Belə şey görməmişdik, nə “gözəl” zəmanə gəlib


Belə şey görməmişdik, nə “gözəl” zəmanə gəlib

Belə şey görməmişdik, nə “gözəl” zəmanə gəlib

Niyyətimiz mənzilə, qəfləmiz ünvana gəlib
Belə şey görməmişdik, nə “gözəl” zəmanə gəlib.

Nəhrəmiz ayran verir, “kərə”ni üzsüz buraxır,
Kimin meyli çəkirsə, kitab yazır söz buraxır,
Şoumuz gecə-gündüz efirdən “ulduz” buraxır,
Deyirlər ki, Seyidcahan zooparkda fəğana gəlib
Belə şey görməmişdik, nə “gözəl” zəmanə gəlib.

Nə olsun köksümüzə torpaq adlı yara düşüb
Deyirlər Allahdandır, bəxtimizə qara düşüb,
Baxma ki vətən oğlu vətəndən kənara düşüb,
Köçkünlər ölkəsində villalar meydana gəlib.
Belə şey görməmişdik, nə “gözəl” zəmanə gəlib.

Kim deyir ki, kasıbıq altımızda var xəzinə,
Kəlbəcərin havası, suyu məlhəm, yer xəzinə,
Şuşanın dağlarında çiskin, duman, qar xəzinə,
Qonşu torpaq almayıb, xəstədir dərmanə gəlib
Belə şey görməmişdik, nə “gözəl” zəmanə gəlib.

Harda güzəran tapırıq, o yerə ünvan deyirik,
Tükəzban kərtmən vurur, Tanyalara can deyirik,
Şeytan da namaz qılsa, ona müsəlman deyirik,
Oğru halallıq alir, imansız imana gəlir,
Belə şey görməmişdik, nə “gözəl” zəmanə gəlib.

Çalxalandıqca zaman gör necə tufan eylədi,
Bizləri tərki-vətən, halı-pərişan eylədi,
Zəmanə bir yük oldu, qəddimi kaman eylədi
Dünyanın dərdi, səri elə bil İmrana gəlib
Belə şey görməmişdik, nə “gözəl” zəmanə gəlib.

Ey vətən başın üstə nə duman, nə çən görəydim,
Nə həsrət, nə intizar, nə bir damla qan görəydim,
Boşalan yurdlarımı bir gün gülüstan görəydim
Deyəydilər övladın cənnəti-rizvana gəlib
Şairə yük olmayan başqa bir zəmanə gəlib.


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir