DEYİNGƏN – SERBİYA İTALİYADAN UZAQDI,


YAXUD GÖYDƏN ÜÇ ELDAR DÜŞDÜ

“Sən bizim bu dağlar pələngi qəhrəman Eldara bax!” demişdi bu gün ağzıgöyçəklərin təftiş eləməyə qalxdığı Səməd Vurğun. Onun Eldarı bir şair təxəyyülünün məhsulu idi. Amma bu gün əsil dağlar pələngi Eldar… “dövlət büdcəsindən ayrılan pulları təyinatı üzrə xərcləmədiyinə görə” tutulub. Respublikanın baş prokuroru olmuş adam “üçbadambirqoz” ölkələrində Səfir olanda tamahına güc gələ bilməyib. Uzun illər onun müdiri olmuş (bu da bir ayrı dərddi, kimi kimə müdir qoyurlar?), həmin büdcə pullarının ayrılmasında və xərclənməsində məsul Elmar Azərbaycanın xarici siyasətini evdən idarə etdi və sakitcə “İstanbul-Bakı trafiki ilə” getdi dincəlməyə. Onun Səfir olduğu müddətdə respublikada dövlətin təhlükəsizliyi keşiyində duran ikinci Eldar ölkəni lərzəyə saldı, təhlükəsizliyinə (deyilənlərə görə) təhlükə yaratdı və sakit-səssiz getdi öz işinin dalınca. Bu qarqaşada daha bir Eldar (üçüncü) barədə qara xəbər gəldi.

DEYİNGƏN -- SERBİYA İTALİYADAN UZAQDI,

Birincidən də, ikincidən də çox Azərbaycana səs gətirən, səsi Luçano Pavarotti, Plasido Dominqo ilə bir səhnədə La Skalanı, Metropoliten operanı, adları sadalanmaqla bitməyəcək dünya sənət məbədlərini heyrətə salan Eldar Əliyev İtaliyada kimsəsiz, yiyəsiz-sahibsiz fağır adıyla dünyadan köçdü. Onun ölüm xəbərinə dözə bilməyən onlarca, yüzlərcə həmvətənimiz hiddətlərini gizlədə bilmir, Serbiyada xərclənən pulun qəpiyinə görə Səfir tutanların iki milyonluq saat taxan və ilk hıçqırıqda saatdan da, yanındakı qızdan da imtina edən gənclərin məmur atalarına gözün üstə qaşın var deməməsi, mədəniyyət nazirinin fəxri ad, ünvan təqdimatında Eldar Əliyevi nəinki irəlı sürmək, hətta Milandakı həmyerlimizi illərlə görməməsi bizim bu günümüzün acısını, sabahımızın dəhşətini ortaya qoymurmu?.

Mən coğrafiyadan çox zəifəm, elə bilirəm Milan Serbiyadan da, Monteneqrodan (Çernoqoriyadan) da bizə daha yaxındı. Okeanın o tayindan Azərbaycan haqqında söz deyənlərin yaxınlarının dərisinə od təpənlər, burdan-bura Eldarın birini görüb, birini görməyənlər, biz hara gedirik? Azərbaycan dünya ölkələri siyahısında yeri olan, adının əlifba sırasında öndə gəlməsini saxlayan müstəqil dövlətdir. Absurd addımlarla bu ölkəni cəngəllik qaydaları ilə yaşayan toplum vəziyyətinə gətirənlər, yaxud belə təsəvvür yaratmaq istəyənlər, biz dünyaya nəyin nümunəsini göstəririk? Daha neçə eldarların laübalı taleyi bizim məntiqə sığmayan addımlarımızdan xəbər verəcək? Rəhmətlik Bəxtiyar Vahabzadənin sualı təzəliyini itirmir: Hara gedir sabahımız?

Eldar Həsənovun para-pul məsələsinə gəlincə, məşhurların bir kəlamı yada düşür: Köhnəlmiş çəkmələrimi gülməyə vadar etməyin!

Cəfər Sadıq,
15 avqust 2020-ci il.
Moskva


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir