Deyingən MƏN PAXILAM


Deyingən  MƏN PAXILAM
Deyingən olmağım bir yana, qocaldıqca özümdə daha bir mənfi sifətin də olduğunu qətiləşdirirəm. Ölüm-itim dünyasıdı, deyirəm, bunu da kağız üstünə töküm ki, sonra çox təəssüf eləməyəsiniz bilmədiyinizə. Məsələ bundadır ki, mən paxılam. Hər şeyə paxıllığım tutur.

Biri ilə tanış olmuram? Elə iki-üç kəlmə kəsməmiş hiss eləyirəm ki, ağzı söz tutmur. Nə demək olar, insandı da, düşünürsən hamı dilli-dilavər, savadlı olmaz ki? Belə ona haqq qazandırmaq istədiyim yerdə əlini bahalı pencəyinin cibinə salıb qızıl haşiyəli bir vizit kartı verir. Kartın üstündə boş yer tapana əhsən demək olar. Sən demə təzə tanışım o məşhur filmdəki kimi, həm loqopeddi, həm vəkildi, həm şairdi, həm naşirdi. O saat içimdə bir paxıllıq qurdu tərpənir.

Son vaxtlar dəbdən düşsəm də arabir bəzi yığıncaqlara dəvət alıram. Çox vaxt həmin dəvətli məclisə gələndə bir qəribə hissə qapılıram. Elə bilirəm burda bir dəfə olmuşam. Mistikaya elə o qədər inanan da döyüləm. Sonra baxanda baxıb görürəm ki, bu məclisdəkilər elə bir il qabaqkı məclisdə gördüklərimdi. Çıxış eləyənlər də. İnanmazsınız, çıxışlar da. Yenə paxıllıqdan ürəyim partlayır. Adamlar nə qədər sözübir olarmış. Amma yox, ədalət naminə demək lazımdır hər növbəti dəfə çıxış eləyənin təqdimatında bir-iki titul əlavə olur. İnsanların haqqını yemək olmaz.
Deyingən  MƏN PAXILAM
Bir dostumuz var, təxminən əlli il bündan əvvəl Mirzə Şəfi Vazehdən, imanımı yandıra bilmərəm, diplom işimi, dissertasiyamı, nəsə yazıb. O vaxt Mirzə Şəfi də indikindən düz əlli il cavan idi. İlahi, bu adamın Vazeh vurğunluğuna necə paxıllıq eləməyəsən ki, xeyirdə də, şərdə də onun sitatları kişinin işinə yarayır.

Hələ bizim buradakı konqresin prezidentinin Azərbaycan dilində danışmağını eşidəsiniz. Paxıllığım tutur ki, pensiya yaşına çatıram, bu gün də dilimizdə elə danışa bilmirəm.

Özümlə bacara bilmirəm. Adını yazmağı bilməyən adamın şeir yazmağını görəndə paxıllığım tutur. Şair Nəsib Nəbioğlunun təqdimatı ilə Azərbaycan Yazıçılar Birliyinə, Beynəlxalq Yazıçılar və Publisistlər Assosiasiyasına üzv olanların siyahısına baxanda paxıllığımı cilovlamaq bir az da çətinləşir.

Biri başqasının arxasınca olmazın sözləri deyib, “ağ yuyub, qara sərib” o başqasını görən kimi sarılıb öpüşəndə hərarətim paxıllıqdan çıxır kəlləçarxa.

Moskvadakı cəmiyyətlərin adından musiqiçilərimizin milli geyimdə Jirinovskinin hüzuruna toy-bayrama aparıldığını görəndə, niyə mən bünü bacarmıram deyə özümü danlayıram.

Bu gün səsi-sədası azalan bir “lider” məni saytında işə dəvət elədi, hamının da yanında yazım üçün qonorar vəd elədi. Qonorarı verməməyinə yanmadım, amma mənim yazılarımı yoxlamaq istəyinə paxıllığım tutdu. Çünki hələ də mənim ana dilində və rus dilində yazdıqlarımın heç olmasa yarısını axıradək başa düşdüyünə belə əmin deyiləm, amma məni sınaqdan keçirmək kimi iddiası var.

Hələ bu harasıdır? Bu mərəz mənə baha başa gəlir. Məndən xahiş edirlər, haqq vəd edirlər, yazılarımı oxunaqlı hala gətir deyirlər, sonra o yazılarla Azərbaycan Yazıçılar birliyinin üzvü vəsiqəsini alıb mənə dil, üslub dərsi keçməyə təşəbbüs göstərirlər.

Son vaxtlar ədəbi məclisləri restoranda keçirmək dəbə düşüb. Həm də məclisi keçirən də, səbəbkar da maddi imkan sarıdan əksəriyyət kimidir, yəni pulları yoxdur. Amma nədənsə dilimizdə xüsusi çalar qazanmış TƏDBİRİ yeməksiz keçirmək ağıllarına belə gəlmir. Hətta elə tədbir keçiriləndə də axırda çıxışlar, ifalar müzakirə olunmur, “yəqin furşet başqa yerdədi” deyən mızltılar eşidilir. Mənim isə pulu olmaya-olmaya belə məclis keçirənlərə, ora dəvət olunanlara, özümün çağırılmamağıma paxıllığım tutur.

Furşet demişkən, son illərin mübahisəli furşetləri də bir başqa aləmdi. Yanılmıramsa azərrosların ucsuz-bucaqsız davası səngidi, əjdahalar hərəsi bir tərəfdə yaralarını yalamaqla məşğuldur və elə meydan furşet təşkil edənlərə qaldı. Səhv edə bilərəm, amma mənim paxıl fəhmim mənə bunu deyir.

Uzun müddət əvvəl yaranmış bir cəmiyyətimiz də var. “Ocaq”. Bəzən gur yanır, bəzən öləziyir. Əvəzsiz lideri də onu gah Türkiyədən idarə edir, gah Azərbaycandan. Vaxtilə sədaqətli ocaqçısı olduğum bu təşkilatın uğurlarına ayrıca qısqanc paxıllığım var. Banan dövlətlərinin iqtidar partiyası kimi, hamını işlədib özünün adına çıxmaq məharətinə paxıllığım tutur.

Əslində “Sehirli xalat” filmində deyildiyi kimi, misilsiz zəmanədə yaşayırıq. Birini irəli seçdikmi, başımızda qoz qırsa da, qul haqqını yesə də, əlində rüşvət tutulsa da son nəfəsimizə kimi sədaqətlə qulluğunda durarıq. Mənim kimi paxıllar olmasa.

Cəfər Sadıq,
4 noyabr 2015-ci il

P.S. Yazdım, oxudum, paxıllığımın miqyasına baxdım, paxıllığıma da paxıllığım tutdu.


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir