DEYİNGƏN — Dİ GƏL DEYİNMƏ


DEYİNGƏN -- Dİ GƏL DEYİNMƏ

Yayın cırcıraması adamda deyinməyə də hal saxlamır. Moskvanın altı-yeddi aylıq ağlı-qaralı qışı gözünün önünə gələndə də fikirləşirsən ki, burada hər günəşli gün Yaradanın lütfüdü və bundan şikayətçi olmaq nankorluq olar. Son günlərin hadisələri elə sürətlə cərəyan edir ki, nəyə necə qiymət verməyə macal tapmırsan. Bir də bura yaşı, bir də anadangəlmə tənbəllik mərəzini əlavə et, dur tamaşasına. Amma, ancaq və lakin… Elə məsələlər var ki, yanından keçmək asan deyil.

Rus jurnalisti İvan Qolunovun məsələsi 2019-cu ilin yayına və Putin iqtidarının təməlinə damğa vurdu desəm, məncə, Amerika kəşf etmərəm. Azərbaycan jurnalisti (nə qədər ağzıgöyçək ona bu ünvanı yaraşdırmaq istəməsə də) Fuad Abbasovun məsələsi Putin iqtidarında və Əliyev hakimiyyətində çözülməsi mümkün olmayan bir riyazi tənlik halına gəldi və özəyi sarsılmış, budaqları çürümüş, gövdəsini paxıllıq, qısqanclıq, savadsızlıq və səbatsızlıq qurdları gəmirən diasporamızın üstəlik dişlərinin də töküldüyünü üzə çıxartdı desəm, özünü hələ də diasporada bir nəmənə hesab edən beş-altı nəfərdən başqa hamı razılaşacaq. Razılaşmayanların hər birinin təmkinli, ağlabatan, məntiqli dəlillərini, etirazlarını dinləməyə hazır olduğumu da deyim ki, biləsiniz.

Bu deyinməmin əsas səbəbi isə bambaşqadı. Torpaqlarımızın beşdə birini işğal edib 28 ildir boşaltmaq barədə fikirləşməyən, üstəlik əyilə-əyilə gəlmədən Yallı gedən qonşularımızın mətbuatdan tutmuş hərbi sahəyə, siyasətdən tutmuş təbabətə, əlqərəz, təkcə Rusiyada yox, yaşadıqları bütün ölkələrdə hər sahəyə nüfuz elədiyini hamımız görür, yana-yana deyinir, hər yerdə onların havadarları olduğundan gileylənirik. Bəzən bir verilişdə üç erməni “mütəxəssisi” iştirak edir, ən azından birinin, üzr istəyirəm, “ağzından horra tökülür”, o biri ikisinin ona etiraz etdiyini görən olubmu? Əksinə, hələ o sərsəmləmələri açıqdan-açığa müdafiə etməyə çalışırlar. Bəlkə də (mən deyərdim, mütləq) öz aralarında, öz dillərində ona düzəliş verirlər, amma başqalarının yanında yox. Biz nə edirik? Əvvəla, bizim özümüzün təmsil olunduğumuz qurumdan böyüyü, əzəmətlisi, haqlısı, legitimi yoxdur havasına giririk, ikincisi də bizdən fərqli durumda olanları qəbul etmədiyimizi mütləq rusca (təbiidir ki, mən Rusiyada olan qismimizi deyirəm) və gür səslə bildiririk. Ad çəkib yenə onsuz da dolaşıq kələfə bir yeni düyün vurmaq istəmirəm. Nə demək istədiyimi bu yazını oxuyan və öz qüsurlarının əksini burada görən həmkarlarım yaxşı anladılar. Çünki dünən bir “cəbhədə” olan iki “arkadaş” öz rəislərinə sədaqət nümayiş etdirərək dəridən-qabıqdan çıxırlar. Mətləbi üzatmadan deyirəm: gəlin narazılığımızı öz aramızda həll edək, feysbukda şəxsi səhifə var, başqa üsullar var. “Sən özün niyə yazırsan” deyib mənə irad tutanlara da bildirirəm, ana dilimizdə, özümüzün bildiyimiz və tədbir görə biləcəyimiz məsələləri müzakirə edək. Başqalarını öz xəbisliyimizə, cılızlığımıza güldürməyək. Bu nəsihətbazlıq deyil, təklifdir. Onsuz da durumumuz acınacaqlıdır. Bu yayın istisində bir az da qıcqırtmayaq.

Cəfər Sadıq,
20 iyun 2019-cu il.

Moskva


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir