BU DÜNYA BİZİM YOX SƏNİNDİ, ALLAH!


BU DÜNYA BİZİM YOX SƏNİNDİ, ALLAH!
Məmməd İsmayıl

BU DÜNYA BİZİM YOX SƏNİNDİ, ALLAH!

Belə yaşamağın varmı lüzumu,
Varı yoxa çıxıb, yoxu vardadı…
Dünya içi düşən güz qarpızımı
Allahım, dünyanın ruhu hardadı?

Yoxun varlığı var, varın yoxluğu
Nə candan keçən var, nə varlarından.
Şeytan əlindəmi iynə ki, ruhu
Çəkib yer üzünün damarlarından?!

Türkün ruhu vardı, rusun “dux”u,
Nə bunda ruh qalıb, nə onda “dux” var.
Bu dünya tərsinə yozulan yuxu,
Var olan hər daşın altında yox var…

Yerlərin, göylərin ən dərin yeri,
Bizə gizli qalan sirri hardadır?
İnsan ürəyisə kədərin yeri
Bəs onda sevincin yeri hardadı?

Ayağa bənzəyən bu necə başdı
Nədən ayaqlar da baş oldu, Allah?!
Özün yaratmışdın, daş elə daşdı
Niyə ürəklər də daş oldu, Allah.

Nədir içimizə saldığın bu şək,
Şərəmi yenildi qoyduğun qayda?
Əgər istəmirsən pis yola düşək,
Tanrım, ruhumuzu bizlərə qaytar…

Qönçəsi gül olsun, gülü ərköyün,
Yenə əvvəlki tək gətir yazları.
Qaytar varlığına yer ilə göyün
Qəhətə çəkilən ehtirasları…

Hiss, həyəcan payla yenə ilklərə
Yenə baxtsızlara baxt ver, Allahım.
Ruhları tükənib ruh ver türklərə,
Bir az da ruslara “dux” ver, Allahım!

Suallar içində boğulur bəndə
Özü də bilmir ki, nə bəs çatışmır.
Camurdan yoğurub adam edəndə
Adəmə verdiyin nəfəs çatışmır…

Verdiyin nə idi, nədir aldığın
Nəyi bölüşürsən sən indi,Allah?
Bəlkə unutmusan ruhdan saldığın
Bu dünya bizim yox, sənindi,Allah!

21.04.2012
Çanakkale


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir