Bu yazının yazı gəlsə..


Moskvaya qar yağır. Bəmbəyaz örtüyü altından boylanan  dünya  bir ayrı cür görünür. Kirləri təmizlənmiş, barıt qoxusu itmiş, son günlərin gərginliyini bir az olsun soyutmuş kimi. Adamın içinə bir hüzur dolur. Keşkə keçici bir hüzur olmaya deyirsən. Və…  O təsadüfi qarşılaşma bu sehri pozur.

Arada əliylə ağrıyan ayağnı tutub alıcılara xidmət edən o cavan oğlan. Üzdən heç də bizə oxşamayan azərbaycanlı. Ala gözlərinin dərinliyində yorğunluqdan daha çox peşimançılıq daşıyan  keçmiş kəşfiyyatçı.

II Qarabağ savaşının qəhrəmanlarından, üç rayonumuzun alınmasında şücaət göstərdiyinə görə təltif olunan könüllü əsgərlərimizdən biri olduğu haqda mağaza sahibi olan tanışım məlumat verdi.

-Haqqında yazsam olarmı?

-Özündən soruş, sonra…

Qısa arayış: Ali Baş komandanın çağırışına ilk səs verənlərdən- könüllü yazılan və gedənlərdən biridir Elvin Abdullayev. 1986-cı ildə  Gədəbəy rayonunda doğulub. Həqiqi hərbi xidmət keçib. Ailəlidir. 11 və 10  yaşında 2 övladı  var. Qubadlı, Zəngilan və Laçının alınmasında  göstərdiyi şücaətə görə təltif olunub. Laçın istiqamətində gedən döyüşdə bölüklə birgə mühasirəyə düşüb və bütün  bölüyü əvvəllər kəşfiyyat batalyonunda olduğuna görə  mühasirədən çıxarıb. Yaralı silahdaşını döyüş meydanından çlxararkən  ayağından yaralanıb. Hospitala getməsini istəsələr də inadla yoldaşları ilə qalıb vuruşacağını deyib və vuruşub.

-Niyə burdadır-(Moskvada) sualını vermək məntiqə uyğundurmu? Burada olanların çoxu  niyə buradadır,  sizcə?!

***

“Başqalarının sənin  haqqında nə düşündüyü önəmlidirmi?!” Bütün psixiatr həkimlərdən, filmlərdən, seriallardan, elə həyatda bizə dəstək olanlardan da eşitdiyimiz –dərman olacaq nəsihət….

Elə isə niyə  “həyat müştərək yaşananda gözəldir”, “sevinc paylaşıldıqca çoxalır”, “kədər bölününcə azalır”, “birlikdə güclüyük”….-deyirik. Nədir bu indi?  “Tik-tok” cəfəngiyyatımı?. Çünki  cəfəngiyyatların “laykı” (bu “like” kəlməsi orijinalından olsun deyə bir az havalı kəlmədir) çoxdur. Ya da olması üçün min dona girmək deyil, elə donu soyunmaq da bəs edər. Hamısının sonunda  bir məqsəd var?

-Nə var? Məhşur olmaq, şöhrət, yoxsa…?

-Onların da olması üçün  pul qazanmaq. Çünki pulun varsa hər şeyin var- deməkdir. “Bircə şərəf satılmır” dediyiniz o şərəf var ha, onun da  “sizsizliyini” pulla basdırmaq olur. Olursan sərəfli… Şərəf….

 “Bu şərəfi bizə yaşatdığınız üçün sizə borcluyuq” “Qarşınızda baş əyirik” kəlmələri də boğazdan yuxarı deyilmiş sözlər kimi  səmimi gəlmir mənə. Çünki kimsə kimsənin  yerinə borcunu  qapatmır.

Bəzən düşünürsən ki -son zamanlar  düşünən çoxdur- çox şey də düşüncədən uzağa getmir. Sadəcə “qlamurlu, kreativ”  düşüncəni süsləyib sərgiləməklə -özünüreklama xidmətlə məşğuldur çoxu.  “Sənin haqqında nə düşündükləri önəmlidirmi”-önəmsizliyi də bəlkə bununla  həmahəngdir. Çünki o başqaları üçün sən bir günlük gündəmdən uzağa getməyən və ya səni dəyərsizləşdirib özünü  dəyərə mindirmək üçün  aralıqda qaynayan vasitəsən, məlzəməsən, materialsan, hər nəsən. Hansı daha yerinə düşəndirsə onu qoyun sonuna. Çünki çoxunu çoxdan yerə düşürmüşük.

 Niyə əsəbiyəm, nəyə qəzəbliyəm? Bu yazıdan yağan  acıq nəyin acığıdır-təəssüratı yaratdı, düz demirəmmi.

Cavabını verməmişdən əvvəl. Elə əvvələ qayıdım qısa. Çox əvvələ qayıtmayacağam. Çünki çox əvvəl də elə günümüzün içində əvvəlin indisidir. Aktual olanı yəni. Sadalamayacağam da. Çünki bilənlər bilir, bilməyənlər də bilmək istəmir. Hamının özünə görə gündəmi var.

Ən əsası bir az əvvəl –elə ötən ilin ikinci yarısına kimi “geri alındığını  görsəm, ölənə qədər dərdim olmaz” dediyimiz  Vətən həsrətimiz vardı. Şükürlər olsun aldıq. Kim hansı rakursdan baxıb, kimin sayəsində kimin diktəsi ilə aldığımıza icazə verildiyini önəmsəmədən həm də. Şərəfimiz-namusumuz dediyimiz torpaqlarla bərabər yerə düşürdüyümüzü yerdən götürüb bizə verdilər. Vətəni qoruyanlar, onu sənə, mənə  qaytaranlar.

Elvin nə tanıtmağımı istədi, nə yazmağımı. Sadəcə orada aldığı mühafizəçi maaşı  ilə dolana bilmədiyi üçün buraya gəlmək məcburiyyətində qaldığını dedi. Həm də xəcalət çəkə-çəkə. Sanki o  maaşla dolana bilməmək onun suçuymuş kimi. 

Fonunda durub şəkil çəkdirdiyiniz  Şuşa, Laçın, Kəlbəcər, Qubadlı, Zəngilan, Ağdam, Cəbrayılı…. mənimsədiyiniz kimi mənimsəyin “Dəmir yumruğu” yumruq edən – barmaq  olanları.

Mənimsəyin, şərəfinizi yerdən qaldırıb  sizə qurur yaşadan o oğulları!

“Gərəkirsə yenə getməyə hazıram”- deyib düşmən önündə nərə dönən, lakin “Vətən” kəlməsi gələndə gözü dolan  Elvini.

-Indi neynəyim, mənim ona borcummu var?

-Gerçəkdən sənin ona borcun yoxdurmu? Sən bu azad olunan Vətəni ona borclu deyilsənmi?

Bir az da bunu düşünün. Br az da bu yöndən sahiblənin. Ailəsini dolandıra bilmədiyi üçün –sanki bu onun suçuymuş kimi xəcalət çəkdirdiyiniz, sizi bir ömür xəcalətdən qurtaran Elvinləri düşünün!

Hanı, bu klişelər də var. “Həyat insana bir dəfə verilir. Və hər kəs öz həyatını yaşamalıdır”. Elə isə sənin o həyatı firavan yaşamağın üçün bir dəfə verilən ömrünü ərməğan edənlər bunun harasındadır? O, onun övladlarını yaşatmaq da mənim, sənin, bizim borcumuz deyilmi?

Başqasının sənin haqqında nə düşündüyü önəmli deyil bəlkə. Amma həyat başqası dediyimiz insanlara görə tənzimlənən və yaşanan yerdir! Təkcə özün üçün yaşamadığın yer həm də! Bir də bu yöndən düşünün!

Yenə həzin-həzin qar yağır. Təkcə Moskvayamı yağır? Özüylə göylərdən bərəkət endirən qar hələ taleyinin məşəqqəti bitməyən Şuşaya, Laçına, Kəlbəcərə…də yağır. O dilbər güşələri üçün sağlamlığından olmuş Elvinlərin başına da. Bu yazının yazı gəlməsi üçün bir də bu pəncərədən baxın!

Tünzalə Vəliqızı, Moskva
02.12.2021
Yenises.ru


2 thoughts on “Bu yazının yazı gəlsə..

  • 02.12.2021 tarihinde, saat 19:40
    Permalink

    Kaşki yazdıqlarınızın, yandıqlarınızın, ürəyinizdən keçən giziltilərin ondan biri görəvlilərin, mənsəb və ixtiyar sahiblerinin qəlbinə azacıq da olsa mərhəmət, insaf, vicdan, qayğı toxumu səpəydi!
    Vətəni sevmək də olarmış, sağmaq da! Yəqin hər kəsin öz vəzifəsi, öz qisməti varmış…
    Yazan əllər var olsun, Tanrı Sizi qorusun, Tünzalə xanım!

    Yanıtla

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir