BİR GÜN SƏNİN YANINA ÜRƏK AĞRIMLA GƏLSƏM. . .


BİR GÜN SƏNİN YANINA ÜRƏK AĞRIMLA GƏLSƏM. . .
(ŞAİRƏ AFAQ ŞIXLININ 50 İLLİK YUBİLEYİNƏ)

Ramthanın belə bir sözü var: “İnsanlar yaşayıb öldüyü halda, günəşin daima var olmasının tək səbəbi – günəşin əsla ölümü düşünməməsidir”.

İnsan bir şeyi yetərincə uzun bir sürə düşünürsə bu düşüncənin bir gün mütləq baş verəcəyinə inanmalıdır. İnsan nəyi ürəkdən arzulasa mütləq olacaqdır, çünki o insan maskasının arxasında gizli bir Tanrı var.

Yuxarıdakı eyni fikri təsdiqləyən cümlələri işlətməymin ayrı bir səbəbi var. Bu sözlər iyun ayının 25-də əlli illiyini qeyd edəcəyimiz, sevilən şairəmiz Afaq Şıxlı ilə birbaşa əlaqəlidir. Afaq Şıxlı öz arzu və düşüncələrinin övladıdır desəm, yəqin ki, yanlış olmaz.

Hər təsadüfdə bir zərurət var deyənlər əsla yanılmırlar. Sonralar fərqinə varacaqdım ki, Afaq xanımla tanışlığımız təsadüfü də olsa təsadüf deyilmiş.

Afaq xanımla internet tanışlığımız 2011-ci ildə başlayacaqdı. Zatən tanışlığımızdan öncə də onun mətbuatda çox fəal olduğunun fərqinə varmış, imzasını tanımışdım. Hələ o zamanlar Afaq Şıxlı şeirlərinin heyranları çox idi. Nə də olsa, Nizami Gəncəvi yadigarı Afaq adında bir şairanəlik, bir çəkim və cazibə var.

Afaq xanımla ilk görüşümüz Marina Svetayevanın ev müzeyində keçirilən imza günümdə olacaqdı. Bu, o zaman idi ki, Moskvada “Vmesto pisma” kitabım yenicə yayınlanmışdı. 2012-ci ilin fevral ayında Moskvada bu ktabla bağlı təşkil olunmuş imza günlərində iştirak edəcək, eyni zamanda həmin kitabın əsas tərcüməçilərindən biri olan rəhmətlik, Rusyanın ən önəmli şairlərindən biri olan Yuri Kuznetsova həsr edilmiş konfransa qatılacaqdım. Afaq Şıxlı həm rəsmi hissədəki mükəmməl çıxışı ilə, həm də imza günü şərəfinə təşkil olunmuş ziyafətdə pianoda çaldığı musiqilərlə ziyafətin əksəriyyətini təşkil edən rus şair və oxucularını heyran edəcək və məni yetərincə qürurlandıracaqdı. Bir sonrakı gün Moskva Millətlər evindəki görüşümdə də mükəmməl çıxışıyla hamının rəğbətini qazanacaqdı. Onun çıxışlarında və şeir oxunuşlarında elə qarşısıalınmaz bir enerji vardı ki!!

Bizi bir-birimizə qürbət yaxınlaşdırdı, desəm yanlış olmaz. Qürbətin nə olduğunu ancaq qürbətdə yaşayanlar bilir. Afaq xanımla biz eyni qürbət qədərini paylaşırıq. Amma bir fərqlə, mənim yaşadığım Türkiyə qardaş qürbətdir, Afaq xanımınkı isə yoldaş (tovariş) qürbət. Vətənin gülünün, çiçəyinin yox, hətta ayağa dəyən daşının da aurası bir başqadır. O auradan uzaqda yaşa görüm necə yaşayırsan! Gürbətdə çəkilən çiləllərdən yaz görüm necə yazırsan!

Vətəndə yüz adamdan biri olub qürbətdə milyonların içində əriməyin insana nə çəkdirdiyini başıma gəldiyimdən yaxşı bilirəm. Bütün bu olumsuzluqlara baxmayaraq öz yolunu tutub getməyi bacarmaq əzmin zəfəri kimi qəbul edilməlidir. Baratınski deyirdi ki, istedad bir tanrı görəvidir, onu yerinə yetirmək istedadlı adamın boynunun borcudur. Bütün sıxıntılara baxmayaraq, Afaq xanım Tanrı görəvini ləyaqətlə yerinə yetirməyi bacaran şairimizdir.

Afaq xanımın qandan gələn vergili bir taleyi var. O, şıx qızıdır, Şıxlı nəslindədir. Alqışları da keçərlidir, qarğışları da. Tale oxumağı var desəm də yanlış olmaz. Dəfələrlə sınamışam ki, söylədikləri bir gün mütləq başagələn olur.

Bir sirri də deyim, əgər Afaq xanim sidq urəklə sizə bir miqdar pul versə və siz də o pulu xərcləməyib cüzdaninizda saxlasaniz, o pul mütləq pul gətirəcək. Onunla dostluq etsəniz, uğurlar sizi izləyəcəkdir. Bu, haradan gəlir, necə olur – bu ayrı bir mövzudur. Və ətrafınızda dönüb dolanan bu uğura özünüz də çaşıb qalacaqsınız.

Evinin qapları dünyanın çeşitli yerlərindən gələnlərə açıqdır. O, Moskvada sözün tam anlamda Turk duyasinin kultur elcisidir. Onda qarşısıalınmaz vətən sevgisi ilə heyrətamiz və tükənməz poeziya sevgisi birləşir. Orta məktəbi qızıl medalla, Tibb unversitetini fərqlənmə diplomu ilə bitirməsinə, və sonralar, əl-qolunu bağlayan məişət qayğılarına baxmayaraq, yaşın qırxsəkkizində M.Qorki adına Ədəbiyyat institutunun Ali Ədəblyyat kurslarında da oxumaq, oranı sıradan bir ədəbiyyat adamı kimi yox, həm də çeşitli millət təmsilçilərinin arasında kursu fərqlənmə diplomu ilə bitirmək Afaq xanımın həyatda fərqli bir insan olmasının təsdiqidir.

2012-ci ildəki ilk görüşlərimizdə içimdən keçən fikirləri burada da təkrarlamağı uyğun bilirəm. Afaq xanım həqiqətən hər yönü ilə istedadlı adamdır.

Çox istedadlı həkim olduğu Tibb universitetini fərqlənmə diplomu ilə bitirməsindən bilinir. Hazırda həkim kimi çalışmasa da, Afaq xanımı tanıyanlar hələ bu gün də ona müraciət edirlər.

Mart ayında Afaq Şıxlının layihə müllifi olduğu “Həkimlərin söz dünyası” adlı möhtəşəm bir toplunun ikinci hissəsi də işıq üzü gördü. Bu layihənin ona yuxuda qeybdən gələb bir səsin dediyini bütün həkim-yazarlar bilirlər. Göründüyü kimi, Afaq xanımın ürəyi də, zehni-düşüncəsi də təbabəti poeziyadan bir an belə ayırmır.

Bir sahədə istedadlı olan adam, istəsə həyatın hər sahəsində uğur qazana bilər. Afaq xanım şübhəsiz yetənəkli pianoçu, bəstəkar, yaxud mükəmməl bir müğənni, ya da əvəzsiz qiraət ustası (hətta buraya rəssamlığını da əlavə etmək mümkündür) ola bilərdi. Amma o taleyinin yardımı ilə şair oldu, həm də sevilən, təqdirəlayiq bir şair!

Bütün bu vurğuladığım istədiyim işlərə necə vaxt tapır, anlaşılacaq deyil. Mən sonralar fərq edəcəkdim ki, Afaq xanım internet paylaşımlarını, məktublara cavabını gecənin gec saatlarında, hətta sabahayaxın edir. Bir dəfə bunun səbəbini soruşanda dedi ki, Məmməd müəllim, mənim özümə ayırdığım vaxt, mənim iş saatlarım – ev-ailə işlərindən, problemlərindən, övlad, nəvə qayğılarından ancaq bu işləri yoluna qoyduqdan, evdə hər kəs yatdıqdan sonra başlayır. Bu acı həqiqəti eşitdikdən sonra, gizləmirəm, həm ürəyim ağrıdı, həm də bir Adəm övladının özünütəsdiq canatımına heyran qaldım. Bunun yalnız bir adı var – əzmin zəfəri!

Doğulub böyüdüyü Bakıdan, yay aylarında valideyinlərinin doğulub böyüdükləri Qazax toprağı arasındakı gediş-gəlişlər Afaq Şıxlıya şəhərdə şəhərli, kənddə kəndli olmağı öyrətmişdir. Bəlkə bu səbəbdəndir ki, sözü belə əyib bükməyi, sıxıb şirəsini çıxarmağı bacarır. Şairəyə qürbət xəyallarının dayanacaq yeri olan vətən sevdalısı, uzun qış gecələrinin şairi desək yəqin yanlış olmaz!

Bu yubiley təbriki yazısında onun şeirlərini incələmək istəmədim. Çünki haqqında deyiləcək sözlərim çoxdu. Amma tərəddüd etmədən deyə bilərəm ki, onun qürbətdə yazılan bütün əsərləri vətən həsrətiylə yazılıb. Və əgər onun şeirlərinin yazılma məkanlarını bəlirləmək istəsək, əsərlərinin altına “”Vətən-qürbət arası” qeydini həkk etmək doğru olardı.

Azərbaycan ədəbi ortamından uzaqda bozbulanlıq bulutları 6-7 ay enib-enib yerlə süründüyü, göy başından yer ayağından sıxdığı, hər addımından ögeylik yağan, evlərə girən televiziyaları, küçə və meydanları dolduran yad dilin yad danışıqları arasında dimdik ayaqda qalmaq, Anadolu türkləri demiş “hər baba igidin işi deyil”.

Sovet dövründə Moskvada yaşamaq tərcümə və çap baxımından bəlkə böyük bir şans idi. Hər şeyin açıq-aşkar şəkildə alınıb satıldığı sonrası dönəm isə Moskva hətta Rusiya vilayətlərindən gələn rusların özləri üçün yaddan yad bir şəhərdir, o ki, qalmış Azərbaycandan gələn biri olasan. Qəribin qürbət taleyi vətənlə qürbət arasında keçir. Qürbətdə yaşasa da fikri, zikri vətəndədir. Amma fikrinin, zikrinin olduğu vətəndə hətta ögeylər yox, doğmalar da yad olursa, onda necə?
BİR GÜN SƏNİN YANINA ÜRƏK AĞRIMLA GƏLSƏM. . .
İndi Azərbaycan ədəbiyyatının yeni nəsilləri üçün dəstəbazlıq hardasa aparıcı meylə çevrilib. Redaksiyaların çevrəsində hər gün dönüb dolanmalı, özünü, sözünü xatırlatmalısan. Bax, belə bir şansı olmayan qürbət yaradıcı şəxsləri isə aranda tutdan, dağda quruddan olmaqdadır. Afaq xanım kimi yazarların bu zor şərtlər altında qazandığı ədəbi uğurlar mənimçün birilərinin vətəndə qazandıqları uğurdan birə beş qat dəyərlidir.

Afaq Şıxlı Azərbaycan, Rusiya və Avrasya (Türkiyə) Yazarlar Birliklərinin üzvü, Rusiya Poeziya Akademiyasının müxbir üzvüdür. Çox sayda şeir, hekayə, məqalələrin və eyni zamanda Rus və Türk Dünyası ədəbiyyatlarından etmiş olduğu tərcümələri ilə də məşhurdur. Əsərləri Türk, Rus, İngilis, Fransız, Yapon, Özbek, Tatar, Tuva və digər dillərə çevrilmişdir. İndiyə qədər on kitabı yayınlanmışdır.

Yaradıcılığı Türk Akademi Şeir Ailəsinin Onur bəlgəsi, Ümumrusiya Azərbaycan Kongresinin diplomu, Azərbaycan Yazıçılar Birliyinin M. Müşfiq mükafatı, Dədə Qorqud Vəqfinin “”Mehriban Ana” medalı, Şahmar Əkbərzadə beynəlxalq ədəbiyyat mükafatı ilə dəyərləndirilmişdşir.

Ömrünün ən gözəl çağlarını yaşayan sevimli şairimizi canı könüldən təbrik edir, ona uzun ömür, can sağlığı və böyük yaradıcılıq uğurları arzu edir və şairənin yeni şeirlərindən birini sizə təqdim edirəm!

Məmməd İsmayıl,
Şair, Türkiyənin Çanaqqala Universitetinin professoru.

GƏLSƏM…

Bir gün sənin yanına
Ürək ağrımla gəlsəm,
Perikmiş arzularım,
Yanıq bağrımla gəlsəm,

Gəlsəm, payıma düşən
Qaçılmaz qismətimlə,
Tanınmamış adımla,
Talesiz ismətimlə,

Yorulmuş ayaqlarım,
Yomrulmuş yollarımla,
Qürbətlərin qəribi
Nisgil adlı yarımla,

Ərimiş istəklərim,
Donmuş ümidlərimlə,
Dilimdə düyünlənən
“”Ehey, Allah kərim””lə…

Qəbul eləyərmisən,
Yol alım göyə, Tanrım?
…Sənə doğru gəlirəm
Üzü küləyə,Tanrım!


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir