Bacımın (elə mənim də) axtardığı


Bacımın (elə mənim də) axtardığı
Yazılarım yaşmaqlı olub. Cəsarətli sözü, kəskin ifadəni abıra büküb təqdim etmək kimi bir xasiyyəti də Tanrımı verib, həyatmı diktə edib, bilmirəm. Haradan başlasam və ya mövzuya girmək üçün vəsilə olsun- deyə yazmadım bunları. Məğzini mövzunun içində anlayacaqsınız.

“Mənim istədyimi, axtardığımı yaz”-deyə rica etmişdi məndən, bacım. Adını çəksəm onu reklam etmiş olmaram ki… Uzun illər Rusiyada yaşayan, bir qurumun rəhbəri olan İlhamə Bayramova. Və mən ona yazmağa söz vermişdim.

Nədənsə onun dediyini hər beynimdə dolandırdığımda Konstantin Simonovun məhşur “Jdi menya, i ya vernus” (“Gözlə məni, qayıdacağam”) şeirini xatırlayırdım. Müharibənin odu-alovu içərisindən şairi qurtaran inandığı və inandırdığı bu sevgi ismarıcını…

Gedənləri, itənləri “Jdi menya” (“Gözlə məni”) ifadəsinin altında aramalarında da o şeirdəki inam və sevgi vurğusu var.

Eynisinin Azərbaycan variantı “Səni axtarıram”dan (verilişindən təbii ki ) yazmaq, çox səmimi deyəcəm, özümə qarşı getmək kimi gəlirdi mənə və bacıma verdiyim bu sözü ertələməyimin bir səbəbi bu idi. Başqa səbəbləri haqqında isə indilik susuram…

Bu gün sadəcə onun istədyini və onun axtardığını onun dilindən ərz edəcəm.

“Dilim təmiz, yazmaq qabiliyyətim də pis deyil”-dedi. Sadəcə jurnalist olduğun üçün bunu yazmaq sənə düşər və fikrimin mənim dilimdən, sənin qələminlə çatdırılmasını istəyirəm.

“Əlimə bir çoxumuzun yaddaşının əzbəri olmayan işğal tarixlərindən bəhs edən bu rəsmi alsam və iddialı verilişin qapısında dayansam… Mənim, bizim itirdiklərimizi mənə qaytarmaqda yardımçı olarlarmı?
Bacımın (elə mənim də) axtardığı
Mən o diyarda doğulmadım, böyümədim. Vətənimin o dilbər guşəsiylə sadəcə bir dəfə məktəb gəzintisində tanış oldum. Şuşa dolanbaclarından dolanıb, Topxana meşəsinə endim, İsa bulağından su içdim, Vaqifin muzeyini gəzdim, Xuramanın özünü atdığı qayanı gördüm, Cıdır düzünün düzəngahına heyran qaldım. Gülünün, gülşəninin qoxusunu bir dəfə nəfəsimə çəkdiyim yerləri – mənə, bizə məxsus olan bu gözəllikləri hər kəsə göstərmək coşğusu vardı içimdə. Bir də o yerləri təkrar gəzmək…

Əlində doğmasının şəklini tutub, harada olduğundan xəbərsiz olaraq yanğıyla axtaranlarla eyni hissi paylaşsam da, onlardan fərqli, mənim itirdiklərimin yeri, itmə saati, güzərgahı, kimin əlində girov olduğu bəllidi.

Xatirələri xatirində yaşananların sonuncuları bu dünyayla vidalaşmadan, ismətini başı dumanlardan kəlağayılı, ağzının yaşmağını yamaclı dağlardan almış nənələrin yurdunu axtarıram.

Sarsılmazlığı, sərtliyi qaya timsallı babalara məskən olmuş yurdlarla bərabər itirilən maddi-mənəvi dəyərləri axtarıram.

O ellərlə birgə tapdaq olan heysiyyatımızın mənzərəsini əlimdə tutub gəlsəm…

Nə istəyirəm deyimmi?

1992-ci il—

fevralın 18-də itirilən Xocavəndi, fevralın 25-26-da qanına bələnən Xocalını, mayın 8-də başımızdan tac kimi alınan Şuşanı, mayın 17-18-də viran olan Laçını;

1993-cü il—

aprelın 2-də talanan Kəlbəcəri, iyunun 17-də verilən Agdərəni, iyulun 23-də damları başlarına uçurulan Ağdamı, avqustun 18-də sinəsi parçalanan Cəbrayılı, avqustun 23-də “çeşmi-giryanı od tutan” Füzulini, avqustun 30-31-də yurdu köçən Qubadlını, oktyabrın 29-da elsiz qalan Zəngilanı. Qaytararlarmı?

Şeirlərimizin sah beyti, cümlələrimizə mübtəda olan əzizlərimizin- o torpaq paylarımızın xəbəri –“döndü, geri qaytarıldı” ilə bitən cümlələr qursunlar. Xəbərlərin keçmiş, qeyri-qəti gələcək şəkilçisi ilə bitməməsini istəyirəm. Bacararlarmı?

Coğrafiyanı bilməsi ilə prezidentini heyran qoyan rus uşağına “Rusiyanın sərhədləri tükənməz”- dedi Putin. Öz coğrafiyasında-hüdudları sərhəddində kiçilən- “Buradan o yana yol yoxdur”-lövhəsini qoymağa məcbur buraxılan Vətəndən-Azərbaycandan olan bəndənizin (bacımın) o işğallardan sonra Rusiyada doğulan, illərlə bir parta arxasında oturduğu erməniylə niyə məsafəli davrandığının səbəbini bilən oğluma bir sözüm var. Tanımadığı o yerlərlə tanış etmək sözü. O yerləri gəzmək, görmək, ona doğma olanlara sarılmaq istəyində olan bütün övladlara bunları borcluyuq.

Verilişə getməsəm də, Rusiyanın möhtəşəm şəhərlərində, hüdudsuz sərhədlərində nə qədər dolaşsam da gözüm-könlüm o yerləri axtarır, yuxumu o intizar ərşə çəkir.

Tünzalə Vəliqızı
Moskva,
30.11.2016

P.S. Nəsib Nəbioğlunun şeirlərinin təsviri olan Kəlbəcər küçələrini peykdən seyr edib kövrəldiyini görmək acıdır qəlbimi. Otları, çiçəkləri min bir dərdə dərman olduğuna inanıb bu inancla loğman olan Əməkdar Həkim Sabir Həbibovun doğulduğu yurdda həyata göz yummaq istəyi göynədir insanı.


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir