BELƏ DƏ ADAM OLAR?


BELƏ DƏ ADAM OLAR?
2012 də tarixə döndü. Amma necə döndü? Nə iz qoyub getdi? Yaxşı nə elədi sağ olsun, lakin bir çox məsələlərdə sonunda böyük sual işarəsi qalan əməllərə də imza atdı keçən il indi dəbdə olan təbirlə.

Dekabrın 18-də ABŞ-ın Konnektikut ştatının Nyutaun (əcaib adı var bu şəhərin—ingiliscə və rusca qarışığı tərcüməsi “Yeni vəba” mənası verir…”taun”un başqa mənasını bilənlər əndişələnməsin, tərcümə orijinallıq iddiasında deyil) şəhərində 27 insanın həyatına nöqtə qoyan məxluqun adı nə olsa bəyənərsiniz?–Adam. Adam Lanza.

Belə də adam olar?

Ağzımızdan-boğazımızdan kəsib “Dunya mədəniyyətinin incisidir” deyə Luvru biz təmir elədik, Fransanı Hitlerin işğalından qurtarmaq üçün Şarl De Qolla biz yardım elədik, Depardye öz ölkəsinin vergi sistemindən qaçıb Napoleonu məğlub edən Rusiyaya pənah gətirdi.
Belə də nankor fransız olar?

Adı Azərbaycanda video, rüşvət, Milli Məclisin deputatı ilə “adyulter”(belə deyək ki, oxuyanlar qızarmasın) qalmaqallarına qarışmış yüksək rütbəli məmur dünya dövlətçilik və diplomatiya təcrübəsinə vurdumduymazlıq üzrə “master-klass” keçir (Bu yerdə xatırladaq ki, Avropanın lider ölkələrindən birinin prezidenti tanışına az faizli kredit verməsi ittihamına görə vəzifəsindən istefa verdi).

Belə də kardinal olar?

Rusiyadakı azərbaycanlıların hamısını bir arabaya yığıb qeydə alınmayan bu atsız arabanın yüyənini yeznəsinə, oğluna, bacıoğluna həvalə etmək istəyən adam yuxarıdakı kardinalın yerinin əsas namizədi kimi sorğu vərəqlərinin başında gəlir.

Belə “qayın”, “ata”, “dayı” olar, amma belə də namizəd olar?

İlin gündəliyini videolarla alt-üst eləyən “hüquqşünas-rektor” ən azından kamera quraşdırmaqda mahir olduğunu isbat edərək, “Qaynana”, “Kompozitor” kimi terminləri yeni çalarlarla üzə çıxarsa da yemək qazanından kənarda qaldığı üçün, türklər demiş, “oyunpozanlıq” elədi. “Qardaşı oğurlanmış” (21-ci yüzilliyin ikinci dekadasının neologizmi, Azərbaycanda tez-tez baş verən “oyunun” bir parçası. Hüquqşünasın iddialarına görə “qardaş” yerinə oyun iştirakşılarının “oğlu”, “qızı”, məxləs, əhli-əyalı ola bilər) bir adamın deputat mandatı üçün 500 min manat verib, ikinci 500 min istənəndə “cırnaması” nədənsə heç müzakirə olunmur. Sonra daha 3 dəfə bu məbləği verib (cəmi 2 milyon manat) mandat ala bilməyəndə “ədalət mübarizi” kimi xaricə qaçması ağılları qarışdırmalıydı bəlkə? Qəribə burasıdır ki, Depardye Rusiyaya gəlir, bizim “mübariz” Fransaya gedir.

Belə də Robin Qud olar?

İnsanların hürriyyəti, azadlığı, sərbəstliyi ilk növbədə onların vicdan azadlığının səviyyəsi ilə müəyyən edilir. Tarixən “vicdan azadlığı” məfhumunun nəyi ehtiva etməsini filosoflardan, psixoloqlardan əvvəl vicdanlı olacaqları az qala aksiom kimi qəbul olunan dindarlardan soruşulub. Otuz ildən çox bütün Qafqaz müsəlmanlarının şeyxülislamına bu sualı verməyə ehtiyac belə qalmadı. Özü inanılmaz səmimiyyətlə etiraf etdi ki, otuz ildir vicdanın nə olduğunu bilmir.

Belə də dindar olar?

Azərbaycanı sarsıdan video qurbanlarından birinin anası jurnalistlə söhbətində qızının işsiz qaldıqdan sonra mədəniyyət nazirindən aldığı təklifi səsləndirir: gəl bir kitabxana verim, fırlat. Sözün nazirin ağzından belə çıxdığına inanmaq çətindir, bu, dərdli ananın evdə eşitməyə alışdığı ifadə ola bilər. Hərçənd bu ev də elmlər doktorunun evidir. Sonralar həmin kitabxananın da dahi Sabirin adını daşıdığını fikirləşəndə dəhşətə dözmək olmur. Kim kimə kimin adını daşıyan mədəniyyət ocağını fırlatdırır?

Bu yerdə sual işarəsini bir rahatladıcı, təskinedici “nida” ilə nöqtələyək ki, kitabxana nazirliyin balansında deyilmiş və nazir də belə sözü deməmişmiş. Yenə şükür!

Video həngaməsinin əks-sədası ortalığı elə qarışdırıb ki, prezident aparatının şöbə müdiri bir ay sonra yerində qalıb-qalmayacağının təlaşını mətbuata gətirir.

Belə də məmur olar?

Moskvada 25 illik qüsursuz fəaliyyətində başçısının yaradıcılıq və yaranmasının yubiley tədbirləri Azərbaycanın mədəniyyət xadimlərinin yubileylərindən çox keçirilən cəmiyyət Mirzə Fətəli Axundovun yubileyinə öz sədrinin yubileyindəkindən 20 dəfə az adam toplayır.

Belə də “kvorum” olar?

Azərbaycanın adını daşıyan cəmiyyət on ilə yaxındır Moskvada azərbaycanca adıyla qəzet buraxır və indiyə qədər əlifbanın dəyişdiyini, kiril əlifbası ilə çap olunmanın cinayət olduğunu qəbul etmir, mədəniyyəti, tarixi təbliğ etmək yerinə ucuz toy elanları və ticari elanlar, ən başlıcası isə “məsafəli” təhsil, institut dəyişmə, “oxumadan” diplom almaqda yardım elanları verir.

Belə də cəmiyyət olar?

Yenises.ru Analitika şöbəsi
(Davamı olacaq)


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir