış, təhsil sisteminin yenidən milli əsaslar üzərində qurulması və inkişafı istiqamətində atılan addımlar, rus təhsil sistemini və rus məktəblərinin perspektivliyini arxa plana keçirdi. Həmçinin, Azərbaycan təhsil sisteminin qərbyönümlü istiqamətdə inkişaf meylləri və yeni təhsil çalarlarının meydana gəlməsi sovet təhsil sistemindən imtinanı daha da sürətləndirdi.

Müasir şəraitdə istər qərb, istərsə də ənənəvi rus təhsil siteminin müsbət dəyərlərindən bəhrələnərək milli təhsil sistemini inkişaf etdirməyə çalışan cəmiyyətimiz üçün ölkəmizdə mövcud olan əcnəbi, xüsusilə də rus məktəblərinin təhsil sistemində neqativ və ya pozitiv rol oynaması öz aktuallığını saxlamaqdadır.

Məlumdur ki, dünyada mövcud olan müstəqil dövlətlərdə əsas təhsil sistemi aparıcı etnosun milli təhsil dəyərləri əsasında formalaşır və tədris prosesi bu etnosun rəsmi dövlət dilində həyata keçirilir. Bu dövlətlərdə yaşayan milli azlıqlara isə öz dillərində təhsil almaq üçün hüquqi əsaslarla təsbit olunmuş təhsil imkanları yaradılır. Mövcud dünya standartlarına uyğun olaraq Azərbaycanda da təhsil sistemi və təhsil prosesi bu meyarlar əsasında fəaliyyət göstərməkdədir. Ölkəmizdə təhsil sistemi ənənəvi milli dəyərələr üzərində qurulmuş, milli azlıqlara isə Konstitusiyamızda təsbit olunmuş təhsil hüququndan istifadə edərək təhsil alma imkanları yaradılmışdır. Bu siyasi və hüquqi təsbitləri mövcud statistik rəqəmlərlə əsaslandırmağa çalışaq.

İlk növbədə qeyd edək ki, Azərbaycanda mövcud olan təhsil sistemi haqqında geniş şəkildə təhlil aparmaq üçün müvafiq dövlət qurumlarının açıqladığı statistik rəqəmlər olduqca məhdud və yetərsizdir. Buna baxmayaraq, təhsil qurumlarının nümayəndələrinin mətbuata verdiyi rəsmi açıqlamalar, müstəqil təhsil ekspertlərinin apardığı təhlillər, KİV vasitəsilə əldə edilən rəsmi qaynaqlı məlumatlar əsasında ümumi mənzərəni canlandırmaq mümkündür.

2019-2020-ci il rəsmi məlumatlarına görə, Azərbaycanda cəmi 4443 sayda orta məktəb (bəzi məlumatlara görə isə 4472) vardır. Respublika üzrə 314 məktəbdə tədris Azərbaycan və rus dillərində, 1 məktəbdə isə Azərbaycan, rus və gürcü dilində aparılır. Bundan əlavə, respublika üzrə tədrisi yalnız rus dilində olan 15 ümumtəhsil məktəbi fəaliyyət göstərməkdədir. Ümumilikdə Azərbaycanda Bakı şəhəri də daxil olmaqla 340 məktəbdə rus dilində tədris aparılır. Ümumilikdə bu məktəblərdə 95-100 min şagird rus dilində təhsil alır.

Məlumdur ki, Azərbaycnda 120 min nəfər rus mənşəli vətəndaş yaşayır. Nəzərə alsaq ki, ölkəmizdə 10 milyondan bir az artıq əhali mövcuddur, ümumtəhsil məktəblərinin say dinamikasına görə rus mənşəli vətəndaşlarımızın təhsil hüququnun tamamilə təmin olunması üçün 44-50 rus məktəbi yetərlidir. Həmçinin, azərbaycanlı vətəndaşlarımızın müəyyən hissəsi rus təhsilli olduğu üçün onların övladlarının təhsil hüququnun təmin olunması da olduqca vacib məsələlərdən biridir. Çünki Respublikamızın Ali Qanununa görə hansı dildə danışmasından asılı olmayaraq bütün şəxslər təhsil hüququ ilə təmin olunmalıdırlar. Bu meyardan çıxış edərək, rusdilli vətəndaşlarımızın təsil alma imkanlarını məhdudlaşdırmaq yolverilməz və qanundan kənar haldır.

Diqqətə alanda ki, Azərbaycanda təqribən 350-400 min əslən azərbaycanlı, ancaq rusdilli olan vətəndaş var və onların övladlarının təhsil hüququnu təmin etmək üçün orta məktəblərin ümumi say dinamikasına görə bölgü aparsaq, 150 rus məktəbinin yetərli olduğu qənaətinə gəlmək mümkündür. Ümumilikdə ölkədə rus mənşəli və rus təhsilli azərbaycanlı ailələrin övladlarının rus dilində təhsil alması üçün 200 rus məktəbinin fəaliyyəti yetərlidir.

Mövcud statistik rəqəmlərə baxdığımızda ölkəmizdə fəaliyyət göstərən rus məktəblərinin sayı mövcud rusdilli əhalinin tələbatından ən azı 140 məktəb artıqdır. Məlumdur ki, bu məktəblərin şagirdlərlə təmin olunması Azərbaycan təhsilli ailələrin övladları hesabına həyata keçirilir.

Azərbaycan cəmiyyətində formalaşan ümumi fikrə görə, rus məktəblərində təhsilin keyfiyyəti, ümumi mədəni dünyagörüşü Azərbaycan məktəblərindən üstündür. Bu amil Azərbaycan təhsilli ailələrin öz övladlarını rus məktəblərində oxumağa stimullaşdıran amillər kimi dəyərləndirilə bilər. Bu fikrin nə dərəcədə doğru və ya yanlış olduğunu dəqiqləşdirmək üçün statistik rəqəmlərə müraciət edək.

Dövlət İmtahan Mərkəzinin 2020-ci il qəbul prosesinin yekunları ilə bağlı açıqladığı ilkin nəticələrə görə, bu il ali məktəblərə qəbul üçün I-IV qruplar üzrə sənəd verən 71224 abituriyentin 65194-ü Azərbaycan, 6030-u isə rus məktəblərinin məzunları olub. Rus məktəblərini bitirən məzunlardan I qrup üzrə sənəd verən 2479 abituriyentdən 200 keçid balından yuxarı nəticə göstərən məzunların sayı 908 nəfərdir (36,6 faiz). II qrup üzrə, 1343 abituriyentdən 600 nəfər (44,7 faiz), III qrup üzrə 1561 abituriyentdən 853 (54, 7 faiz), IV qrup üzrə 642 abituriyentdən 372 nəfər (58 faiz) keçid balı toplayaraq Ali məktəblərə qəbul olmaq üçün imkan əldə etmişlər. Analoji olaraq bu nəticə Azərbaycan bölmələrində – I qrup üzrə 27750 abituriyentdən 9435 (34 faiz), II qrup üzrə 13773 abituriyentdən 5769 (41,9 faiz), III qrup üzrə 20604 abituriyentdən 12560 (60,9 faiz), IV qrup üzrə 4410 abituriyentdən 3269 (74, 1 faiz) nəfər şəklində olub.

Ümumilikdə isə qəbul prosesində azərbaycan bölməsində 65194 abituriyentdən 31033-ü (47,6 faiz) ali məktəblərdə tələbə adını qazanmaq imkanı əldə etdiyi halda, rus bölməsində bu rəqəm 6030 məzundan 2733 (45,3 faiz) nəfərin tələbə adına layiq olduğunu göstərir.

Bu statistik rəqəmlərə baxdığımızda rus bölməsini bitirən məzunların Azərbaycan bölməsini bitirən məzunlardan daha üstün təhsilli olması fikri özünü doğrultmur.

Rus məktəblərində təhsil keyfiyyətinin Azərbaycan bölmələrindən üstünlüyünü digər statistik məlumatlar da təsdiq etmir. Belə ki, bu il 200 baldan yuxarı keçid balı toplayan abituriyentlərdən 600 ballıq şkalanı keçənlərin sayı Azərbaycan bölməsi üzrə 1644 nəfər (5,3 faiz) olduğu halda, rus bölməsində bu say cəmi 133 nəfər (4,9 faiz) olub.

Qeyd edilən bu statistik rəqəmlər onu göstərir ki, rus bölmələrində təhsilin keyfiyyətinin daha da yüksək olması ilə bağlı cəmiyyət arasında mövcud olan eyforiya öz təsdiqini tapmır. Yəni ümumilikdə hər il təqribən rus dilində təhsil alan 6030 nəfər məzundan 2733 nəfəri (45,3 faiz) ali məktəblərə qəbul şansı qazansa da, lakin 3297 nəfər (54,7 faiz) bu imkandan məhrum olaraq sadəcə rus dilini bilən sıravi topluma çevrilir. Beləliklə, bu şəxslər uzun illər boyu ali təhsilli rus “”intelligenti”” olmaq arzusunu gerçəyə çevirmək imkanından məhrum olurlar. Sadəcə 11 illik rus təhsili prosesində ən yaxşı halda rus dilini öyrənməklə kifayətlənirlər.

Digər tərəfdən ümumi statistik rəqəmlərdən məlum olur ki, hər il Ali məktəblərin eyni ixtisasına Azərbaycan bölməsinin məzunlarından tələb olunan qəbul balları, rus bölməsi abituriyentlərindən tələb olunan ballardan nəzərəçarpacaq dərəcədə yüksəkdir. (Məsələn, BDU hüquq ixtisasında ödənişli əsaslarla Azərbaycan bölməsinin abituriyentləri üçün keçid balı 568 olduğu halda, rus bölməsi üçün 494-ə bərabərdir və s.) Bu isə bütün tələbələrin bərabər şəkildə təhsil almaq hüququna və ədalətlilik prinsipinə kölgə salır. Digər tərəfdən bu fakt azərbaycan təhsilli ailələrin öz övladlarını kütləvi şəkildə rus məktəblərində oxutdurmaq həvəsini stimullaşdırır.

Yuxarıda qeyd olunan statistik rəqəmlərin verdiyi məlumatlar əsasında aparılan təhlildən bu qənaətə gəlmək olar ki, mövcud problemi, rus məktəblərinin tamamilə bağlanması və yaxud onların sayının artırılması ilə həll etmək mümkün deyildir.

Bu problemi həll etmək üçün ölkəmizdəki rus məktəblərinin sayını, Azərbaycan vətəndaşları olan rus mənşəli əhali və rus təhsilli azərbaycanlı ailələrin ümumi sayına uyğun olaraq müəyyən etmək lazımdır. Həmçinin, təhsilimizin inkişafında ciddi keyfiyyət dəyişikliyinə səbəb olmayan və Azərbaycan təhsilli ailələrin övladları hesabına fəaliyyət göstərən əlavə rus məktəblərinə isə qadağa qoyulmalı və yaxud növbəti illərdən bu məktəblərin sayı nəzərəçarpacaq dərəcədə azaldılmalıdır.

Mübariz AĞALARLI
AMEA Tarix İnstitutunun aparıcı elmi işçisi, dosent


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir