BU AT BİZİ ÇAPDI GETDİ


YAŞAR SÜLEYMANLI

Ümüd etdik at ilinə, muratdır,
Dedik bundan sonra işlər babatdır,
Göz açmadan görək bu at nə atdır,
Bu at bizi çapdı getdi ay Allah.

Şahə qalxdı, dəli kimi kişnədi,
Ha neylədik bir kəməndə düşmədi,
Ümüdləri, arzuları dişlədi,
Bu at bizi çapdı getdi ay Allah.

Qəzəbləndi, yüyənini çeynədi,
Ram olmadı, kim çalışdı, neynədi,
Buraxmadı bizdə taqət, hey nədi,
Bu at bizi çapdı getdi ay Allah.

Nə oğullar yəhərindən saldı bax,
Çapdı getdi, viranələr qaldı bax,
Bir ili də bizdən belə aldı bax,
Bu at bizi çapdı getdi ay Allah.

Qoydu qazanc istəyənə bir yalı,
Əvəzində bərbad etdi xoş halı,
Ömrümüzə yamaq vurub dörd nalı,
Bu at bizi çapdı getdi ay Allah.

Satdı görən xəyalları neçəyə?
At, at dedik, dəyməz imiş beçəyə,
Möhtac qoyub axır qotur keçiyə,
Bu at bizi çapdı getdi ay Allah,
Bu at bizi çapdı getdi ay Allah…
30.12.2014
Moskva


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir