Bizdən heç getməyən Şuşa!!!


Yenə bizdəsən!

Öylə sərməstəm ki, idrak etməzəm dünya nədir,
Mən kıməm, saqi olan kimdir, meyü səhba nədir.

Və bu gün bir də halım

Məndə Məcnundan füzun aşiqlik istedadı var,
Aşiqi sadiq mənəm, Məcnunun ancaq adı var.

M. Füzuli beytlərində ehtiva edən halımın tərcümanı olan dil-dil ötən dilim tutulub.

Bu gün dilin funksiyasına gözlər yardımçıdır. Həsrətdən gözü tutulmuş bulaq kimi qaynayır. Axır. Axır… Boğazımda bir udum sevinc hıçqırığa dönür.

Yazında qış yaşadılan bu yerlər haqqında yazılarımın payızında yazı gəlib. Ona görə fikrilərim rabitəsiz, cümlələrim nizamsızdır. Bunu yaşadığım, bizə yaşadılan hissə bağışlayın!

Bizdən getməyən, bizdə bitməyən bizdə itməz!

Vətən sevdası, sevdaların ölçüsüzüdür! Dilin söz tutmaz, əlifin çaşar mövzu o olunca…

Türkiyə türklərinin leksikonunda belə bir ifadə var. Gözdəsi olmaq. Hər kəsin gözü üzərində-seçkin, istənilən, unikal biri anlamında işlənir. Qarabağın gözdəsi. Azərbaycanın həssas yeri, musiqisinin sarı simi… Şuru, bəstəsi, zənguləsi, şikəstəsi….

İnsanı güclü edən onun zəifidir! Zəif əslində kövrək, ürkək, məsum, saf, ən mərhəm yerə qoyduğun-toxunulmazın deməkdir. Qırmızı xəttin.

Qarabağın, bütün Azərbaycanın Qırmızı xətti. Ayrı-seçkilik deyil. Sadəcə Azərbaycan tablosunda Qarabağın “QARA Kvadrat” rəsmi anlamında ən müqəddəs yerdə bərqərar olmasındandır, ya hansısa mistik qüvvənin bizə məlum olmayan gücündəndir ki, ayağı dəyən, dəyməyən, görən, görməyən aşiqdi SƏNƏ. Qadının kişi, kişinin qadın, ananın-atanın övlad, övladların ata-ana, yar sevdasıydın hər zaman ürəklərdə.

“Şuşasız Azərbaycan yarımçıqdır!”-milyonların ürəyindəkini dilləndirən Ali Baş komandanın dediyi ölçüdə…

Fikrimi qarışdırmısan, ŞUŞAM. Qarış -qarış ölçürəm düşüncələrimi. Dumanın, sisin də gözəldir. Cıdırın, düzün də. Sal qayaların, keçilməz meşələrin, buz bulaqların. Ən zirvədə olan taxtın. Ən şıltaq olan baxtın!

Ağlamışdıq yana-yana. Ərimgəldi qayasında həsrətinə qırov düşən gəlininə ağlamşdıq. “GƏLİN, artıq”-deyə xarını gözlərinin kökündəki sarıdan alan Xaribülbülunə ağlamışdıq.

Ağlamışdıq- “Səni aldığı üçün sinəsində “medalları halay çəkən” düşmənin rişxəndinə…. “. Bunlardan söz açmayacam. Geridə qaldı. Bu dəfə gerisində qaldığımız tarixin zamanın saatında Şuşa vaxtıdır!

Bəzən saatlar zamanı deyil, kimin zamanı olduğunu göstərər.

Azərbayacn kişisinin başına papaq qoymaq haqqını verən Papaqlı kişilər! Bu millətin alnındakı xəcalət tərini sevinc tumurcuqlarına çevirənlər, ümidin üzülmüş saplağını gövdəsindən qopmağa qoymayanlar, oğullarının şəhidliyinə mübarək toy deyənlər, Qarabağı düşmən üçün qara taxta döndərənlər, dumanı, sisi özü olub Şuşanın başına dolananlar, sıldırım qayaları dırnaqları ilə qalxıb əllərinin qanı ilə tarix yazanlar….

Bu günün gələcəyinə şübhə etməyən, etdirməyən, səbrinin sərhəddi “gec olar, güc olar”a hesablanan zərgər siyasəti ilə Ata vəsiyətini Ali andı edib Alnı açıq Atasının qəbrinə gedən, uğrunda baş qoyduqları torpaqlarda narahat uyuyan əsgərlərinə ruhunun rahatlığı QƏLƏBƏ xəbərini birinci onlara ərməğan edən…

Zamanın saatında Azərbaycan vaxtı, Şuşa vaxtıylə….

“Sənə nə küçə, nə dalan bağışlayıram. Sənə sevdasına canını fəda etdiyin məmləkətin Qələbə müjdəsini ərməğan edirəm!”

Radio dirəklərini titrədən səsdən daha möhtəşəm bir səs! Dağüstü parkdan öncə bu qələbəni haqq edən əsgərinə və arxasında duran xalqına verdiyi xəbərlə bir İLKə imza atdı, tarixin bir yeni səhifəsini çevirdi.

Qarabağ Azərbaycandır- NİDAsiyla siyasətdəki bütün nöqtələrin üstünə bayrağın dirəyini sancıb “NİDA” dedi.

Bizdən heç getməyən Şuşa, Yenə Bizdəsən!!!

Tünzalə Vəliqızı, Moskva
08.11.2020


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir