Deməsinlər ki, zorlanmışıq


Deməsinlər ki, zorlanmışıq
“Əlləri ilə bacısı qızını boğaraq öldürüb””. İsti-isti yayılan kriminal xəbərin son cümləsidi. İlahi, bizim qulaqlarımızda kriminal xəbərin dramatik eşidilməsi sevgisi hardan yaranıb. “”Öz əlləri ilə…”” Dostlar, bu söz o qədər gözəldi, o qədər pakdı ki, onu qatilin simasını canlandırmaq üçün yazmaq, onu dəhşətin çəkisini çoxaltmaq üçün xərcləmək, öz əlləri ilə sevgilisinə gül verən, öz əlləri ilə balasının saçlarını tumarlayan, yeriməkdə çətinlik çəkən anasını öz əlləri ilə həkimə aparan, öz əlləri ilə tikən, yaradan insanların xətrinə dəyər axı.

“Qardaş bacısını zorladı”. Kim istəyər bu xəbəri onun qızı oxusun? Dostlar, özümüzü çaşdırmayaq. Kənardan bilirsiz necə göürünürük? Sanki təkərə düşmüşük. Dünyanın ömrünü öz həyatımıza hesablayırıq. Hakimiyyətdəkilər əbədilik xülyasında, müxalifətdəkilər ədəbilik. Bəs cəmiyyət? Sənin, mənim uşağım?…

Doğulanlar doğulmayanlara qibtə edir. Boğulanların üzü gülür ki, canlarını qutardılar.

Rezin güllə atan avtomatı konkret hədəfə tuşlayan gördüm onu. Pelevinin “Snayperin səhəri” hekayəsini xatırladım. Çardağın pəncərəsindən növbəyə dayanan adamları bir-bir “dənləyir”. Hər atanda belə səs çıxarırdı- “tfum”. Daha “bum!” yox. Adamı səsiz öldürərlər. Rezin güllə atan qardaşımızın isə avtomatından çıxan səs dünyanın hər yerində eşidildi. Məqsəd adam öldürmək deyilmiş ona görə. Güllələr rezindisə daha özünü Pelevinin qəhrəmanı kimi niyə aparırsan, dost?

Hə, səs çoxdu. Daha buranın adamları Kafkanın “Sükançı” pritçasındakı obrazlar deyil, sükanı kapitanın əlindən alsınlar, matroslar fiqurlar kimi sussun. Buna sevinmək lazımdı. Deməli, cəmiyyət var. Deməli, bura mağara deyil. Deməli, bütün dünya bilir ki, Azərbaycanda müasir düşüncəli insanlar yaşayır. Qışqırmasaq həm də necə yaşadığımızı dəqiq bilərlər. Kriminal xəbərə qan rəngindən daha qırmızı olan rəng qatmaq nəyə lazım?

Cəmi 6 nəfər danışır. Üçü müxalifətdəndi, üçü iqtidardan. Əli Əhmədov, Siyavuş Novruzov, Mübariz Qurbanlı – İsa Qəmbər, Əli Kərimli, Eldar Namazov. Elə bil bizim ölkəni bu 6 nəfər əkib. Əkilmiş ölkəni heç olmasa doğan da olmalıdı axı…Yoxsa “Onu doğan ananı öldürdü” başlığından çaşqınlığa düşmüşük. Yoxsa elə bilmişik ki, öldürülən ana bu məmləkəti doğan imiş?..Bəlkə də düz anlamışıq.

Əlbəttə hamımız ayr-ayrılıqda xoşbəxt, birlikdə bədbəxtik. Zorlanan bacı bizim deyil, ərini bıçaqlayan qadın qardaşımın anası hesab olunmur. Ailəsini doğrayan atadan şəxsən mənə nə var… Xoşbəxtəm ki, mənim belə qardaşım, belə anam, belə atam yoxdu. Sənin də yoxdu. Amma onun var. Bax o bizik, birlikdəki formamızdı. Bədbəxtliklə haşiyələnmiş formamız.

Bilirdim ki, Gülüstan müqaviləsinə qədər 410 min kavadrat kilometr olmuşuq, bilirəm ki, 65 min kvadrat kilometrə çevrilmişik. Keyimişəm deyə, fərqinə varmamışam. Tarixçi dostlarımdan biri isə bu rəqəmləri daha detalları ilə səsləndirəndə diksindim. Nə?.. 6 rəqəmlidən, 5 rəqəmliyə qədər azalmışıq?.. Azala-azala gedirik?.. Bu gedişlə bir rəqəmli ola bilərik və o rəqəmin də adı sıfır?.. Bəlkə aydınlıq gətirək, kim-kimi zorlayıb? O bişərəf var e, bacısına göz dikən, axı əvvəlcə onun babası, sonra atası, daha sonra özü zorlanıb. Qovula-qovula küncə sıxışdırılan adamı onu sıxışdıran əvvəl-axır zorlamalıdı da…

Belə xəbərləri yazmayaq, dostlar. İşğal tarixlərimizi əzbərləməyək. Faciələrimzin şəkilləri ilə saytları doldurmayaq. “Onlar zorlanıblar” tanıtımı ilə təqdim olunmayaq.


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir