Bayram hayında yox, başının hayında olan taksilər


Bayramı unudub başının çarəsində olan bizim taksilər

“Taksi haqqında” Rusiya qanununa düzəliş edildikdən sonra qeyri-leqal taksilərin qara günləri başlandı. Artıq son həftə və bu gün polislər şəhərdə onların “ovuna” şıxıb. Əslində ötən il bu qanunun gündəmə gəlməsinə “sari taksi”lərin onların jarqonuna görə “bombil”lərə etirazının təsiri olmuşdu. Çünki bir müddət əvvəl yerli taksilər “bombil”lərin onların “planına” təsir etdiyindən şikayətlənərək, “biz qazancımızdan vergi ödəyərkən onlar bunu ödəmədikləri halda bizdən çox qazanır və sərnişinlərimiz əlimizdən çıxır”- deyib buna son qoyulmasını tələb etmişdilər.

Mən də hər kimliyimi bilməyən hər gün qarşılaşdığım “taksiçilərimizə” uz tutdum. Bu gun “oblavaya” düşüb düşmədiklərini öyrənmək üçün.

Metronun başında keçmiş sovet maşınları düzülmüş, yaxınlıqdakı dükanın yan səkisində oturub yuxusuz, yorğun üzlü, gözü yol çəkən adamlara -həmin o ittiham olunan qeyri-leqallara yaxınlaşdım. Ilk əvvəl aralarında bir tərpəniş oldu. Mən onun üçün sərnişin, onların təbirincə desək bu günkü çörəkpuluydum. Niyyətimi biləndə isə yenə yerlərinə çəkildilər.

-Necədir, deyəsən, taksiyə minən yoxdur?
Bunu deyəndə , “bu hardan çıxdı” narazı baxışları ilə üzümə baxdılar.
-Əvvəlki kimi deyil, axşama kimi maşında yatırıq. Sərnişin düşəndə sevinirik.
Söhbətə giriş elə-beləcə başlandı.

Jurnalist oldğümü söyləyəndə isə: “Eh, nə yazacaqsan və yazsan nə dəyişəck ki”-dedilər.

-Sarı taksilərin sizə qarşı etirazı və qanunun gündəmə gəlməsindən sonra sənəd məsələsi ortaya çıxıb. Bu gün də şəhərdə reyd var. Nə etdiniz, va ya nə etməyi düşünürsünüz?

İçərilərindən 30-35 yaşlarında olan, özünü Kamran kimi təqdim edəni dilləndi:
-Rayonun polisləri gəlib hamımızı tutub şöbəyə apardı. “Bir daha sizi metronun başında görməyim. Gedin, öz Vətəninizdə möhtəşəm iqamətğahlarınızın qabağında növbəyə durun”-deyib xəbərdarlıq etdi.

Yeri gəlmişkən, taksiçilik -“xaltura” edənlər arasında bu növbə məsələsinə ciddi əməl olunur. Sərnişin olanda kim gəldi götürə bilməz. Hərə öz növbəsini gözləyir.
Karmarın yanındakı yaşca ondan böyük olan kişi isə “bu hökümət nə deyir ki, qeyri-leqal işləmə deyir”-deyib söhbətini belə davam etdiridi.
-Təbii, kim qeyri-leqal işləmək istər ki? Amma işə icazə vərəqəsi üçün gərək günlərlə sürünəsən və sonunda dövlət qoyduğu rüsumdan başqa, “kvota bitdi” bəhanəsi ilə 25-30 min rubl istəyirlər. Və proses bununla bitmir. Maşınını taksi kimi işləməkdən ötəri də lisenziya almalısan ki, bu da elə 20-30 min rubl arasındadır, üstəlik maşının da xarici olmalıdır. Hələ bunun narıncı rənglə rənglənməsi, “şaşki” qoymaq , nə bilim nə qədər “uzundərə” işlərini demirəm.

Yanındakı cavan oğlan: “Bir o qədər pul varmı ki, başlayasan?”-deyə söhbətə qoşuldu. “Ona görə də “qaçaq” taksi kimi işləməyə məcburuq”.

Qanunu yolla və az xərclə bunu etmək mümkündür axı, deməyimə peşiman etdilər məni. Sanki hamısı xorla: “Öz səfirliyimzdə dövlət rüsumu nə qədər olduğunu bilmədiyimiz adi arayışı vaxtında almaq üçün 5-6 min rubl verməyə vadar edirlər, həm də kimə, vasitəçiyə . Siz nədən danışırsınız, ehh”.

-Kamran onu da əlavə etdi ki, aylarla evə pul göndərə bilmirlər, ailədən-uşaqdan uzaq düşüblər. “Vallah bir ğün arvad da dözməyib boşanacaq”.

“Bəlkə şəklinizi çəkim, arvad-uşaq sizi görsun”- deyə gərginliyi azaltmaq və yumşaqca şəkillərini çəkməyə izin vermələrini istədim. Fotoaparat yox, ustlərinə avtomat tuşlanmış kimi hərəsi bir tərəfə dağılışdı. Qarayanız, adına öz aralarında “Yetim” dedikləri biri: “Hə indi siz çəkin, bunları da yazın qoyun internetə, Azərbaycana gedəndə bizi aeroportda götürsünlər. Bizə bu lazım deyil, qoy başımızı girləyək”-deyə acıqlandı.

“Bu zülmü çəkməkdən, belə qorxa-qorxa işləməkdənsə, gedin, Vətəndə işləyin!”- deməyimə də peşıman etdilər məni.
-Harada? Hansı maaşa? Sovet maşınları da qadağan olunub, nəylə?

Adını deməyən ağsaqqalın yorğun körkəmindən bu sozlər oxunurdu: “Çəkdiyimiz bizə yetər, başqa problem istəmirik”. Hətta niyə onların problemləri ilə maraqlandığımdan çaşdıqlarını da gizlətmədilər.

“Mən qanuni işləyin, yaşadığınız ölkənin qanunlarına riayət edin”- demək istəyirəm. Polsilərin “ovu” olmayasınız deyə.
“Rusiya vətəndaşlaığı alanlar heç, amma biz miqrantların hara, kimə muraciət etməyə yerimiz varmı?”-ritorik sualını verdilər.

“Azərbaycanın hansı bölgəsindənsiniz, adınız nədir?”-dediyimdə -“nə fərq edər, xanım, azərbaycanlıqıyq”-dedilər. Sonradan ağsaqqal olanın adının Füzuli olduğunu öyrəndim. Adını daşıdığı torpağı kimi taleyi də dərbədər olan bu adamın susqunluğu və daxilini gəmirən üsyanını içində basdırdığı anlaşılandır, məncə.

Mənə söhbəti yekunlaşdırmağa eyham edirmiş kimi yenə Kamran dilləndi:
-Xanlardan, indiki Göy-Göl rayonundanam. Sürücülükdən başqa sənətim də yoxdur. Nə orada həyatımz var, nə burada. Elə yiyəmiz də yoxdur. Başımızın çarəsini qılmaq özümüzə qalıb. Ona görə dilləndirməyin, bizdən ancaq dərd püskürər dillənəndə.

Mən hələ “sərnişinləri soyur, azərbaycanlı imicini zədələyir bu taksi sürücüləri”-deyə buna da aydınlıq gətirmək istəyəcəkdim.

Amma saatlarla maşında mürgüləyən, “nə ola bir sərnişin düşə, benzin, yemək pulum çıxa ”-deyə bu gənc yaşlarında simasından sanki yüz ilin yorğunluğu yağanlarla indilik ayrılmalı oldum.

Onarladan ayrılanda geri dönub bu günkü bayram munasibəti ilə təbrik etdim. “Nə bayramıdır?””- deyə təəccüblə üzümə baxdılar. “”Müstəqillyimizin, istiqlalımızın bayramı””-dedim.

Təqvimdə günləri unutduran o qədər qayğıları olan bu insanların bayram günlərindən xəbəri yoxdur. Yaddaşlarında məcbur yer edən xüsusi günləri var. Biri ev kirayəsinin verildiyi, ikincisi isə Rusiyada 3 aylıq qeydiyyatları bitdikdən sonra yenidən sərhəd keçməyə məcbur olduqlaı gün. O günlərin yükü nə zamana kimi çiyinlərini qıracaq, kim bilir.

Bunu da onlar dedilər. Ayrılanda təsadüfmüydü ya, qəsdənmi sürücüsü rolun dalında yatan maşından zorla eşidiləcək səslə Eyyub Yaqubov “Kim bilir, qəlbimin ağrısını kim bilir” -oxuyurdu.

Tünzalə Vəliqızı


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir