Deyingən- KORONABLOGER



Ramazan bayramınız mübarək! “On bir ayın sultanı” olan bu müqəddəs imtahanı uğurla verənlərin hamısını ürəkdən təbrik edir, oruclarının, namazlarının, Yaradana əl açıb dilədikləri duaların qəbul olunmasını diləyirəm. Dünya əməlisaleh insanların doğru əməlləri, saf diləkləri ilə ayaqda durur fikrinə bir an belə şübhəm yoxdur. Günümüzün jurnalistika fatehi Aydın Canıyev dostumun dəfələrlə yerində və ustalıqla ifadə etdiyi kimi, “amma, ancaq və lakin…”

Bu bir ayda bir neçə dəfə hirsimi əndazədən çıxaran olaylara, cavabı verilməli olan hədyanlara, əsli-astarı olmayan böhtanlara, tükürpədən xəyanətlərə şahid olsam da, koronavirus təcridindən tıncıxmış, “ətəyində namaz qılınacaq” müsəlman olmadığım halda, “varmı öylə müşkül ki, səbrlə asan olmaya” deyən şairin “təlimatına” əməl edərək səbrimi basdım. Amma artıq yetər!

Jurnalist Fuad Abbasovun Rusiya mərkəzi telekanallarında çıxışları onu az vaxtda tanınan simaya çevirdi. Onun populyarlığı ilə pərəstişkarlarının və paxıllıq edənlərinin sayı paralel şəkildə inkişaf etməyə başladı. Fuadın tərəfdarları və əleyhdarları üçün şəxsən necə xidmət etdiyini bir yana qoyaq, nəticə ortadadır: əvvəlki yazılarımda da qeyd etdiyim kimi, Fuad o qədər “çoxşaxəli” işlədi ki, Moskva azərbaycanlılarının rəsmiyyətdə olmayan və bir-birinə salam verməyən onlarca təşkilatkimiləri bir araya gəlib Fuadı Rusiyaya və Moskvaya həsrət qoydular. Və bu işdə elə həvəslə çalışdılar ki, indi Fuadı mən “deport elətdirdim” az qala bir brend olub. Bu “köhnəlmiş” xəbər niyə gündəmə gəlib deyə soruşmaq istəyənlərə cavab verirəm: Fuadı “zərərli”, “böhtançı”, “sifarişlə işləyən” damğaları ilə hallandıran blogerkimilər məni məcbur elədi. Əziz blogerkimilər, siz, mənim fikrimcə, Fuadın yetirmələri olduğunuzu etiraf etməli, məhz onun sayəsində ekrana çıxmaq cəsarəti topladığınızı, Azərbaycan dilinin qrammatikasını doğru-dürüst bilmədiyiniz, diktorluq, aparıcılıq, reportyorluq haqqında təsəvvürünüz olmadığı halda ekrandan kütlələrə müraciət etmək “məharətini” sizə youtube kanalının və ya Facebookun deyil, məhz Fuadın aşıladığını boynunuza almalısınız.

Hə, deyəcəksiniz ünvanlı yaz, kimi nəzərdə tutursan? İnanın, kimin nəzərdə tutulduğunu ünvan sahibləri artıq bilirlər, hətta Deyingənə qəzəb dolu “cavablar” hazırlayırlar.

İndi votsapda və digər sosial şəbəkələrdə çoxsaylı qruplar yaranıb. Əslində bu qruplar nə qədər xoş məramla yaranmış olsa da yaradıldıqları amaldan çox, istedad, qabiliyyət, düşüncə tərzini nümayiş etdirən tribunadır. Qruplardakı çıxışlar bu gün dünyanın müxtəlif ölkələrində yaşayan, qəlbləri Vətən eşqi ilə döyünən çoxsaylı ziyalılarımızı bir araya gətirir. Amma bu qruplarda da intriqanlar, şəxsi incikliklərini ictimai, sosial meydanda həll etməyə çalışan yaşlı-başlı cılızlarımız var. Bəziləri iqtidara “sədaqətdə” elə cidd-cəhd göstərir ki, xüsusi xidmət orqanlarının işini ictimai əsaslarla üstlənərək dörd-beş il əvvəl kimin iqtidar əleyhinə lətifə danışdığını, ictimai təşkilata rəhbərliyə namizədlərin şəcərəsini, kimin “yeddi arxa dönəninin türk”, kimin ulu babasının kürd olduğunu “sübutalnı-dokumentalnı” ortaya qoyur, “ay haray, qoymayın, aydan arı, sudan duru təşkilata” qanıqarışıq namizədlər gəlir” çağırışlarını blogerkimilərin vasitəsilə yaymağa çalışırlar.

Doğrusunu deyim, bu yorucu təhkiyə heç ürəyimcə deyil. Dünyanın az qala qiyamətin astanasında olduğu bir vaxtda, işğal olunmüş ərazilərimizə düşmənin ərzaq-sursat daşıya bilməsi üçün körpülərə izin verildiyi zamanda, “yaxalanan” icra başçılarının, prokurorluq işçilərinin, “mədəniyyət” məmurlarının hər birinin sərvətinin yüzlərlə qaçqını və köçkünü illərlə insan kimi yaşatmağa kifayət etdiyi bir halda blogerkimilərin könül bulandıran “fəaliyyəti” haqqında danışmaq anlaşılan deyil. Nə deyim? Deyingənlik də bir xəstəlikdi.

Cəfər Sadıq,
24 may 2020-ci il.
Moskva


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir