BAYRAMINIZ MÜBARƏK!


BAYRAMINIZ MÜBARƏK!
Bir bahar da gəldi. Yaralarımızı sağaltmağa, acılarımızı azaltmağa, sabaha ümidimizi artırmağa, arzularımızı çin eləməyə. Xoş gəldi, səfa gətirdi. Gözünüz aydın olsun. Süfrələriniz naz-nemətli, ocağınız hərarətli, tarlalarınız bərəkətli olsun.

Azərbaycanın dilbər guşələri yadınızdan şıxmasın. Rusiyanın geniş çöllərinə Novruz havası gətirməklə bərabər Azərbaycana yardımınızı əsirgəməyin. Oralarda bolluqdur deyib yaxanızı kənara çəkməyin. Burada uşaq bağçalarına, qocalar evinə, veteranlara yardım edirsinizsə nəzir-niyazınız qəbul olsun, amma orada qoyub gəldiklərinizin qocaldığını, evlənib ata-ananızın yanında saxladıqlarınızın onlarla deyil, sizinlə evləndiklərini, əkib qəldiklərinizin cücərdiyini də unutmayın. Kefiniz kök, damağınız çağ olsun.

Böyük şəhərin böyük imkanlarından yararlanın. Muzeylərini, teatrlarını unutmayın. Dördüncü yaşını dolduran “Dərviş” Azərbaycan teatrının tamaşalarına heç olmasa bircə bilet almağı özünüzə borc bilin. Öz qınınızdan çıxmağa çalışın. Bilin ki, Moskva təkcə azərbaycanlıların tədbirlərinin keçirildiyi şəhər deyil, həm də azərbaycanlıların tədbirlərinin keçirildiyi şəhərdir. Bu həqiqəti qəbul elədiyiniz andan etibarən hansısa muasir zəngin həmyerlimizin təşkil elədiyi furşetli məclisə dəvət olunmamağın yaratdığı unudulmuşluq kompleksindən azad olacağınıza əmin olun.

Vəsiqə, tərifnamə mərəzlərindən qurtulmağa çalışın. Sizin vəsiqələrinizin sayı, titullarınızın siyahısı yalnız nadir hallarda getdiyiniz Azərbaycanda mətbuatda və qohum-əqrəbanın yanında nümayişdən başqa bir şeyə yaramır.
İşiniz avand, bayramınız mübarək olsun.

Cəfər Sadıq
21. 03. 2014


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir