HÜRRİYYƏT ŞAİRİMİZ SABİR-158


Bu gün böyük Azərbaycan şairi Mirzə Ələkbər Sabirin 158 -ci doğum günüdür. Millətimizin cahilliyindən ürəyi vərəmləyən, gülüşün içində göz yaşı qan sel olan şair-vətəndaş…

Nə zaman ki Sabir aktuallığını itirəcək,o zaman dəxi bizdən adam olacaq bir millət kimi. Çünki bu möhtərəm və böyük Şair yazırdı ki,xalq cahilliyin daşını atsın, elm və irfan sahibi olsun!

Hələliksə düzəlməklə işimiz yox,bu böyük şairin satiraları nə yazıq ki aktualdır və nə qədər acıdır ki ,hər kəs bunları oxuduqca çox böyük feyzlə:”halal olsun, Kişi elə bil bu günümüz üçün yazıb” deyib alimanə şəkildə başını bulayır.Yəni 2020- ci ildə yaşamağımıza baxmayaraq hələ də XX əsrin əvvəllərindəki cahil zehniyyətimizlə “fəxr” edirik!

Heç yadımdan çlxmaz onuncu sinifdə Sabirdən inşa yazmalı idik. Bununla bağlı sinifdən xaric çoxlu ədəbiyyat oxumuşdum. Rəhmətlik Abbas Zamanovun “Sabir bu gün” kitabını oxumuşdum, dil -ədəbiyyat müəlliməmizə “qəribə” sual verdim, gözləmirdi. Dedim ki, axı Sabir bu gün bizim nəyimizə lazımdır, o cəhaləti qamçılayır, biz də cəhalətsiz olaq, kitab da olsun “Sabir dünən”. Rəhmətlik Zeynəb müəllimənin dodaqlarına qəribə xoş bir gülüş qondu və “doğru sözə nə deyim ki” cavabını verdi. Yəni
bizim dünənimiz indimiz olmamalı heç bir zaman. Tərs gələn nə varsa zamanında imtina etməyi bacarmalıyıq. Nə ədəbi, nə siyasi şəxsiyyətlər, nə də onların fikirləri yanlışcasına bütləşdirilməməlidir.Çox təəssüf ki, günümüzdə belə Sabir satira, sarkazm şairi kimi tanıdılır. Halbuki Sabirin “ Hophopnamə”sinə baxanda oradan elə bir hürriyyət havası gəlir ki, adam əməlli başlı heyrət içində qalır:
HÜRRİYYƏT ŞAİRİMİZ SABİR-158
Kim ki, insanı sevər, aşiqi-hürriyət olur,
Bəli, hürriyyət olan yerdə də insanlıq olur!

Təkcə bu misraların işığında böyük bir fəxrlə demək olar ki, hürriyyətpərvər Şair olaraq Türkiyə üçün Namık Kemal kimsə bizim üçün də Sabir odur!

Sabirin qələmi, ruhu, təmiz vicdanı yalnız və yaınız hürriyyətdən yoğrulmuşdur, bu üzdən o qaranlığı, cəhaləti sevmirdi, xalqı geriyə salan bütün qüsur və nöqsanlara, rüşvətxor dövlət rəhbərləri olan şahlara, məmurlara, mədəsini xalqın cəhalətindən sui -istifadə edərək dolduran, onların pullarını öz ciblərinə çevirən yekəqarın, həzrəti -mədə olan din xadimlərinə, mollalara qarşı ölümünə mübarizə aparırdı. Bu mübarizədə Sabir təmənnasız idi, fədai idi, ona atılan çamurlara dözürdü ki,
dözürdü. Belə olmasaydı öz zamanının önündə gedən bu Nəhəng İnsan deməzdi ki:

Ey dilbəri-hürriyyət, olandan bəri aşiq
Könlüm sənə, çarpışmadadır ruzi-şəb ilə!
Derlərsə əgər işbu səbəbdən mənə fasiq,
Pək müftəxirəm mən də bu ali ləqəb ilə!

Və yaxud, da başqa bir hürriyyətpərvər şairimiz olan Məhəmməd Hadi qaranlıqları aydınlatmağın necə möhtəşəm missiya olduğunu bu cür gerçəkcəsinə, gözəlcəsinə izhar etməzdi:

Bəxtim kimi olsun kəfənim, yəni, siyəhnak,
Heykəl diləməm, heykəli-qəbrimdir o əflak,
Millət işıq olsun, məni udsun bu siyəh xak,
Ancaq dilərəm, qövmim ola sahibi-idrak.
İdrakı olanlar məni sonra qanacaqdır,
Bir qövmü dirildən də cahanda qalacaqdır.

Bu fikirlərin işığında bu gün Sabirin satira və sarkazmını “ çörək ağacına” çevirib biz düzələn zad deyilik deyib milli natamamlıq kompleksinə rəvac verən ədəbiyyat, elm adamlarının topluma vurduğu zərərin miqyasını ölçməkdə qələm acizdir. Ədəbiyyatda belə bur deyim var: cahil birini yıxar, alim minini. Nə yazıqlar olsun ki, Sabir,Mirzə Cəlil, M.F. Axundov cəbhəsində alimlərimizin əksəriyyətinin qələmi bu istiqamətdə külüng çalmışdır illərcə. Təbii Abbas Zamanov kimi vicdanınl qələminə çevirib, Sabir yaradıclığının ən işıqlı tərəflərini hələ Sovet dönəmində topluma aşılayan əsl Alim əxlaq sahibləri istisnadır. Sovet senzurasının dar qəlibləri mühitində bacardığı qədər gerçəkləri dilə gətirmək, bəzən Ezop diliylə Sabirin hürriyyətpərvər fikirlərini hayqırmaq heç də asan deyildi. İşıqlar içində yatsın dəyərli alimimiz Abbas Zamanov- bu mənada onun haqqı ödənməz bir əməyi , rolu vardır.

Nazim Hikmət Bakıya ilk gəlişində təkbaşına gedir Məhəmməd Füzulinin heykəli önünə və Füzliyə xitabən deyir ki:- Aleyküm salam Ustad!

Yaşadığı ağır, məmur rüşvətxorluğunun ən acı, ürək parçalayan dramının ifadəsi olan “ “Şikayətnaməsi”ində Füzulunin dilə gətirdiyi: “Salam verdim rüşvət deyildiir deyə almadılar” fəryadına 400 il sonra Onun salamını Nazim Hikmət beləsinə alaraq tariximizə, ədəbiyyatımıza dərs vermişdir.

Könül istərdi ki , günün birində biz də xalq, millət olaraq Sabirin şiddətlə qınadığı orta əsr feodal buxovlarının yaratdığı, elmə, maarifə qandal vuran, dəvəquşu kimi başımızı qumlara soxub qeyrət davası döyən zehniyyətdən xilas olaq, onun hürriyyət ideallarını mənimsəyək, ədalət olan toplumda yaşayaq, var olaq. Nazim Hikmət sayağı duraq Sabirin heykəli önündə və könül açıqlığı, asudəliklə deyək ki: Ey Ulu Sabir, Sənin “ Kim nə deyər bizdə olan qeyrətə, qeyrətimiz bəllidir hər millətə” sözlərin artıq satira, lağ obyekti olmaqdan çıxdı. İndi bizim qeyrətimiz xalqın canını, qanını soran onu soğan qabığına döndərən rüşvətxor məmur ordusundan, xalqını ac,susuz, məktəbsiz qoyub itinə,pişiyinə, madmuazellərinə sel kimi pul axıdan intiligent kimi görünən milyonçulardan ibarət deyildir. Artıq qeyrətimiz ölənədək hürr və məsud yaşayacağımız məmləkətimizdir, elmin, texnikanın ən son nailiyyətlərini mənimsəyən zehniyyətimizdir, ac görəndə doyuran, məzlumun alın tərindən qazandığı pullarla tox görəndə quyruq bulamayan “Mərdə şirin, namərdə acı, Məzlumların haqqı üstə əsər, Zalimləri qılınc təkin kəsər” (Şəhriyardan iqtibas-M.İ.) olan bir Yurdun vətəndaşlarıyıq…

O zaman Sabirin ruhu şad olacaq, məzarında güllər bitəcək!
Döğum günün mübarək olsun, Ey bizim Hürriyyət Şairimiz!

Məhəmməd İSRAFİLOĞLU
30.05.2020


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir