AzərRosdakı daxili çəkişmələr açıq müstəvidə


AzərRosdakı  daxili çəkişmələr açıq müstəvidə
Dubl -2: Kim kimin yanında, kim kimin qarşısında

Son zamanlar bu təşkilatla əlaqədar müstəvidə “AzərRos- kim tərəfdar, kim qarşı» oyununa alət olub. Hadisələr isə AzərRosun daxilində olanların bir-birinə qarşı qoyulması ilə gərginləşdirilib. Hətta təşkilatın imici oradakı bəzi insanları ehmallı, ehtiyatlı olmağa məcbur edib. Dünənki “”Dubl-2″” müşahidəçiləri belə düşünməyə vadar edir. Haqqında danışdığımız təşkilatı kimlər idarə edir, ona kimlər təsir göstərir…? AzərRos ətrafında yaşananlar Federal şuranın növbəti yığıncağını topladı.

O yığıncaqdan.
Protokollu və protokolsuz…

Moskvada Rusiya azərbaycanlıları Federal milli-mədəni müxtariyyətinin (FMMM) federal şurasının növbəti iclası təşkilatın yerləşdiyi binada toplandı. AzərRos Ağsaqqallar şurasının üzvlərinin də iştirak etdiyi Fededal şura yığıncağının gündəmində 5 məsələ vardı.

Qeyd edək ki, eyni anda paytaxtın digər bir tərəfində -Moskva Millətlər evində AzərRosun ikinci qanadının (belə demək mümkünsə) eynimotivli, əksyönlü yığıncağı keçirilirdi.

Yığıncağa başlamadan əvvəl bu barədə məlumat verən Federal Şuranın sədri Mehriban Sadıqova AzərRos Moskva vilayət regional bölməsinin rəhbəri Qalib Ağayevin onun adından istifadə edərək şura üzvlərinin bəzilərini aldatma yolu ilə ora dəvət etdiyini bildirdi.

Mehriban Sadıqova sonra Federal şuranın növbəti iclasının toplanmasını vacibləşdirən və gündəmdə duran məsələləri açıqladı.

“Federal şuranın 43 üzvündən 22-sinin hazırda burada olduğuna görə yığıncağı keçirmək, gündəmdəki məsələləri müzakirəyə çıxarıb səsə qoymaq üçün yetərsay var”.

AzərRos Ağsaqqalar şurasının üzvü Rustəm İbarhimbəyov federal yığıncağın toplanması, gündəmdə əskini tapan qurultayın çağırılması və müzakirəyə çıxarılan digər məsələlərin hüquqi cəhətdən AzərRosun nizamnaməsinə uyğun olub-olmamasının izahını istədi.

Plana görə növbəti qurultayın 2018-ci ildə keçiriləcəyini nəzərə alsaq, onun növbədənkənar keçirilməsi məsələsini gündəmə gətirən nədir?

“AzərRos-un fəaliyyəti sanki “”Kim Ağsaqqallar şurası sədrinin yanında, kim onun qarşısındadır” sualı ilə başlamış, əslində bununla da çıxılmaz vəziyyətə düşmüş bir təşkilatın fəaliyyətinə bənzəyir və Qalib Ağayev burada sadəcə suyu bulandıran vasitədir”.

İştirakçılar gündəmə sondan başlayaraq- gündəlikdəki 5-ci -Qalib Agayevin şuradan çıxarılması məsələsinə birinci baxılmasını təklif edərək səsə qoydular. Bu təklif 22- yekdilliklə qəbul edildi.

Bu mövzuda çıxış edən Federal şura üzvü Ağadadaş Kərimov Qalib Ağayevin 14 noyabr 2014-cü il tarixdə topladığı iclas, orada müzakirə olunan məsələlər haqqında məlumat verdi.

“Bəzi region rəhbərlərinin iştirak etdiyi o toplantıda AzərRos FMMM-nin prezidenti Asif Məhərrəmovun istefaya göndərilməsi və növbədənkənar qurultay çağırılaraq yeni prezidentin seçilməsi məsələsi qoyulmuşdu. Əslində bu AzərRosun fəaliyyətində Asif Məhərrəmovun mənfi rol, mənfi imic yaratması ilə bağlı olan məsələ deyil. Qalib Ağayev, Azərbaycan Abbas Abbasov və Asif Məhərrəmovla işləmək istəmir, onları ora qəbul etmir, buna görə Azərbaycanı qane edəcək bir adamla işləmək üçün yeni rəhbər seçilməsini istədiyini dedi”.

Qalib Ağayevin 14 noyabrda heç bir hüquqi əsası olmayan başınabuyruq hərəkət edərək topladığı dırnaqarası Federal şura iclasında regional bölmənin 5 nəfər üzvünün onlardan xəbərsiz üzvlükdən çıxarıması qərarı qəbul edilib. Bu 5 nəfər adından çıxış edənlər -Şamil Vəliyev, Namus Nağıyev Qalib Ağayevin bu hərəkətinə cavab verilməsini istədilər.

AzərRosun Samara nümayəndəsi Şirvan Kərimov sıramızda olan, vaxtaşırı mətbuatda təzadlı, əksmövqeli açıqlamalarla çıxış etsə belə, Qalib Ağayevi dünən saat 19:00-a kimi hələ də dost bilirdim-dedi.

“Mən onunla danışdım, görüşdük. Dəfələrlə dərdin, problemin nədir, açıqla biz də ona görə davaranaq”-deyə dostcasına söylədim. Asif Məhərrəmovun təşkilatın fəaliyyətində əngəl olmasını, onunla işləmək istəmədiyini qeyd etdi. Səhhətiylə bağlı istefaya ərizəsi yazan Asif Məhərrəmov təşkilat üçün bu addımı atdı. Hamımız bilirik ki, o xəstə zad deyil. Bir mədəni insan kimi davaranaq və Ağsaqqallar şurasının sədri Abbas Abbasovun xahişi ilə o bunu etdi. Qalibin bundan sonra bizimlə birgə hərəkət edəcəyinə inanmışdım. Kişinin dediyi əməli ilə bir olar. Məhz bu xüsusiyyətinə görə o mənim dostum deyil. Aramızda münasibətlər yaxşı və ya pis ola bilər, lakin bunu təşkilata yansıtmamalı, onun içində parçalanmaya yol verməməliyik”.

Mən bu gün Ağsaqqallar surasının başında duran adamın- Abbas Abbasovun Rusiya və Azərbaycan prezidentlərinin dövlət rəhbəri səviyyəsindən başqa bir-biriylə yaxın, dost münasibətləri olduğunu, bununla fəxr etdiyini dəfələrlə söylədiyinin şahidiyəm. Azərbaycan Rusiya xalqları arasında dostluq və mehribanlıq əlaqələrinin inkişafına çalışıb, hər zaman buna körpü olmuş bu adamı Azərbaycanda niyə sevməsinlər ki?!

Əslində “Qurd və quzu” təmsilindəki kimi aşağıdan su bulanmasa da, aşağıdakıların əli ilə suyu bulandıran(lar)dan ( burada özümüzük və bilirik- vurğusuyla ) təşkilatı hədəfə alan(lar)dan da danışıldı. Dava nəyin davasıdır-deyənlər də vardı. Ümumilkdə bütün bunlara bais tək Qalib Ağayevin olmaması, onun hərəkətlərini cılız, ambisiyasına yenilmiş adamın etdikləri kimi qəbul etmək sadəlövhlük olar deyənlər də, bunun böyük bir “savaşa” çağırışın başlanğıcı olması üzərində dayananlar da oldu.

Abbas Abbasovun Azərbaycanda qəbul edilməməsi fikrinə qarşı söylənlərdən biri də- “bu siyasi təşkilat deyil, ictimai- mədəni bir qurumdur. Hər hansı bir hakimiyyət iddiası olmayan qurum və ya onun başçısı Azərbaycanda niyə istənməsin ki…” fikri də sıralananlar arasında yer alırdı.

Buradakı azərbaycanlılarla işləyən, onların işinə təcrübəsi, əlaqələri ilə yardım edən bir adamın bu qədər qaralanması kimə və nəyə xidmət edir?-ritorik sualı da səsləndi.

Nijni Novqorod nümayəndəsi Vidadi Abbasov çox sərt ifadələrlə çıxış edərək, bəla Qalib deyil-dedi.

Hamımız bilirk ki, bəlanın qaynaqlandığı yer başqadır. Onlar etikadan kənar, yalan dolu bəyanatlarla çıxış edirlər. Biz də o dillə cavab verə bilərik. Lakin bizim daxili mədəniyyətimiz buna imkan vermir.

Kostroma regionundan olan Kamran Babayev bu mövzuda mövqeyini daha kəskinliklə ortaya qoydu. “Azərbaycanı diplomat səviyyəsində təmsil edən, dövlət qurumlarında şəxsinə hörmətlə yanaşılan Abbas Abbasovu regionun yerli rəhbərləri sevirlər. Nə qədər iki xalq arasında birgə tədbir keçirmişiksə, orada Azərbaycanı, azərbaycançılığı təbliğ və tərənnüm etmişik. Buna vasitə, dəstək olan Abbas Abbasovdur. Onun kimdənsə nə isə istədiyi yoxdur”.

Belə bir adamı Azərbaycanda niyə qəbul etməsinlər ki?

AzərRosçular 12 il Heydər Əliyevlə çiyin-çiyinə işləmiş, Azərbaycanda baş nazirin birinci müavini olmuş, fəaliyyətinə görə “İstiqlal” ordeni ilə mükafatlandırılmış Abbas Abbasova qarşı aparılan bu “Azərbaycanda qəbul edilmir” fikrinə də etirazlarını bildirdilər. Azərbaycan dövləti və xalqı qarşısında xidməti olan bu insana qarşı “Onu sevmir, qəbul etmirlər” fikrini bir qrup bədxahın fikri kimi qəbul etdiklərini vurğuladılar.

Qızğın çıxış və müzakirələrdən sonra Qalib Ağayevin şura üzvülüyündən çıxarılması məsələsi səsə qoyuldu və səs çoxlugu ilə qəbul edildi.
Yığıncaqda müzakirəni qızışdıran movzulardan biri də növbədənkənar qurultayın keçirilib- keçirilməməsi məsələsi idi.

Nizamnaməyə görə Federal şuranın sədri, AzərRosun vitse-prezidenti olan Mehriban Sadıqova müvəqqəti prezident vəzifəsini icra edə bilməz. Ona görə belə situasiyalarda nizamnaməyə lazımi dəyişikliklər etmək məsələsi də ortaya çıxır. Səsə qoyulan məsələlər içində bu da əksini tapmışdı.

Yığıncaq əvvəl növbədənkənar qurultayın keçirilməsi, sonra onun yarım il ərzində hazırlanması üçün təşkilat komitəsinin tərkibinin seçilməsini ayrı-ayrılıqda səsə qoydu.

7 nəfərdən ibarət təşkilat komitəsinə Şirvan Kərimov, Ağadadaş Kərimov, Xanoğlan Əliyev, Adilə Əliyeva, Kamran Babayev, Sehran Hüseynov, Mehriban Sadıqova üzv seçildilər.

Müzakirələrin gedişində arabir dəqiqləşdirici sualları və bəyanatları ilə çıxış edən Rüstəm İbarhimbəyov Azərbaycanın Rusiyadakı səfirliyinə AzərRos adından müraciət göndərilməsinin vacibliyini qeyd etdi.

“Orada müavin deyilən ikinci adamın (adı çəkilməsə də Qüdsi Osmanov nəzərdə-tutulurdu) başının altından çıxan işdir, bu. Onun bu diasporları parçalamaq missiyasına son qoymasından ötəri cənab səfirimiz Polad Bülbüloğluna bu haqda məlumat vermək üçün yığıncaq adından müraciət hazırlamaq lazımdır. Təşkilatın bəlli yolu-Rusiyada azərbaycanlıları parçalamaq deyil, bir araya gətirmək, millətimizi, vətənimiz sevdirmək, tanıtmaqdır”.

Yığıncaqda “Azərbaycansevər olduğumuzu kimsəyə isbat etməyə ehtiyacımız yoxdur. Bura toplaşan Federal şura üzvlərinin hər biri çalışdığı sahədə və yaşadığı regionada hörmət, nüfuz qazanmış, dövlət strukturlarında təmsil olunan və simalarında Azərbaycanı təmsil edən ziyalıalırdır. Məramımız, niyyətimiz də hər bi kəsin öz eqosunu kənara qoyub xalqımızın, millətimizin rifahı mövqeyini tutmaqdır” fikiriləri səsləndi.

“”Biz ruslarla birlikdə tədbrilər təşkil edəndə orada ÜAK, AzerRos və ya başqa təşkilat adı səslənmir. Ruslar bizi ümumilikdə Azərbaycan xalqının təmsilçiləri, nümayəndələri kimi görürlər. Biz eyni adamlar digər təşkilatlarımızda da təmsil olunuruq. Bizim üçün ümumi hədəf Azərbaycanı tanıtmaq, tolerant, özünəməxsus xüsusiyyətləriylə zəngin millət olduğumuzu təcəssüm etdirmək üçün birgə olmağa ehtiyacımız var. Parçalanma, bölünmə fikrindən uzaq olmaq lazımdır””. Yığıncağa bu notlarla yekun vuruldu.

Yığıncaqda Rusiya Ədliyyə nazirliyinin nümayəndəsi iştirak edirdi.

Tünzalə Vəliqızı, Moskva
15.01.2015

FOTOLAR
AzərRosdakı  daxili çəkişmələr açıq müstəvidə
AzərRosdakı  daxili çəkişmələr açıq müstəvidə


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir