Bir Şəhid babasının ayaqqabısı


Bir Şəhid  babasının ayaqqabısı
Dünyanın min dürlü halından yazır, problemləri gündəmə gətirir adıyla, bəlkə də daha çox adımızın gündəmə daşınması qayğısına qalırıq. Dünən facebook-da tələbə yoldaşım bir status yazmışdı. Özünə baş redaktor deyən sayt rəhbərlərinə sərlövhədə səhv etməyi irad tuturdu. Moskvada qəzet açıb, sonra onu internet məkanına daşımaqda məqsədim nə qazanc olub, nə də özümə baş redaktor dedirtmək istəyi. O statusu ona görə misal gətridim ki, bəzən mən də belə səhvlərə yol verirəm. Amma saytı sadəcə bir həvəskar təcrübəsi kimi işlətdiyimi nəzərə alın desəm də, belə səhvlərə yol vermək iddiamızla tərs mütənasib olduğu üçün onun dediyini haqlı qəbul edirəm. Təbii ki, öz adıma.

Bu dünyada hər başarının bir insan əməyindən keçməsiylə yanaşı, başqa təkanlarla da yüksələcəyini çoxdan fərq etdiyimdən, sadəcə gücüm çatan qədər içimin ağrısını, yanğısını dinləndirmişəm yazılarımla.

Bu da mənim rahatlandığım, bir az olsa acısını paylaşıb, yananların yanğısına azacıq su səpməklə özümü sakitləşdirdiyim yer olub. Amma bəzən bir acıya göz yaşıyla yuyulub təmizlənmiş nəmli, qəmli sözlə də təsəlli olmaq olmur. Adamın içindəki yanğını sakitləşdirməyə sözun gücü çatmır, çox vaxt.

Bu şəkildəki ayaqqabıların sahibinə deyə bilməyəcəyim söz kimi. Türkiyədə bu gün şəhid olan əsgərin əkinçi atasının ayaqqabısıdır bu. Yıldırım Kuzucuların atası Kazım kişinin. Ayaqqabısının halına ağlanacaq bu adama bir də oğul acısı yaşadan, dünya!

Deyirlər -“Dost başa baxar, düşmən ayağa”. Dostu bu ayaqqabıların sahibinin ayağına baxmağa vadar edən də düşməndir.

Bu gün Türkiyədə torpağa verilən şəhid Yıldırım Kuzucuların atası Kazım kişinin ayağındakı ayaqqabılar! Qəhrəman oğul böyütdüyü uçün millətinə qurur yaşadan babaya utanc gətirən ayyaqabı! İqtisadiyyatı dünya iqtisadiyyatına meydan oxuyan Türkiyədə sinəsini düşmənə sipər edən oğul yetişdirən şəhid babasının ayaqqabısı!

Dili olsa da, o ayyaqabı sahibinin nələr çəkdiyi anlatsa. Geyilməkdən üzülən ayaqqabı dilsiz də anladır. Rəngsiz, solğun, nimdaş üzü ilə. Hələ hər şeyin onun üzü kimi beləcə yirtıq-sökuk olduğunu göstərir.

Dünyaya meydan oxumaqla deyil, sənin dünyaya meydan oxumağına dil verən, “Şəhidlər ölməz” dediyin Vətənində bir də o gəncin babasının cırıq ayaqqabısına, kasıb komasına bax! Qapısına bayraq asanda kasıb olduğu uçun utanan, oturmaq üçün sənin altına verməyə bir kətil tapmayan vətəndaşına bax!

O acınacaqlı ailələrinin hamısının durumunu bax beləcə acınacaqlı gördüm. Müharibələr bir gerçəkliyi ortaya qoydu. Hər şəhid ailəsininin evini kasıb, ana-babasını isə fağır! Bunu görmək gənc yaşında torpağa verilən gəncin acısının üstünə acı gətirəndir.

Torpaq ayağında bir cüt ayaqqabı tapmayan kasıb balasınındırmı? Vətəni qorumaq onlarınmı alın yazısıdır? Onların qoruduğu vətəndə arxalarında qoyduğu ailəsi belə zillətlə yaşayırsa …

Bu vətənin nemətləri, sərvətləri ilə bəslənib, özəl məktəblərdə oxuyub, özəl dayələri başlarında pərvanə olan, xarici ölkələrdə təhsil alanların babalarının ayaqqabısı ilə müqayisə edin bir də bu ayaqqabını.

Tünzalə Vəliqızı, Moskva
09.08.2012


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir