Bu gün onun…


Bu gün onun...
Bəzi insanlar var ki, bir də ölən gün yenidən doğulurlar. Bir ailədə doğulub kiçik bir ortam üçün gəlişi bayram olan insanların hamı üçün doğulub kəşf olunduğu günlər olur. O qəbildən olan insanlardan olmaq üçün bir də əməlinlə doğulmalısan. Təkrar-təkrar və yenidən.

Bu gün onun dögum günüdür! O, bu tarixdən başqa bir də nə zaman doğuldu bizim üçün? Bütün Azərbaycan üçün? Indi mikrofonunu kimlərəsə uzadıb soruşsan, hamıdan fəqrli tarix və ya hadisə ilə bağlı cavab ala bilərsən, lakin nəticə eyni olacaq. Biri üçün “Qarabağa getmək istəyən sabah…. gəlsin” çağırışında, biri üçün Laçının işgal olundugu zaman yorgun və xırıltılı səslə “Hamınız qorxaqsınız”-deyə repartyorluq deyil, komandirlik etdiyi vaxt, biri üçün Xocalıda öldürülmüş qocaya, qadina, uşağa hönkür-hönkür ağlayıb “Ay Allah” fəryadı edəndə… Onun həyatında özünün iştirakı ilə özünün çəkdiyiklərindən çıxan çox misallar var.

Əslində tarix olaraq bu günləri yadda saxlaya bilməyənlər, hadisə- əməl olaraq və bir də onu kadrlarında heç unutmadılar. Uzun illər keçsə belə. Hətta neçə belə illər keçəcək , amma Çingiz Mustafayev adı çəkiləndə ilk əvvəl sadəcə onun kadrları göz önünə gələcək. Əməlini adının üsündə yazdıran və göstərənlərdən idi, O!

Heç xatirə yazanlardan deyiləm. Xatirə yazmaq həmdə xatırladığın insanın kölgəsində özünü xatırlatmaq kimi gəlir mənə. Həm də mənim üçün xatırə bir ömrün sonunda gəncləri başına yığıb ötənlərdən, keçənlərdən, yaddaşında ilişib qalanlardan danışmaqdır. Bir çoxları kimi mənim onunla şəxsi tanışlığım və ünsiyyətim olmadığını nəzərə alsaq, onun haqqında xatirə danışmaq haqqım belə yoxdur. Ona görə onunla bağlı olan xatirələrim əsərini oxuyub təsirləndiyimiz və sevdiyimiz müəllifə duyduğumuz hissdən doğan “xatirdə qalma” timsallı olacaq.

Məni onunla sənətim görüşdürdü. Bakı Dövlət Universitetinin jurnalistika fakültəsində diplom işim “Çingiz Mustafayev yaradıcılığında operator və jurnalist sənətinin vəhdəti” mövzusunda idi. Mən onun yaradıcılığını təhlil etməklə bu iki sənəti bir araya gətirən və mikrafonla kamerani eyni anda tutub hər iksinin işini sənətkarlıqla yerinə yetirməkdən ötrü operator-jurnalistdən nə tələb olunduğunu araşdıracaqdım. Jurnalistlərin kumiri olan Milli Qəhrəman haqqındakı diplom işi bir çox tələbələr üçün maraqlı olsa da mənim payıma düşmüşdü.

Elə o vaxtlar həyəcanla ANS teleşirkətinə getdiyimi və Vahid Naxışla olan görüşümü xatırlayıram. Milli Qəhrəman haqqında və ya sadəcə qardaşı haqqında diplom işi yazanın buna layiq olduğunu öyrənmək baxımındandırmı, ya nədənsə Vahid bəy mənə yardım etmək əvəzinə “Nə yazacaqsan ki ?!-dedi. “Sizin üçün kumirdirmi, o?” Hətta onun mənə söylədiyi bu günə qədər heç yerdə heç kimə demədiyim bu cümləsi də xatirimdədir. “Biz heykəllərin daşında siqaret söndürəcək qədər o “kumirlərə” hörmətsizlik edə bilirik illər sonra”. Onun o zaman dediklərini “Yazmağı bacaracaqsanmı” ironiyası kimi qəbul etdim. Mirşahini də ilk dəfə o zaman görmüşdüm. Hətta Vahid Müstafayev (Naxış) gülə-gülə elə tutduğum ironiya ilə bu “Çingizdən diplom işi yazmaq istəyir”-deyəndə o zamanlar çoxlarının sevimlisi olan Mirşahin də eyni ironik gülüşlə baxmışdı mənə.

Vahid Mustafayevə “siz mənə onun çəkdikləri kadrları verməklə yardımçı ola bilərsiniz, başqa bir şey istəmirəm”-dedim. O, qarşısındakı vərəqə telefon nömrələri yazıb mənə uzatdı. “Seyfullanın ev və cib telefonlarıdır, ona zəng elə, o sənə kömək edər”-dedi.

Mən Seyfulla Mustafayevlə görüşmək üçün evlərinin yanına qədər getsəm də, “Gəl deyib, sonra indi işim çıxdı, başqa vaxt” –deyib ötüşdürdüyü situasiyalarla hələ çox qarşılaşacaqdım və onların sayını itirmişdim. Səbrimimi sınamaq istəyirdi? ”Bu adamlar özlərini bütmü sayırlar “-deyə içimdə bir hirs oyanmışdı. Necə olur-olsun məndən qaçanı sonuna kimi qovacaqdım. Görünür o da bunu istəyirdi. Bir gün özü zəng edib, özünün işlədiyi səsyazma studiyasına çağırdı məni.

Və nəhayət… Söhbət 1999-cu ildən gedir. Mən gözləyiridm ki, Çingiz Mustafayevin çəkdiyi kadrlar olan bütün videokassetləri mənə verib, “baxıb sonra qaytararsan”- deyəcək. O, “birlikdə baxaq və sənə lazim olan kardları göstər yazaq və sən götür”- dedi. Əslində məni bununla bir yükdən, kasset yazdırmaq yükündən azad etmişdi. O əsnada mənə söhbətləri ilə də yardım edəcək qədər həlimləşmişdi bu adam. Mən onun çəkdiyi kadrlara baxib, “burada saxlayın, bunu köçürək”- deyincə, hər dəfəsində maraqla üzümə baxırdı. Tutduğum kadrlar onun marağını çəkməkdən əlavə deyəsən xoşuna gəlmişdi.

Bütün bunları xatırlamaqda məqsədim mənim Çingizlə yaxılığımı onun yaradıcılıından dolayi göstərməkdi.
Demək istədiyini kadrların dili ilə ifadə etmək, deyilməsi o zaman üçün bəlkə də mümkün olmayan bir çox mətləbləri işarə dili ilə anlatmaq vardı yaradıcılığında. “Teatr asılqandan başlayır”- deyən Stanislavski sayaq qarderobda duran qadını danışdırmaqla bir tezis də o yazdı. “ Milli məclis qarderobdan başlayır”-tezisi.

O kadrda “siyasət və qarderob” – “siyasətçi ilə paltarasan ” qarşılaşması və ya qarşıdurması yaratmaq istəmişdi.
Mən o diplom işini yazanda opertor və ya jurnalist peşəkarlığından daha çox işini yanğı və tutqu ilə görən sadə bir azərbaycanlı gördüm. Təbii ki, onun da bu dünyada özü üçün müəyyən etdiyi bəlli hədəfləri olmamış deyildi. Amma səmiliyyətdən doğan sevgi və cəsarətlə xüsusi istəklərini unudub–şəxsi mənafeyini ümum üçün qurban vermək vardı onda-bu idi onun özünəməxsusluğu.

Onun haqqında bəlkə ən zəif yazılan yazıdır. Bu gün dünyaya göz açıb bir başqa həyat düşünən, bəlkə o həyatın içində məşhurluq istəyi olmayan, bəlkə tam tərsi dünyanı qucaqlamaq istəyində olan hər dövr, hər zaman üçün gənc qalacaq, Milli Qəhrəmanlığını özü öz kadrlarıyla qazanan qarşısında borc saymadığım rəgbətimi göstərmək istədim, bu yazımda.

O cəsarəti üçün əfv diləməyən, haqq üçün susmayan, getdiyi yolun ölümünü, qazamatını gözə alaraq bu günün “qəhrəmanlarından” və “qəhrəmanlıqlarından” fərqli, fərqində olmadan sadəcə Vətən sevgisiylə bazarlıq etmədən, mükafat gözləmədən bir yola çıxdı. Operativ, eksklüziv kadrlar çəkib üstündə Çingiz yazılsın deyə yox, Çingiz olaraq çəkdi. “Kadrlar Çingiz Müstafayevindir” cümləsi ilə “Çingiz Mustafayevin kadrlarıdır” arasında fərq görünməyə bilər, amma bir də vurgüya baxın, o zaman nə demək istədiyimi anlarsınız.

Çəkdiyi kadrın qəhrəmanı olmaq! “Çingiz Mustafayevin kadrlarıdır!” –bu!

Tünzalə Vəliqızı, Moskva
29.08.2012


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir